Azərbaycanda yayılan bunyavirus insana keçə bilərmi? – RƏYLƏR
10 sentyabr 2013 18:16 (UTC +04:00)

Azərbaycanda yayılan bunyavirus insana keçə bilərmi? – RƏYLƏR

“İri buynuzlu heyvanlar arasında yayılan bunyavirus xəstəliyi mutasion dəyişikliyə uğradığından insana yoluxa və ölüm halları yarada bilər”.


 

Bunu APA-ya açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov deyib. O bildirib ki, bu virusun geniş yayılmaması, qarşısının vaxtında alınması, insanlara keçməməsi üçün əhalini xəbərdar etmək lazımdır: “Təəssüflər olsun ki, nə Səhiyyə Nazirliyi, nə də Dövlət Baytarlıq Xidməti bizim söylədiyimiz faktları qəbul edir. Araşdırmalarımız nəticəsində öyrənmişik ki, 2009-2010-cu illərdə Çinin Xubey, Xenan vilayətlərində 171 nəfər bunyavirus ailəsinə yoluxub, onlardan 36-sı dünyasını dəyişib. Onlar deyirlər ki, ümumiyyətlə, bu virus ailəsindən olan viruslar insanları yoluxdurmur. Söylədiyimiz məlumatlara heç bir reaksiya vermirlər. Yerlərdə bu istiqamətdə hər hansı iş görülmür. Çində belə halın olmasını qəbul etmirlər. Çində bu xəstəliyin insanları yoluxdurması faktı haqqında Ümumdünya Səhiyyə Təşkilatı da məlumat yayıb. Yaxşı olar ki, həmin faktı Səhiyyə Nazirliyi də araşdırsın”.

 

Mütəxəssis vurğulayıb ki, əslində, bu, çox təhlükəli xəstəlikdir: “Doğrudur, bu virus qan vasitəsilə keçir. Amma ola bilsin bunyavirus virusuna adi qaydada da insanlar yoluxa bilər. İri buynuzlu heyvanlarda sağalma prosesi getsə də, bu o demək deyil ki, virus birdəfəlik həmin heyvanların orqanizmindən çıxır. Müəyyən mərhələdən sonra münbit şərait yaranarsa, xəstəliyin yenidən yayılması ehtimalı böyükdür”.

 

Dövlət Baytarlıq Xidmətinin xüsusi təhlükəli xəstəliklər üzrə epidemioloji nəzarət və müalicə profilaktika sektorunun müdiri Kliment Əsədov isə APA-ya açıqlamasında bildirib ki, bunyavirus ailəsinə məxsus yüzdən çox virus var: “Azərbaycanda iri buynuzlu heyvanlar arasında yayılan virus isə Çində yayılan virusla eyni deyil. Bunyavirus ailəsinə məxsus viruslar insana keçə bilər, biz bunu inkar etmirik. Amma bizim ölkədə yayılan 3 virusun qarışığından yaranan xəstəlik insana keçə bilməz”.

 

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyanın müdiri Raqif Abdullayev də APA-ya açıqlamasında bildirib ki, dünyanın heç bir yerdə bunyavirus virusunun heyvandan insana keçməsi faktı qeydə alınmayıb: “Mən bu fakta rast gəlməmişəm. Xarici ölkələrin birində belə bir xəstəlik qeydə alınıb, lakin heç bir keçiriciliyi olmadığına görə, onun mənşəyi öyrənilməyib. Bizə bu vaxta qədər kiminsə bu virusa yoluxması ilə bağlı məlumat verilməyib. Belə bir fakt aşkar etməmişik”.

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə proqram koordinatoru Elxan Qasımov daAPA-ya açıqlamasında bu günə qədər onlara Azərbaycanda yayılan bunyavirus virusunun insana yoluxması ilə bağlı məlumat daxil olmadığını bildirib: “Bizə hələ ki, belə bir məlumat verilməyib. Azərbaycanda yayılan bunyavirus ailəsinə məxsus şamonda, aina və akabene viruslarına insanların yoluxması mümkün deyil. ÜST-nin Çində baş verən həmin xəstəliklə bağlı açıqlaması ilə isə tanış deyiləm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990
avatar

Oxşar yazılar