Azərbaycanın xarici siyasətində mühüm prioritetlərdən biri beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Dünya dövlətləri arasında özünə yer qazanmaq naminə müasir dövlətlər üçün zərurətə çevrilmiş beynəlxalq təşkilatlarla əməkdaşlıq faktoru Azərbaycan Respublikası üçün də çox vacibdir. Buna görə də respublikamız müstəqilliyin ilk illərindən mühüm təsir gücünə malik beynəlxalq və regional təşkilatların - BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO, GUAM və s. üzvlüyünə daxil olaraq onlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurur.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının xarici siyasətinin mühüm bir istiqamətini də Avroatlantik strukturlara inteqrasiya olunmaq təşkil edir. Bu baxımdan da Avropanın təhlükəsizlik strukturlarından biri olan NATO ilə əlaqələr mühüm əhəmiyyətə malikdir.
Müasir dünyada siyasi vəziyyətə çox güclü təsir gücünə malik NATO xüsusən SSRİ-nin süqutundan sonra yeni yaranmış dövlətlərdə baş verən milli, etnik, ərazi münaqişələrinin həll edilməsində öz rolunu artırmağa və bu ölkələrdə demokratik islahatların keçirilməsinə köməklik göstərməyə çalışır. Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi ilə bağlı regionda yaranan qeyri-stabil vəziyyətin aradan qaldırılması istiqamətində müxtəlif yolların axtarışını nəzərə alaraq bu təşkilatla əməkdaşlığın qurulması mühüm zərurət hesab oluna bilər.
NATO ilə yaradılan əməkdaşlığın ilk addımı kimi 1994-cü ilin mayın 4-də “Sülh naminə tərəfdaşlıq” proqramının imzalanmasından etibarən davam edən ikitərəfli və çoxtərəfli əlaqələr öz müsbət nəticələrini verməkdədir.
Bu gün də Azərbaycanla NATO arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bunun da əsas səbəblərindən biri də odur ki, NATO Qafqaz ölkələri içərisində Azərbaycanı xüsusi ölkə hesab edir. Çünki Gürcüstan və Erməsitandan fərqli olaraq Azərbaycan öz ərazisində Rusiyanın hərbi bazalarını saxlamır.
Ləman Xəlilova
“Azerbaijan Realities”