Aysel Əlizadə yazır: “Biryolluq ölməyən adamlar...” – 23-cü MƏKTUB
07 fevral 2013 23:16 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Biryolluq ölməyən adamlar...” – 23-cü MƏKTUB

Yadındadı,oxucum, söz vermişdim ki, sənə dostlarımdan yazacam. Yazmağa çalışacam. Buna necə başlamaq, bunu necə izah eləmək mümkündü, heç bilmirəm.

 

Bir dostum vardı...

 

Qızı dil açanda mənə “mama” deyirdi.  Uşağı anasıyla xəstəxanadan bir yerdə gətirmişdik.

 

Onun qədər özünü oda-közə vuran adam görməmişəm. Bütün günü çalışırdı. Ora qaçırdı, bura qaçırdı. Ona  badalaq gələn adamlar haqda bir dəfə ağzından pis söz eşitmədik. Hiyləsiz idi, kələksiz idi. Dürüst idi. Dost idi. Hamıya əli yetdiyi qədər əl tuturdu. İnsan idi. Böyük hərflərlə - İNSAN. 

 

Hər şeyi dərd bilən adamlardan deyildi. Həyatı inanılmaz dərəcədə sevirdi. Rəfiqəmin həyat yoldaşıydı. Mən hələ bir dəfə onun rəfiqəmə kobud  söz dediyini eşitməmişdim. Üzü güləşdi. Biz həmişə üçümüz olurduq. Sonra dördümüz olduq. Ləman doğuldu. Ləman...mənə ilk dəfə analıq hissini o yaşadıb. İlk dəfə mənə “mama” o deyib. Həmişə bir yerdəydik. Birlikdə olmaqdan zövq alırdıq. Sevgilim tərk edəndə, işimi itirəndə, bütün dünya üz çevirəndə onların işıqlı, sevgi dolu baxışlarında ovunmuşam. Xoş xəbərləri, sevincək şeyləri mütləq paylaşırdıq. Problemlərin başına gülüşlə, qəhqəhəylə qapaz vururduq.

 

Özümüz öz kədərimizə gülürdük. Məzəli idi Namiq, çox məzəli idi.

 

Rəfiqəmin 14 yaşı olanda sevmişdi Namiq onu.

 

Bir gün işdən sonra zəng vurdu ki, boşsansa səni Namiqlə tanış edim. O vaxta qədər mən ancaq Namiqin adını eşitmişdim, şəklini görmüşdüm.

 

Bir də gördüm oppana-oppana gəlirlər. Sevincdən yay kimi dartınırdılar. Namiqin üzündə sonsuz bir rahatlıq vardı. Sonsuz bir sakitlik. Hətta ilk baxışda məndə arxayın, ədəbaz bir adam təəssüratı oyatdı. Sonra onun bu halını elə sevdim ki, sıxılanda üzünü axtarırdım. Namiq mənim üçün hər şeyə çevrildi zaman-zaman.

 

Bir şeyi dəqiq bilirəm. Dost yeganə adamdı ki, onunla hər şeyi paylaşa bilirsən. Dost o adamdı ki, nə qədər silkələsən içindən zir-zibil tökülməz. Dost o adamdı ki, quyruğundan bassan da içindən sənə qarşı nifrət,  kifirlik tökülməz. Çünki dostun quyruğu olmur. Sən hardan bassan ordan sevgi çıxır. Başqa bir şey də çıxmır.

 

Günün bütün saatlarında, ilin bütün fəsillərində, ayın istənilən vaxtında bir-birimizə sevinirdik. O qədər bir yerdə susmuşuq ki...

 

Biz Namiqi həlim tanıyırdıq. Bir də bu həlimliyin, gördüyümüz, tanıdığımız sakitliyin içində tərpənməz və toxunulmaz  bir qürur vardı.

 

O qədər yumşaq, nəzakətli adamın qüruru toxunulmaz idi. Qəribə qürur idi. Sərgilənmirdi, gözə soxulmurdu, sadəcə görünürdü. Necə ki, adama baxanda görürsən ki, burnu , qulağı var, eləcə.

 

Bir gün işlədiyi yerdən uzaqlaşdı...

