B və C virus hepatitlərinə daha çox Bakıda rast gəlinir
04 mart 2014 18:33 (UTC +04:00)

B və C virus hepatitlərinə daha çox Bakıda rast gəlinir

“Son illər infeksiya daşıyıcılığı əsasən B və C virus hepatitləri üzrə qeydə alınır. Onların aşkarlanması xüsusi müayinə üsulları ilə həyata keçirilir”. Lent.az-ın məlumatına görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyevə bildirib.

 

Direktor müavini onu da vurğulayıb ki, son zamanlar insanlar arasında daşıyıcılıq hallarının artması laborator şəbəkələrinin genişləndirilməsi və diaqnostika üsullarının keyfiyyətinin təkmilləşdirilməsi ilə izah olunur. “Daşıyıcılıq halları əsasən Bakı şəhərində daha çox aşkar edilir. Profilaktik tədbirlər spesifik və qeyri-spesifik olur. Spesifik profilaktika bütün uşaq əhalisi arasında hepatit B virusuna qarşı vaksinasiyanın aparılmasıdır. Milli peyvənd təqviminə əsasən, uşaqlar doğulduqdan 12 saat ərzində hepatit B vaksini ilə (monovaksin), 2, 3 və 4 aylıqda beşkomponentli GDTHibHepatit B vaksini ilə vaksinasiya olunurlar.

Qeyri-spesifik profilaktika tədbirlərinə infeksiya mənbəyinə qarşı görülən tədbirlər, yoluxma mexanizminin, yoluxma yollarının və amillərinin intensivliyinin məhdudlaşmasına yönəldilmiş tədbirlər aiddir.

 

Təbii yoluxma yollarının qırılması əsasən sanitar-gigiyenik tədbirlərlə əldə edilir. Bu məqsədlə şəxsi-gigiyenik əşyalar (ülgüc, diş fırçaları, hamam vasitələri və s.) fərdiləşdirilməli və ayrı-ayrı saxlanılmalı, şəxsi gigiyena qaydalarına əməl edilməli; məişət və istehsalatda kiçik zədələnmələrin baş verməsindən qorunmalı; qansoran və məişət parazitləri ilə mübarizə aparılmalıdır. Qeyri-düzgün həyat tərzi keçirən şəxslərlə mübarizə də müəyyən dərəcədə əhəmiyyət kəsb edir. Vertikal (ana bətnində) yoluxmaya qarşı profilaktik tədbirlər əsasən vaksinasiyanın aparılması ilə əldə edilir”.

 

A. Əliyevanın sözlərinə görə, törədicinin süni yoluxma yollarını qırmaq üçün bütün donorlar mütləq HBsAg gəzdiriciliyini aşkar etmək üçün laborator müayinədən keçirilir.

“Tibbi alətlərin, avadanlığın qan və bioloji mayelərdən tam təmizlənməsi və sterilizasiyası üzərində nəzarət təmin edilir. Viruslu hepatitlərlə xəstələnmə 25-50 yaşlarda daha çox təsadüf olunur”-deyə, A. Əliyeva əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1702

Oxşar yazılar