Azərbaycanda dərman qiymətlərinə nəzarət qaydası müəyyənləşdi
04 iyun 2015 16:52 (UTC +04:00)

Azərbaycanda dərman qiymətlərinə nəzarət qaydası müəyyənləşdi

 

 

Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.


 

APA-nın məlumatına görə, bu qayda topdansatış əczaçılıq müəssisəsi,aptek təşkilatı və dərman vasitələri istehsalçısı (Azərbaycan Respublikasında qüvvədə olan müvafiq standartların tələbləri nəzərə alınmaqla dərman vasitələrini sənaye üsulu ilə istehsal edən hüquqi şəxs) şamil edilir.

 

Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası  tərəfindən tənzimlənir. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Bazis qiymət dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla müxtəlif ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiymətlərinin müqayisəsi əsasında müəyyən edilən qiymətdir. Dərman vasitələrinin bazis qiymətlərinin hesablanması üsulu Tarif Şurası tərəfindən müəyyən edilir.  Bazis qiymətlərin müəyyən edilməsi məqsədi ilə tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, Şura tərəfindən hər il üçün ən azı 5 istinad ölkəsi müəyyən edilir. İstinad ölkələrinin siyahısında dəyişiklik 2 ay əvvəlcədən elan edilməklə həyata keçirilir. Növbəti ilin istinad ölkələri cari ilin 31 oktyabr tarixinə qədər Şura tərəfindən elan edilir. Həmin tarixə qədər yeni ölkələr elan olunmadıqda, cari ilin istinad ölkələri sonrakı il üçün də eyni olaraq qalır. Dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən təqdim edilmiş məlumatlar, habelə Şuranın Katibliyi tərəfindən istifadə olunan informasiya mənbələri dərman vasitələrinin qiymətləri barədə müfəssəl məlumatların əldə olunmasına imkan vermədikdə, dərman vasitələrinin qiymətlərinin monitorinqi üzrə ixtisaslaşmış təşkilatların xidmətlərindən istifadə olunur. Dərman vasitələrinin qiymətlərinin müəyyən edilməsində istifadə olunan informasiya mənbələri Şuranın rəsmi internet saytında yerləşdirilir.

 

Dərman vasitəsinin ƏDV-siz topdansatış qiyməti ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinə bu Qaydanda verilən cədvəl hissəsində topdansatış əczaçılıq müəssisəsi üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti qiymət bəyannaməsi verilən tarixə ABŞ dollarının Mərkəzi Bankın rəsmi internet saytındakı məzənnəsi və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymətdir. Dərman vasitəsinin ƏDV-siz pərakəndə satış qiyməti dərman vasitəsinin ƏDV-siz topdansatış qiymətinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. Topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üzrə əlavələrin səviyyəsi dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin hissələri (məbləğləri) üzrə faiz nisbətində ayrı-ayrılıqda müəyyən edilir.

 

Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi üçün aşağıdakı cədvəldə göstərilmiş əlavələr tətbiq edilir:

 

 

Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti

Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə

Aptek təşkilatı üçün əlavə

1

2

3

5 manata qədər olduqda

(5 manat daxil olmaqla)

topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 faizi

topdansatış qiymətinin 20 faizi

5- 20 manat arasında olduqda

(20 manat daxil olmaqla)

1 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 5 manatdan çox olan məbləğinin 17 faizi

topdansatış qiymətinin 20 faizi

20-50 manat arasında olduqda

(50 manat daxil olmaqla)

3,55 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 manatdan çox olan məbləğinin 13 faizi

topdansatış qiymətinin 20 faizi

50-100 manat arasında olduqda

(100 manat daxil olmaqla)

7,45 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 50 manatdan çox olan məbləğinin 7 faizi

11,49 manat + topdansatış qiymətinin 57,45 manatdan çox olan məbləğinin 13 faizi

100 manatdan artıq olduqda

10,95 manat+ topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 100 manatdan çox olan məbləğinin 3 faizi

18,45 manat + topdansatış qiymətinin 110,95 manatdan çox olan məbləğinin 11 faizi

 

Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri Şura tərəfindən ƏDV daxil olmaqla təsdiq edilir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulu və araşdırılması Katiblik tərəfindən həyata keçirilir. İstehsalçılar orijinal və generik dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Şura tərəfindən müəyyən edilən bəyannamə forması ilə Katibliyə müraciət edirlər. Sənədlər tam təqdim edilmədikdə, 5 iş günündən gec olmayaraq, çatışmazlıqlar barədə Katiblik tərəfindən istehsalçıya yazılı məlumat verilir. İlk qiymət tənzimlənməsi üçün müraciət etmiş istehsalçının sənədlərinə 30 gün müddətində baxılır. Bu müddət qiymət tənzimlənməsi üçün təqdim edilən sənədlərin tam daxil olduğu gündən hesablanır. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sonrakı müraciətlərə 20 gün müddətində baxılır.

