Kənd Təsərrüfat Nazirliyinin «Aqrolizinq» ASC 2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət məqsədi ilə Almaniya istehsalı olan 100 ədəd «CLASS Dominator-130», Belçika istehsalı olan 100 ədəd «New Holland TC-5050», Finlandiya istehsalı olan 250 ədəd «Sampo 2045» markalı taxılyığan kombaynların ölkəyə gətirilməsi və Gəncə Avtomobil Zavodunda yığılan «MTZ» markalı «Belarus» tipli 600 ədəd traktorun istifadəyə verilməsini həyata keçirəcək.
Nazirlikdən APA-ya verilən məlumata görə, qeyd olunan texnikanı lizinq yolu ilə almaq istəyən, eləcə də servis xidmətində çalışan şəxslərin həmin texnikanın istismar qaydalarını mənimsəməsi üçün ASC tərəfindən fevral, mart və aprel aylarında xüsusi təlim kursları təşkil olunacaq.
Göstərilən taxılyığan kombaynları və traktorları lizinq yolu ilə almaq istəyən və servis xidmətində çalışacaq şəxslər həmin təlim kursunu bitirməsi haqqında şəhadətnamə və sürücülük vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq üçün «Aqrolizinq»ə (tel.: (012) 425-63-26; (050) 751-74-91) müraciət etmək lazımdır.