Açın sinənizi!
02 dekabr 2014 11:05 (UTC +04:00)

Açın sinənizi!

0

 

Sosial şəbəkələrin hesabına populyar olub üzə və günə çıxan sayı-hesabı bilinməyən müğənnilər, şairlər, jurnalistlər, həkimlər, aşpazlar, ustalar və s. bu kimi peşə adamlarını tanımışıq. O cümlədən, bu peşələrin sahibi kimi özünü hamıya sırımaq istəyənləri də.

 

Bu gün virtual psixoloqlar barədə yazmaq istəyirəm.

Bəli, bəli, internetin az qala hər küncündən-bucağından boylanan, şəbəkədə hər kəslə dost olmağa çalışan qadın və kişi psixoloqların əlindən psix olub getməkdədir adamlar, amma bu mövzuya hələ ki toxunan yoxdur.

Bir köşə içinə sığmayacaq mətləblərdir bunlar.

 

Məsələn…

Belə bir tip düşünün.

Virtual şəbəkədə qadın profillərini izləyir, dərdini, kədərini yağan yağmurlara qatıb ağlayan yarıyazar, yarıevdar qadınlara dostluq, sonra şəxsi ismarışlar, sonra virtual çiçəklər, virtual təriflər yollayır. Ya əri ( ərləri də ola bilər ), ya sevgilisi ( sevgililəri də ola bilər ) tərəfindən atılan, unudulan, rədd edilən bu toyuq ağıllılar da “Yaralıyam, dəymə, dəymə” naz-qəmzəsi ilə bir qədər dirəniş göstərib, ardından gecə saatları boyunca bu beyin ovçusuna dərd anladır, ürək qızdırır, könül bağlayırlar.

Beyin ovçusu isə paralel olaraq bir neçə könlüyaralıya yazır, hamısını eyni anlarda sakitləşdirir, dəyərli olduğunu, daha yaxşı kişiyə və daha yaxşı sevgiyə layiq olduğunu aşılayır, özünü bir parça ləl-cəvahirat eləyib qoyur piştaxtaya və qamaşdırır könlüyaralıların yaşla dolu gözlərini, asılır boyunlarından.

Yaralarına da dəyir, güllərinin budaqlarını da əyir.

Kişi kimi ələ gətirə bilmədiklərinə qadın profilləri ilə yaxınlaşır, rəfiqə olur, ciddi-ciddi xanım-xatın obrazıyla dindirir, etibar qazandıqca zəif damarlarını öyrənir, sonra elə o damarlaraca basır özünün kişi profilindən.

Könlüqırıq, ruhucırıq, yanıqkərəm kişilərə də elə qadın profillərindən yanaşırlar bu psixomanlar, baxanda…əcəb edirlər, deyib gülümsəmək və üstündən keçmək də olar.

 

Bir deyil bunlar, iki deyil, çoxdurlar.

Əvvəlində “psix” kökü olan sözləri profil məlumatlarına artırıb, insanların hissləri, həyatları ilə oyun qurmaqdan həzz alan psix  “…oterapevtlər”, “…iatrlar”, “…oloqlar”, “…oanalitiklər”.

 

- Aç sinəni! – deyirmiş onlardan ən bərkgedənlərindən biri virtualda bişirib real pasientinə çevirdiyi qadınlara, - qadın sinəsi qədər heç nə dəqiq diaqnoz üçün yardımçı ola bilməz psixoterapiyada, barmaq izləri kimi, göz bəbəkləri kimi, dil qırışları kimi qadın döşləri də individual və təkrarsızdır, baxmaq, toxunmaq, sinirlərinin dərəcəsini görmək vacibdir ki, müalicə effektiv olsun. Seksuallığını, əks cinsə reaksiyalarını  bilmədiyi pasienti müalicə edə bilməz həkim, - deyirmiş.

 

Sizin də yadınıza Haqverdiyevin, Məmmədquluzadənin qəhrəmanları düşdü, elədir?

Əriylə, qaynanasıyla problemi olan xam arvadlara dua yazıb, əl çəkən, mübarəklik bəxş edən yalançı mollalar, axundlar, hə?

Əsrimizin virtual şeyxnəsrullahları, bir sözlə.

 

Bu yaxınlarda yaşı iyirmi üç olmayan bir cavan oğlanın da psixoloqmuş kimi dolaşdığını gördüm facebookda. Uşaq Freyddən o qədər sitat kopyalayıb paylaşırdı ki, profilində, iki paylaşımdan bir də elan edirdi ki, kimin seksual problemləri varsa, kim könlünü açmaq, problem danışıb, həllini bilmək istəyirsə, inboksa yaza bilər. Mən onun və ona problemlərini danışan, seksual həllini gözləyənlərin inbokslarında nələr baş verdiyini təsəvvür etməyi yazıçı təxəyyülümə sığdırmağa cürət etmirəm, amma o uşağa yazığım gəlir, zira bir gün qız profiliylə girən hansısa yaşıdının qaynar beyninin güdazına getməsi görünür üfüqdə.

 

Sinə demişkən, bir virtual olayı da danışım.

Bir tanış qadının əri də belə psevdopsixologiya ilə gecələrin tənha və kədərli qadınlarını ovundurmağa həsr edibmiş özünü. Arvadın başı bir otaqda ədəbi-bədii, tarixi, siyasi  araşdırmalara qarışmışkən, layihə işləmişkən, kişi də digər otaqda başqalarının arvadlarına Freydi anladırmış. Bir dəfə qadının noutbuku donur deyə, ərininkindən istifadə etməyi qərara alır və təsadüfən açıq qalmış akkauntdan hər şeyi görməli olur.

Əvvəl ağlayır, özünü öldürür bir az, sonra isə kişiyə heç nə demədən, özü də bir saxta profil açaraq, başlayır əri ilə tanışlığa. Elə onunla real problemlərini başqa qadın bir  psixoloqa anladırmış kimi danışıb, tənhalıqdan, diqqətsizlikdən sıxıldığını deyir. Kişi ilə bir – iki gecə yazışdıqdan sonra “üzünü görüm, heç olmasa sinəni aç göstər, öldüm sənin üçün burda” kimi yalvarmaqları qarşısında videogörüntü ilə sinəsini ərinə göstərir. Və… və əri monitora pərçim olub, Freydin atasına-anasına yetməyəcək hisslərini izhar etməyə başlayır, kulminasion məqamda qadın dözmür, qonşu otağa keçir, sinəsini düşmən pulemyotuna sıxmış kimi monitora yapışmış ərinə bağırır:

- Ölmürsən???

O anlarda nə baş verir, acizəm izahını verməkdə, elə qadın da danışa bilməmişdi.

Bir onu demişdi ki, əri bir neçə dəqiqədən sonra onun üstünə bağırırmış:

- Bu qırmızı büstqalteri sənə kim alıb, hardandı bu səndə, onu de, itin qızı!!!

 

Belə…

Bu günlük də bu qədər.

Maraqlıdırsa, ardı olsun…

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 745

Oxşar yazılar