 

Ağır günləri başladı. Getdikcə daha pis olurdu. Pulsuz-parasız qaldılar.  Əlini nəyə atsa boş çıxırdı. Kimlərlə iş görürdü badalaq gəlirdilər. Pulunu vermirdilər, aldadırdılar, inandığı dostları borcunu qaytarmırdı. Yaxın adamlar zibilə saldılar onu. Qardaşları kənara çəkildi. Atası öldü. Evləri də yoxdu. Kirayə qalırdılar. Rəfiqəm bütün günü planlar qurub gələcək evlərindən ağızdolusu danışırdı. 10 il inandılar, gözlədilər ki, evləri olacaq. 10 il zülmlə yaşadılar. İkinci qızları doğuldu. Rəfiqəm o qədər yorulmuşdu ki, yenidən hamilə olduğunu biləndə qəhərdən özünə gələ bilmədi uzun müddət. O qədər əziyyət çəkirdilər ki, rəfiqəm hamilə qadın görəndə acıyırdı. Elə bilirdi bütün hamilə qadınlar nəfsi çəkən şeyləri yeyə bilmir, elə bilirdi hamısı yarıac, yarı toxdu, elə bilirdi hamısı evsizdi, pulsuzdu. Elə bilirdi hamısı hamilə olduğuna görə dünyanı, ölkəni lənətləyir. Qəribə idi. Namiqi bir müddət elə bil quyuya atmışdılar. Heç nə alınmırdı. Çıxa bilmirdi vəziyyətdən. Neynəsə kar eləmirdi.

 

Biz həmişə kişiləri güclü görmək istəyirik.  Yazıqlar qorxularından ağlaya da bilmirlər ki, yalnış anlaşılar. Zəifdi, - deyərlər, -  Arvad kimi ağlayır, - deyərlər. Bizə elə gəlir ki, kişi dəmir parçasıdı. Duyğuları, həyəcanı, ağrıları yoxdu.  Canlı insandan - ürəyi, beyni, şüuru, instinkti olan bir varlıqdan bəzən elə məsuliyyətsizcə danışırıq, elə arxayın ittiham edirik,  sanki buna mənəvi haqqımız var. Sanki bir paltar maşınından, bir tozsorandan, ya bir cipdən danışırıq. 

 

Biz Namiqi  ağlayan görmədik. Mən həmişə düşünürdüm ki, bunun bir fəsadı olacaq.  Bu qədər yükə tab gətirmək çətindi. Sözün düzü, mən heç rəfiqəmi də ağlayan görməmişəm. 17 illik dostluğumuzda hələ onun hönkürdüyünü görməmişəm. Bircə dəfə nənəm öləndə  məni qucaqladı “ Nənəyə görə sənə necə təsəlli verməliyəm, bilmirəm, Ayka” - deyib, ağladı.

 

Dostlarım bilirdilər ki, nənəmlə nəfəs alıram. Biz nənəmlə burun-buruna, qucaq-qucağa yaşayırdıq.

 

Mən nənəmdən sonra ucsuz-bucaqsız bir boşluğa yuvarlandım. Elə nəsə axtardım, elə nəsə çatışmadı, elə nə üçünsə darıxdım, sızıldadım. Bunun adı “nənənin ölümü” deyildi. Bunun adı “nənənin yoxluğu” idi.

 

O qadın ayağını bizim həyatımızdan götürən kimi yükü boşaldılan yüngül qayıq kimi suyun üzünə qalxdıq. Girinc qaldıq. Bayaqdan işimiz vardı, harasa nəsə aparıb gətirirdik. İndi boşuq, bomboş...Bunu anlatmaq çox çətindi.

 

Mən həm də nənəm üçün yaşayırdım, nə gizlədim. Həm də onun bişirdiyi xörəyi yemək, sevgisini duymaq üçün yaşayırdm. Mən həm də nənəmdən zövq almaq, onu sevmək üçün yaşayırıdm. Həm də istilliyi, qucağı,  ürəyi üçün yaşayırdım.

 

Nənəmin bütün insanları bağrına basa biləcək qədər böyük ürəyi, geniş qucağı vardı. Onun üçün adamlar arasında ayrıcalıq mövcud deyildi. O qatili də, bomju da, yoxsulu da, əlili də, dindarı da sevirdi. Mən belə şey görmədim heç yerdə.

 

Nənəm öləndən sonra bir müddət “həm də nə üçünsə yaşamaq” ehtiyacını ödəyə bilmirdim.

 

İzelə qədər belə oldu. İzelə qədər vurnuxdum.

 

Torpağa, dənizə, meşəyə and olsun ki, nənəm mənim sevgilim idi. Bu fövqəladə hissdi. Mən onun qəbri üstünə cəmi iki dəfə getmişəm. Bununla bağlı da yazacam sənə. Gələn məktubda. Eh...elə maraqlı, izahsız şeylər var ki...

 

Hə, rəfiqəmin ağladığını bircə dəfə onda – nənəm öləndə gördüm. Ağlayırdısa, yəqin ki, tək ağlayırdı.

 

Keçən yay Nabrana istirahətə getmişdim qızım və anamla. Təsadüfən dostlara rast gəldik. Ümumi dostlarımız vardı. Sevindik bir araya gəlməyimizə. Söhbətləşirdik, əylənirdik birdən şəhərdən zəng gəldi. Dedilər ki, Namiqin beyninə qan sızıb, keçinib.

 

Tam da işləri yoluna düşəndə. Tam da problemlərdən qurtulanda Namiqin beyni tab gətirmədi...

 

Nə deyim, bundan sonra olanlardan nə yazım. Namiqdən bir həftə sonra rəfiqəm anasını da itirdi.

 

Qəribəsi budu ki, rəfiqəm yalandan deyir-gülür. Mən onun bu yalandan gülüşünü gördükcə darmadağın oluram. Dərdini üzə vurmur. Necə güclüdü, necə ağıllıdı. Necə də cəmiyyətə hesablamır, bayağı düşüncəyə qurban vermir özəl həyatını. Sərsəm qınaqlardan qorxmur.

 

Adamlar istəyirlər ki, bu cavan qadın nə qədər yasda olduğunu hər addımda gözə soxsun.

 

Yalandan ağlayanları heç kim qınamır. Dərdli görünüş cəmiyyətin xoşuna gəlir. Hətta saxta olsa belə cəmiyyət bunu təqdir edir. “Bax, ərinə necə yas saxlayır, afərin”. 

 

Amma  sənin vüqarlı görünüşündə özünü qorumağa, gizləməyə çalışan ucsuz-bucaqsız kədəri görməzdən gəlir cəmiyyət.

 

Nəsə mən əminəm ki, adamlar biryolluq ölmürlər. Bədəndən ruhun ayrılmasına, onun ətrafımızda dolaşmasına inanıram. Nəinki inanıram, hətta bunu bütün varlığımla hiss edirəm. Hiss edirəm ki, bədən sıradan çıxanda ruh ayrılıb kənardan hər şeyi izləyir. Biz onu görə bilmirik. Biz şüuru da görə bilmirik. Ruh elə şüurdu. Biz onu necə görə bilərik?..Şüur sərbəst danışa bilmir, görünmür, yaza bilmir. Onu ifadə edən cismimizdi.

 

Bir xeyli vaxt keçmişdi. Soruşdum ki, Namiqdən bir işarə, nəsə bir əlamət olmayıb?

 

Dedi: “Olub. Onun uğurlu rəqəmi 23 idi. Doğum günü 23 idi, toyumuz 23-ü olmuşdu. Bu günlərdə ona səsləndim. Bizimləsənsə mənə bir işarət ver, dedim. Həmin gün Namiqin xatirəsinə qurban kəsdirib körpələr evinə aparacaqdım. Orda heyvanlar səhv düşməsin deyə rəqəm verirlər. Mənə 23-ü verdilər”.

 

Bu, inancdı. Amma bir mistik yanı var. Rəqəmlərlə bağlı 6-cı məktubda yazmışdım. Qəribə bir sehr var bunda.  Numerologiya hər kəsin öz rəqəmi olduğunu iddia edir və bu təlimə görə, rəqəminlə sənin bütün həyatını çözmək mümkündü. İzahsız, boş-boşuna deyil bütün bunlar, məncə.  Mən okkultizmdə (sirlər elmi) bir həyat açarı görürəm. Nəsə birdən sənə dostlarımdan yazmağım gəldi. Niyəsə məhz bu dəfə onlardan yazdım. Və yazandan sonra məktubu nömrələyəndə baxdım ki, 23-cü məktubdu...

 

[email protected]

  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1816
avatar

Oxşar yazılar