Binəqədi kəndində evlər, həyətyanı sahələr suya qərq olub
“Evləri, həyət-bacanı su basıb, bütün əşyalar - mebellər, yorğan-döşək, qab-qacaq hamısı suyun içindədir. Evlərin içində də, çölündə də qrunt suları dizə çıxır. Hər gün evin içindən vedrələrlə, qazanlarla su daşıyırıq”.
Bura nə kükrəmiş Kürün su basmış ərazisidir, nə də yaz daşqınlarından sonra coşqun dağ çayının qəzəbinə tuş gəlmiş səhra. Bura gündən-günə gözəlləşən, müasirləşən Bakının bir neçə kilometrliyindəki Binəqədi kəndidir. Paytaxtın ən böyük kəndlərindən sayılan bu yaşayış məntəqəsinin suya qərq olmuş evlərinə baxanda lap Braziliya cəngəlliklərində çəkilmiş filmlər yada düşür: kiçik, amma zövqlə tikilmiş evlər, yarımçılpaq vəziyyətdə qurşağa qədər çıxan çayın ortasında gəzən adamlar, səthi yaşıl mamır bağlamış gölməçənin üzərində üzən ağac və taxta qırıntıları...
Paytaxt əhlinin “DSK” adlandırdığı keçmiş Evtikmə Kombinatının yaxınlığındakı yeni məhəllədəki evlərin az qala hər birinin qarşısında şalvarını, tumanını dizinə qədər qatlamış kişi və qadınların çirkli gölməçələrlə necə mübarizə apardığını görmək olar. Dörd tərəfini su basmış evlərdən birinin sahibəsi Tamara xala bayaqdan bəri evin içərisindən daşıdığı suyu bir qədər aralıdakı arxa boşaldıb vedrələri yerə qoyur. Qolunun sarı lilini təmizləyə-təmizləyə gah icra hakimiyyətinin, gah da “Azərsu ” nun ünvanına gileylənir. Deyir ki, Bakının bir neçə kilometrliyində yerləşən Binəqədi kəndinə indiyədək kanalizasiya xətti çəkilməyib. Bu səbəbdən də bir balaca yağış yağan kimi nisbətən çökək ərazilərdə yerləşən evləri su basır: “Evlərdən su daşımaqdan qollarımızda taqət də qalmayıb. Tədbir görülməsə, bu evlərin hamısı uçacaq. İcra hakimiyyətinə, “Azərsu”ya müraciət eləmişik ki, bura kanalizasiya çəkilsin. Kanalizasiya xətti olsa, həyətlərdəki su çəkilib gedəcək. Amma hələ tədbir görən yoxdur, görək axırı nə olur?!”
Doğrudan da min bir əzab-əziyyətlə özlərinə ev-eşik düzəltmiş bu kasıb və çarəsiz insanların belə şəraitdə yaşaması sözün əsil mənasında ölüm-dirim mübarizəsidir. Buradakı evlərin əksəriyyətində məişət avadanlıqları yararsız hala düşüb. Qonşular bir-birinə gediş-gəliş üçün üst-üstə düzülmüş daşlardan, taxta materiallardan ibarət keçid düzəldiblər.
Duzlu su evləri “yeyir”
Kəsəsi, yolu Binəqədi kəndinə düşən hər kəs “DSK”-nın yaxınlığındakı məhəllələrin bu mənzərəsini müşahidə edə bilər. Burada su o qədər dərindi ki, hətta onlarla ailə öz evlərini tərk etmək məcburiyyətində qalıb. Habil Bayramov adlı sakin su dolmuş evlərin əksəriyyətində yaşamaq mümkün olmadığından mənzil sahiblərinin bir hissəsi yaxın qohumlarının evinə köçdüyünü, yaxın ərazilərdə kirayə evlərdə məskunlaşdığını deyir. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həyətyanı sahələrdən suyu çəkməyə çalışsalar da, hələ də evlərin əksəriyyəti gölməçənin əhatəsindədir: “Nazirliyin əməkdaşları həyətlərdən suyu nasoslarla qurutmağa çalışır. Bir-iki gün əvvəl bizim də həyətdə işləmişdilər, artıq evin içərisindəki su xeyli çəkilmişdi. Amma dünən işdən qayıdanda gördüm ki, yenə hər tərəfi su basıb. Artıq evdə yaşamaq mümkün deyil, ona görə də uşaqları və yüngül əşyaları aparıb yığmışam qohumun evinə”.