 

Katiblik tərəfindən sənədlərə baxılarkən dərman vasitəsi haqqında məlumatların, o cümlədən dərman vasitəsinin orijinal və generik olması, həmin dərman vasitələrinin təyinatına və kimyəvi tərkibinə oxşar dərman vasitələri haqqında məlumatların əldə edilməsi ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilir. Dərman vasitələri haqqında məlumat Səhiyyə Nazirliyi tərəfindən 5 iş günü müddətində Katibliyə təqdim edilir. Dərman vasitələrinin qiymətinin tənzimlənməsindən imtina üçün əsaslar olmadıqda müvafiq qərarın qəbul edilməsi üçün sənədlər Katiblik tərəfindən Şuraya təqdim edilir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə Şura tərəfindən elan verilir. İstehsalçılar tərəfindən qiymət tənzimlənməsi üçün Şuranın elanda müəyyən etdiyi müddət ərzində müraciət edilmədiyi təqdirdə, istinad ölkələri, habelə açıq informasiya mənbələri olan ölkələr üzrə məlumatlar əsasında araşdırma aparılmaqla bazis qiymət müəyyən edilərək qiymət tənzimlənməsi həyata keçirilir. Dərman vasitələrinin qeydiyyatı həyata keçirildikdən dərhal sonra istehsalçılar tərəfindən qiymət tənzimlənməsi üçün Şuraya müraciət edilir.

 

Qiymətlər dərman vasitələrinin hər bir dozası və ticarət qablaşdırılması üzrə ayrı-ayrılıqda tənzimlənir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və ya həmin qiymətlərdə dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə bir dəfə baxılır. Şuranın öz təşəbbüsü ilə və ya bu Qaydada nəzərdə tutulmuş hallarda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsinə Şura tərəfindən növbədənkənar qaydada baxılır. Dərman vasitələrinin tənzimlənmiş qiymətləri və tətbiqi tarixi barədə məlumat 2 iş günü müddətində Şuranın rəsmi internet saytında yerləşdirilir. Şura tərəfindən təsdiq edilmiş qiymətlər Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında məlumatlarda əks olunur. Milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsində 5 faizdən artıq dəyişmələr olduqda və bu hal 2 aydan artıq müddətdə davam etdikdə Şuranın təşəbbüsü ilə qiymətlərə növbədənkənar qaydada yenidən baxılır. Bazis qiymətin və ya istinad ölkəsinin dəyişilməsi ilə bağlı topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətində 5 faizdən artıq azalma olduqda, qiymətlərdə müvafiq dəyişiklik edilməsi üçün istehsalçılar bu barədə 3 ay müddətində Katibliyə yenidən bəyannamə təqdim edirlər. Dərman vasitələri üzrə təsdiq edilən qiymətlər Şuranın qərarı ilə müəyyən edilən tarixdən qüvvəyə minir. Dövlət satınalmaları zamanı tənzimlənən topdansatış qiymətlərindən aşağı qiymət təklif oluna bilər.

 

Aptek təşkilatlarında satılan dərman vasitələrinin üzərində dövlət tərəfindən tənzimlənmiş qiymətlər göstərilməlidir. Dərman vasitələrinin üzərində pərakəndə satış qiymətlərinin göstərilməsi istehsalçılar tərəfindən təmin edilir. Dərman vasitələrinin ƏDV daxil olmaqla, təsdiq edilmiş pərakəndə satış qiymətləri onların qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilir. Qiymətin qablaşdırmanın üzərində çap edilməsi mümkün olmadıqda, dərman vasitələrinin qiymətləri İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən edilmiş digər üsullarla göstərilir. Dərman vasitələrinin satışında qiymət intizamına, o cümlədən dərman vasitələrinin qiymətlərinin göstərilməsinə nəzarəti İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir. Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən və ölkədə istehsal edilməyən və ya idxalı səmərəli olmayan, həkim resepti olmadan buraxılan dərman vasitələrinin bazis qiymətlərinin müəyyənləşdirilməsi Şura tərəfindən müəyyən edilən xüsusi şərtlər əsasında həyata keçirilir. İstehsalçıların əsaslandırılmış müraciətinə əsasən tənzimlənmiş qiymətlərdə texniki xətalarla bağlı Şura tərəfindən düzəlişlər edilir. Bu düzəlişlər dərman vasitəsinin qiymətinin yenidən tənzimlənməsi kimi qəbul edilmir.

 

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar