Aysel Əlizadə yazır: “Böyük ayrılıq...” 25-ci MƏKTUB
16 fevral 2013 22:14 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Böyük ayrılıq...” 25-ci MƏKTUB

Pulu nənəmdən götürüb, getdim həmin idarəyə. Həmin idarənin adı televiziya idi. Bir az yan-yörəsində gəzişib geri qayıtdım. Televiziya həyatımdan da yazacam sizə zamanı gəldikcə. Mənim bir TV həyatım olub yazsam, həyatında o hadisələrin baş verdiyi adamın mən, ölkənin Azərbaycan olduğuna inanmazsız. Ölkəyə inansaz da mənə və həyatıma çətin...

 

Öz yadıma düşəndə məəttəl qalıram: bu qədər olayı həyatıma necə yerləşdirmişəm? Adamlar necə olur ki, stabil həyat sürürlər. Buna həmişə şaşırmışam. Məsələn, 10 il eyni tempdə, eyni qaydada yaşamaq necə alınır? Başlarına gələn şeylər də çox doğal, çox toplumsal və gözlənilən olur. Ən ağır xəbər kiminsə ölümü, ən böyük sevinc kiminsə evliliyi.

 

Məndə belə olmayıb heç vaxt. Nə yaşadığım dərdin, nə sevincin şadlıq sarayı və çadır kimi xeyir-şər yerləriylə əlaqəsi olub.

 

Ən böyük sevincim kiminsə toyu deyil. Bir qızım var. Düşünmürəm ki, ən böyük sevincim onun toy mərasimi olacaq. Əlbəttə, yaxşı əri olsa, bu məni mutlu və rahat edər. Ancaq yaxşı kişisi olsa. Başqa bərbəzək və rituallar məsələnin məğzinə sadəcə çalar, ya nə bilim, fon verir. Nənəm də heç vaxt “bircə sənin toyunu görsəydim” filan kimi cümlələr işlətməzdi. Bir vacib problemi mənim işə düzəlməyim idi, bir də deyirdi ki, sənin balanı görmədən ölmək istəmirəm.

 

Nənəmi itirdiyim gün mənimçün dərd olmadı. Hətta sevindim ki, canı qurtardı. Çox xəstə yatdı, çox əziyyət çəkdi. Son ana qədər bir adama əziyyət vermədi. Özündə deyildi, artıq bütün ölmüş əzizlərini görürdü, şüur funksiyasını itirmişdi, ruh gördüyündən danışırdı. Amma son nəfəsinə qədər özünü ölümə hazırladı. Elə dəqiq bilirdi, elə anlayırdı öldüyünü, ayaqlarını əllərini farağatlayıb, dümdüz uzanmışdı. Alnından öpdüm nənəmin. Yanımızda adam çox idi. Övladları vardı, kürəkənləri vardı. Amma biz ikimiz bilirdik hər şeyi. Nənəm və mən. Biz ikimiz ayrılırdıq. Qalanlarının anası ölürdü, qaynanası ölürdü. Biz isə bir-birimiz üçün o andan etibarən darıxırdıq. Biz məcburən ayrılırdıq. Bu, dözülməz idi...

 

Bundan sonra güruh başlayacaqdı, bundan sonra adamlar qollarını çırmalayıb işgüzar görkəm alacaqdılar, bundan sonra anam mənə qəzəb və nifrətlə baxacaqdı - ağlayıb haray salmıram deyə, gələnləri qarşılamaq, masaya yemək düzmək zorunda qalacaqdım. Söz-söhbət başlayacaqdı. Övladlar bir-birin qıracaqdı. Mən filan şeyi elədim, sən filanı yox, filan şey filan oldu...filanlar...yer alacaqdı. Heç kim də anlamayacaqdı mən kimi itirmişəm. Heç kim də anlamayacaqdı bu quşbeyinliyin içində tək qalmaq nə deməkdi. Bundan sonra şou olacaqdı.

 

Yeməklər bişəcəkdi, qoğallar sifariş veriləcəkdi. Böyük yeyib-içmək məclisi, yas adı altında qurulacaqdı. Nə arvadlar gələcəkdilər bizə, nə arvadlar... Hələ o mollalar, əzbərdən oxşamalar, mərsiyələr deyən mollalar.

 

Bizsə ayrılırdıq. Və mən bunu təmtəkcə yaşamaq istəyirdim. Dağ kimi, div kimi nənəmdən – atam, anam, sevgillimdən, dostum, sirdaşım, bacı-qardaşımdan, üzümü güldürəndən, günəş kimi işıqlı bir adamdan ayrılırdım.

 

Sağlığında görürdüm tənhalığını. Görürdüm, hamı ondan umurdu. Görürdüm, böyük xalam olmasaydı, özünü çox pis hiss edərdi nənəm. Görürdüm ki, kiçik xalam kobuddu, diqqətsizdi ona qarşı, görürdüm ki, sancır və görürdüm ki, nənəmi bu çox incidir.

