BAKIDA ŞOK: Ölməmiş özünə qəbir, heykəl, baş daşı düzəltdirənlər var
27 noyabr 2013 19:55 (UTC +04:00)

BAKIDA ŞOK: Ölməmiş özünə qəbir, heykəl, baş daşı düzəltdirənlər var

“Qəbiristanlıq... Bu sözü duyan hər kəs burada ölülərin yatdığını düşünür. Amma bu heç də belə deyil. Burada ölülərlə yanaşı dirilərdə yatır. Necə? Qəbiristanlıqda elə qəbirlər var ki, onların başdaşısı, sahibinin adı, soyadı, doğum tarixləri də var. Amma ölüm tarixi göstərilməyib. Çünki qəbirlərin içi boşdur”.

 

Bu cür içi boş məzarlar qəbiristanlıqda nə birdir, nə də beş. APA TV-nin məlumatına görə, qəbiristanlıqda onlarla belə məzara rast gəlmək olar. "Qurd qapısı" adlanan ərazidəki  qəbiristanlığına gələn ziyarətçilərin ilk qarşılaşdığı mənzərə qəbirlər üzərindəki bu zəhmli insan heykəlləridir. Bir az diqqət yetirəndə bu qəbirlərin boş olduğunu və sahiblərini gözlədiyini anlayan insan daha çox vahimələnir. Axı kimin ağlına gələr ki, diri ikən özünə, həyat yoldaşına və ya valideynlərinə qəbir qazdırıb, üstünü qiymətli daşlarla örtmək olar? Hətta mərmər lövhələrin üstündə adı, soyadı, təvəllüdü həkk edilən heykəllər ucaltmaq olar? Məzarların sahibləri hərdənbir öz məzarlarına qulluq etmək üçün özləri qəbiristanlığa gəlir və ya xüsusi insanlar tərəfindən məzarlığın təmizliyinə riayət edilir. Məzarların səliqəli və təmiz olması da dediklərimizi təsdiqləyir.

 

Qanuna görə, qəbiristanlıqda qəbir yeri yalnız ölən şəxslər üçün ayrılır. Elə islam dinində də qəbiristanlıqda boş qəbirlərin hazırlanması və ya torpaq sahələrinin zəbt edilərək saxlanılması müsəlmanlar üçün caiz deyil. “Cümə” məscidinin axundu, ilahiyyatçı Hacı Surxay deyir ki, Qurani-Kərimdə  qəbiristanlıq və qəbirlər haqqında xüsusi ayələr var. İnsan qəbiristanlığa gedəndə dünyəvilikdən uzaqlaşır, yalnız axirəti düşünür. Fani dünyada yaşayan hər kəs yaxşılıq etmək, xeyriyyəçilik edib ehtiyacı olan insanlara əl tutmaq və insanlığa xas olan əməllər haqqında düşünməlidir. Dəbdəbəli qəbir hazırladıb, öləcəyi günü gözləmək dində haram sayılır.

 

“Bu gün imkanı, pulu olan adamlar bir neçə qəbir üçün yer alıb üstünü bağlayır.  Bu, yolverilməzdir. İslamda bu bəyənilmir. Birmənalı olaraq, qəbirlərin bu vəziyyətə salınması, açıq şəkildə saxlanılması, başdaşının qoyulması islam dinində qadağandır. Bu, haram, eyni zamanda, günah sayılır. Hətta bəzi hədislərdə bunun insanın ömrünü azaltdığı deyilir”.

 

Hacı Surxay deyir ki, qəbirləri  bəzəmək də İslamda günah sayılır. Dəbdəbəli başdaşılarının qoyulması və ya şəkillərin vurulması əvəzinə, məzarda yatan insanı anıb, ona dualar oxutdurmaq daha məqbuldur.

 

Yaxşı yadımdadır, mən uşaq olanda evimizin yaxınlığında qəbiristanlıq vardı və ara-sıra yolum oradan düşərdi. Hər dəfə gəlib evdə qəbiristanlıqdakı məzarların üzərindəki yazılardan danışardım. Amma hər dəfə nənəm məni danlayardı. O zaman dünyagörmüş ağbirçəyin dediyi sözlər indi də qulağımdadır: "Qəbirlərin üstünü oxumazlar, günahdır. Hədislərdə göstərilir ki, bu, adamın ömrünü qısaldır".

 

O  vaxt bu sözlərin fərqinə varmazdım. Ta ki, axunddan deyilənlərin həqiqət olduğunu eşidənə kimi. Hacı Surxay deyir ki, qəbir daşlarının üstündə başıaçıq qadın şəkillərinin əks olunması da dini baxımdan yasaqdır.

 

“Qəbiristanlıqda boş torpaqlarla da maraqlandıq. Bildirdilər ki, burda  bir qarış belə boş torpaq yoxdur.  Hər yerin öz sahibi var. Camaat çoxdan bu torpaqları alıb, gələcək üçün saxlayır. Dayandığımız bu ərazi də həmin boş torpaqlardan biridir. Burada heç bir dənə olsun qəbir yoxdur. Amma buranın sahibləri var, özü də ətrafı abadlaşdırıb, öləcəyi günü gözləyirlər”.

 

Bunun səbəbinə gəlincə, əsas səbəb kimi qəbiristanlıqda torpaqların olduqca baha qiymətə satılması göstərilir.

 

“İnsanlar gedib qəbiristanlıqda yer götürməsi, başdaşı qoydurması və ya torpaq yeri saxlaması inhisarçılıq deməkdir. Qəbiristanlığın ərazisini mənimsəmək islam dinində haramdır. Hər bir insan yalnız öləndə qəbiristanlıqda yer ayrılır və orada qəbri ola bilər. Ölü halallıqla dəfn olunmalıdır”.

 

Bakı şəhər İcra Hakimiyyətinin nəzdində Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov isə deyir ki, sözügedən problemdən  təmsil etdiyi qrum xəbərdardır, lakin hər hansı tədbir görməkdə acizdirlər: "Bizim nəzdmizdə 32 dan artıq qəbiristanlıq var. Onlardakı həmin boş torpaqlar neçə il əvvəl satılıb. Həmin qəbiristanlıqda boş qəbirlər var. Amma  biz onlara o zaman nəzarət edə bilmirdik. Hazırda onların müsadirə edilməsi də qeyri-mümkündür. Çünki həmin torpağı sahibi sənədlə götürüb. Bəli, sənədsiz torpaqları müsadirə etmək olar. Amma hələ ki, bu barədə söhbət aparılmır".

Hər halda, qəbiristanlıq haqq dünyasına köç edənlərin məkanıdır. Bu məkanda torpaq altında uyuyanların eyni libası, eyni ölçüdə hücrəsi var. Onların arasında nə kasıb var, nə də varlı. Torpağın altında hamı bərabərdir...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3511
avatar

Oxşar yazılar