Almaniyada yaşayan soydaşlarımız bu ölkənin ictimaiyyətini 22 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqda məlumatlandırmaq məqsədilə müxtəlif tədbir və aksiyalar keçirir. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin məlumat verilib. Almaniyada Saksoniyanın inzibati mərkəzi olan Drezden şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqırımını əks etdirən çarxların nümayişini təşkil edib. Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda fevralın 15-i və 16-da hər gün 24 saat ərzində hər 5 dəqiqədən bir 20 saniyəlik Xocalı video-çarxı göstərilib.
Bu aksiya ilə yanaşı, Drezdendə Xocalı soyqırımında həlak olanların xatirəsinin anım mərasimi də təşkil olunub. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev qətliam haqqında qonaqlara ətraflı məlumat verib.
Qeyd edək ki, Xocalı qurbanlarının xatirə gecəsində Almaniyada yaşayan soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin nümayəndələri və digər xalqların təmsilçiləri də iştirak edib.