 

Hətta son günlərində bizə əziyyət verməsin deyə mexaniki şəkildə durub tualetə getmək istəyəndə yıxılmışdı. Yerdən qaldıra bilmirdik. Kök idi, ağır çəkisi vardı. Kiçik xalamın ərinə zəng vurduq, ər-arvad bərabər gəldilər. Xalam nənəmi yerə yıxılan görəndə dedi ki, mama, bəsdi də, dur ayağa. Nənəm özündə deyildi halbuki. Nənəm oynamırdı, ölürdü...

 

Nənəm heç vaxt oynamayıb. Dürüst olub, düşündüyün deyib və heç vaxt özünü yatağa yıxıb “mənə qulluq edin” deməyib, heç bir zaman!

 

Bu, həqiqətdi, mənim gördüyüm həqiqət. Unutmadığım həqiqət. Anamın son anadək nənəmə qıymadığı şeyləri unutmuram. Və bunu onlara bağışlamıram. Ona görə də son günlərində evdən uzaqlaşdım. Onları nənəmin ölümüylə baş-başa qoydum. Baş-başa qoydum görsünlər, anlasınlar ki, indi heç nəyi dəyişmək mümkün deyil.

 

Baş-başa qoydum onları. Çünki mən sağlığında nənəmin yanında idim, ölüm gününə saxlamamışdım. O, ölürdü. Onun indi heç nəyə ehtiyacı yox idi. 

 

O, ölürdü və mən bu ağır səhnəni daşıyacaq gücdə deyildim. Çünki məni həmin an yox, o ana qədər olanlar yandırıb-yaxırdı. Üç qızından ikisinə ev verib tək yaşaması, sonra mənim təkidimlə evimizi birləşdirməyimiz, onun bütün məclislərin başında oturmaq haqqının çox vaxt pozulması, o böyük qadına bəzən çox yersiz davranmağımız, ən çox da ölümünün işsiz vaxtlarıma düşməsinə yanırdım. Mən onu işdən çıxarıb evdə oturtmaq, nazlamaq, onu istədiyi yerlərə aparmaq arzusunda idim. İstəyirdim son günlərini universitet yollarında keçirməsin. Lənət olsun, mən istəyirdim nənəm ömrünün heç olmasa bir ilini qazanc haqda düşünməsin, işləməsin. Ən çox buna yanırdım.

 

Biz dalaşardıq nənəmlə. Tez-tez dalaşardıq. Nənəm dalaşqan idi, coşğun idi. Bir qığılcıma özündən çıxa bilərdi. Və tez də hirsi soyuyardı. Sonra gülə-gülə barışardıq. Mən kinsizlikdə ona bənzəmişəm. Bu mənada bizimki yaxşı tuturdu. Deyirdi ki, sən yaxşı qızsan. Heç bir yaxşı söz, tərif mənə bu qədər güc verməz. Çünki mən onun insan duyumunu çox gözəl bilirəm. O sevirdi adamları. Dediyim kimi hamını sevirdi. Bu canidi, bu oğru, kimi ayrıcalıq yox idi onun üçün. Adamlara kömək etmək üçün yaşayırdı. Hamıya əl uzadırdı, hamıya. Tanıdığı-tanımadığı hər kəsə. O öləndə ən çox kasıblar, kimsəsizlər ağladı.

 

Bir dəfə də ağzından “filankəsə yaxşılıq eləmişəm” cümləsi çıxmayıb. O heç bilmirdi ki, yaxşılıq edir. O, sadəcə yaşayırdı.

 

Onun üçün içdən, səmimi ağlayan, onu hər fürsətdə anan adamlar gördüm bu illər ərzində. Bizimkilər də tək qaldılar ondan sonra. Hər xeyir işdə, hər ailə sevincində onu arzuladılar. Getdikcə çəkisi, qiyməti artan bir adamdı nənəm. Ölüm əslində getdikcə unutdurur insanı. Mənim nənəm getdikcə xatırlanır. Adam var, ölümü rahatlıq gətirir insanlara. Adam var, öləndən sonra arzulanır. Adam var, ölümünü arzulayırsan, adam var, özünü...

 

TV-yə işə düzəlmədim. Getmədim o işin arxasınca. Nənəm öləndən sonra gətirib həmin pulu anama verdim: “Nənə bunu iş üçün vermişdi”. Gözü kəlləsinə çıxdı.

 

Dedi: “Sənin olsun, onsuz da nənə yığdığı əmanətin bir hissəsini yas xərci üçün, qalanını da nəvələrinə vəsiyyət edib”.

 

Barış Mançonun bir mahnısı var - “Gülpəmbə” - nənəsinə yazıb.  Zalım elə bil mənim nənəm üçün yazıb. Nənələr necə oxşardılar, necə yaxşıdılar...http://www.youtube.com/watch?v=lE8FRv9UdsI

 

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3116
avatar

Oxşar yazılar