“Baku World Challenge 2014” yarışlarının keçirilməsi ilə əlaqədar olaraq paytaxtın bəzi mərkəzi yolları bağlanıb. Lent.az-ın avtosfer.az-a istinadən verdiyi məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib ki, “Baku World Challenge 2014” yarışlarının keçirilməsi ilə əlaqədar bu gün səhər saatlarından başlayaraq paytaxtın “20-ci sahə” dairəsindən Bayraq Meydanı da daxil olmaqla, Azneft istiqamətində giriş-çıxış hissəsi yarış başa çatana qədər avtomobillərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Bakı şəhər Dövlət Yol Polisi əhalinin, paytaxt sakinlərinin, sürücülərin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, qeyd edilən istiqamətlərə hərəkət tam məhdudlaşdırılır və istiqamət dəyişdirilir: "Ona görə əhalidən xahiş edilir ki, bunu nəzərə alıb paytaxtdan Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi və "20-ci sahə dairəsi"ndən çıxmaq istəyənlər Badamdar qəsəbəsi və yaxud 3-cü kənar dairəvi yolla, eləcə də Tbilisi prospekti ilə Bakı-Sumqayıt yolunun Xocasən yolu ilə kəsişməsindən cənub və ya şimal istiqamətinə hərəkət edə bilərlər".
V.Əsədov bildirib ki, Bayıl qəsəbəsində, "20-ci sahə"də yaşayan sakinlərin hələlik Xalça Muzeyinin yanından əlavə yolla Qurban Abbasov küçəsi ilə hərəkəti planlaşdırılıb.
Bundan əlavə, Sumqayıt, Xırdalan, ümumiyyətlə şimal bölgəsindən paytaxtın mərkəzinə doğru hərəkət edənlər nəzərə almalıdırlar ki, həmin istiqamətdə də dəmiryol körpüsü üzərində yenidənqurma ilə əlaqədar sıxlığın yaranmaması üçün qoyulmuş yol nişanlarına uyğun və yol zolaqları üzrə avtomobillər düzgün cərgələnərək hərəkət edilməlidir. Belə ki, şəhərin mərkəzinə doğru hərəkət edənlər Bakı Beynəlxalq Avtovağzalının inzibati binası yanından 3-cü kənar dairəvi yolla maşın bazarı, Mikayıl Müşfiq küçəsi, Badamdar qəsəbəsi istiqamətində və yaxud dairəvi hərəkət zolağından geriyə dönüb Yeni Yasamal ərazisinə daxil olmaqla istənilən istiqamət üzrə hərəkət edə bilərlər.
Qeyd edək ki, Bayıl qəsəbəsi istiqamətindən “Azneft” meydanına doğru gələn yol bağlandıqdan ərazidə nəqliyyat sıxlığı yaranıb. Yarışların noyabrın 1-i və 2-si keçiriləcəyi bildirilsə də, yol artıq bu gündən bağlıdır.