Habil Bayramov deyir ki, buradakı evlərin çoxu 5 pilləkən hündürlükdə tikilib. Bununla belə, su yenə də evlərə dolur. Nəticədə, onlarla ev qəzalı vəziyyətə düşür. Həmsöhbətimiz bildirir ki, ərazidə kanalizasiya sistemi olmadığından yaxınlıqdan keçən qrunt suları evlərin divarlarını da yuyur: “Bu boyda pullar xərclənir, yollar körpülər salınır, Oğuzdan Bakıya su xətti çəkirlər. Amma burdan-bura bu məhəlləyə kanalizasiya xətti çəkmirlər ki, bizim də canımız bu zülmdən qurtarsın”.
Sakinlər bildirirlər ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət ediblər. İcra hakimiyyətindən cavab bu olub ki, problemi “Azərsu” ASC-nin Bakı Sukanal İdarəsi həll etməlidir. Yəni “Azərsu” təcili şəkildə həmin ərazidə kanalizasiya sistemi qurmalıdır. Əks halda, Binəqədi kəndində bu evləri subasmadan xilas etmək mümkün olmayacaq.
“Azərsu” da vəziyyəti bilirlər
“Azərsu” ASC-də isə bildirirlər ki, əraziyə axan kanalizasiya suları deyil, qrunt sularıdır. Qrunt sularını Binəqədi rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası qurutmalıdır. Səhmdar Cəmiyyətdə evlərin çökək ərazidə tikilməsi səbəbindən qrunt sularının zirzəmilərə, həyətlərə dolmasından da xəbərdardırlar. Amma bu qurumda hesab edirlər ki, qrunt suların qurudulması ilə icra hakimiyyətlərindəki fövqəladə komissiyalar məşğul olmalıdır.
“Azərsu” rəhbərliyinin tapşırığı əsasında, Binəqədi kəndinin su və kanalizasiya sistemin qurulmasına start verilib. Bu işin icrasına nəzarət isə Binəqədi Su kanal İdarəsinə həvalə olunub.
Master- plan var, xərclər də hesablanıb
Binəqədi “Su kanal” İdarəsinin baş mühəndisi Samir İsmayılov Lent. az-a açıqlamasında rayonun yeni yaşayış massivlərində yağış və tullantı sularının axıdılması üçün kanalizasiya sisteminin qurulmasına başlandığını təsdiqləyib. Onun sözlərinə görə, iki ay əvvəl Xırdalan və Biləcəri istiqamətində yeraltı kanalizasiyanın qurulmasına başlanıb. Növbəti mərhələdə isə bu işlər Binəqədi kəndi ərazisində davam etdiriləcək: “Bu məsələ “2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda nəzərdə tutulub.
Baş mühəndis onu da deyib ki, Binəqədi kəndinin, o cümlədən “DSK” adlandırılan ərazilərin subasmaya məruz qalmasına səbəb Xırdalandan gələn kanalizasiya kollektorunun həddindən artıq yüklənməsidir. Onun sözlərinə görə, problemin aradan qaldırılması üçün həmin ərazilərə kanalizasiya xətti çəkiləcək və bu yolla yağış və tullantı suları Lökbatan kollektoruna yönəldiləcək: “İşlər plana uyğun şəkildə gedir. Hələ ki, Xırdalan və Biləcəridə işə başlamışıq. Bu plan Binəqədi kəndini, o cümlədən “DSK” nın ətraf məhəllələrini, Poladtökmə Zavoduna yaxın əraziləri əhatə edir. Biz də bilirik ki, “DSK” deyilən ərazilərdəki yeni məhəllənin yeri vaxtilə göl olub. Sonradan həmin göl qurudularaq yaşayış sahələrinə çevrilib. Ona görə də bir balaca yağış yağan kimi suyun səviyyəsi qalxır, tullantı və yağış suları evlərə, həyətlərə dolur. Ancaq Dövlət Proqramı çərçivəsində həmin ərazidə su və kanalizasiya xətləri çəkildikdən sonra problem aradan qaldırılacaq. Çox güman ki, gələn il, ən geci 2015-ci ildə bu işlər başa çatdırılacaq ”.