“Facebook insanları tanımaq üçün gözəl imkandır”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı, psixoloq Təhminə Çələbi deyib.
Sosial şəbəkələrdən psixoloji asılılıq mövzusuna həsr olunmuş proqramda çıxış edən psixoloq Azərbaycanda sosial şəbəkədən istifadəyə marağın birdən-birə sürətlə artmasını normal hesab etmir: “İnternet insan həyatını asanlaşdırır, onun vasitəsi ilə biz dostlardan xəbərdar oluruq, çoxdan görmədiyimiz ailə albomlarına baxırıq, dostlarımızın həyatındakı yeniliklərdən xəbər tuturuq. Amma digər tərəfdən də, insanlar arasında ünsiyyət itir və bunun nəticəsində insanlar bir-birləri ilə verbal olaraq danışmırlar. Qəribə də səslənsə də, bu, hətta boşanmalara da səbəb olur. Qısqanclıq motivini kənara qoysaq belə, insanlar bir-biri ilə ünsiyyət qurmadıqda uzaqlaşırlar və virtual aləmdəki dostlarla daha yaxın olurlar, nəinki evdəkilərlə. Boşanmaların kökündə duran səbəblərdən biri münasibətlərin tamamilə soyuqlaşmasıdır”.
Mütəxəssisin fikrincə, daha çox psixoloji problemləri olan insanlar sosial şəbəkələrin əsirinə çevrilirlər: “İnternet asılılığı kompleksli insanlara daha çox təsir edir. Real həyatda üz-üzə, gözlə kontakt qura bilməyən insanlar üçün virtual aləmdə ünsiyyət çox rahatdır, çünki onlar burada öz fantaziya dünyasını yaşayır. İnsan get-gedə reallıqdan uzaqlaşır. Bu isə sonradan depressiyaya, qıcıqlanmalara və aqressiv davranışlara səbəb olur. Melanxolik insanlarda bu, evdən qaçmağa da gətirib çıxara bilər”.
Təhminə Çələbi yeniyetmələrin sosial şəbəkədən istifadəsinin onlar üçün yaratdığı problemlərdən danışıb: “Elə gizli qruplar var ki, ağlagəlməz şeylərlə məşğul olurlar. Yeniyetmələr arasında intihar həddinə çatdıran qruplaşmalar var. Ona görə də xüsusilə yeniyetmələrin valideynləri diqqətli olmalıdırlar. Bəzən övladla valideynlərin danışdıqları tam fərqli olur, təbii ki, uşaqlar psixoloqla səmimi olurlar, güvənirlər. Uşaqlara qadağalar qoyarkən mütləq səbəbini də izah etmək lazımdır. Uşaqlarda marağın olması normaldır. Digər tərəfdən, təəssüf ki, bizdə valideynlər uşaqlara cinsi tərbiyə vermirlər, məktəblərdə isə həmin mövzular uşaqlara keçirilmir. Bu zaman uşaqlar başqa mənbələrdən daha fərqli və bəlkə də zərərli məlumat alırlar. Yeniyetmələrdə hormonların inkişaf etdiyi dövrdə bu maraq onların özündən asılı deyil. Onları nəzarətdə saxlamaq yaxşı olar, amma cəzalandırmaq əvəzinə onu maraqlandıran sualı cavablandırmaq daha məntiqə uyğundur. Valideynlər öz dövrləri ilə müqayisə eləməsinlər, çünki inkişaf gedir və heç nə əvvəlki kimi deyil”.
Qonağın sözlərinə görə, Azərbaycanda populyar olan “Facebook” şəbəkəsi əslində insanları tanımaq üçün gözəl imkandır: “Əslində “Facebook” çox gözəl düşünülmüş bir şəbəkədir, burada insan özünü təqdim edir. Əməllər niyyətə bağlıdır, niyyət fərqli olanda ondan hər insan öz istədiyi kimi istifadə edə bilir. Sadəcə dostluq sayının çoxluğu ilə fəxr edən insanlar var ki, bununla sanki şəxsiyyətini təsdiqləmiş olur. Bunların hamısı eqodan irəli gəlir, insan öz şəxsiyyətini bundan istifadə edib təsdiqləmək istəyir, amma təbii ki bu, absurddur. Əslində orada insanın xarakteristikası bilinir, sadəcə müşahidə etməklə bunu bilmək olur”.
Psixoloq “Facebook” istifadəçilərinin psixoloji baxımdan bir neçə tipə ayrıldığını deyib: “İnsanlar tiplərə bölünür, istiroid, yəni göstərişi sevən insanlar daim səhifəsində özü haqqında məlumat verir. Bununla insanı tanımaq daha gözəldir, insan bir az diqqətli olsa, hər şeyi bir-birindən seçməyi bacarar. Bizim artıq ad günü güllərimiz, tortlarımız, hədiyyələrimiz də virtuallaşıb, robotlaşma gedir. Artıq yazmağa belə həvəs yoxdur, işarələrlə anlaşmalar var. Bu, verbal ünsiyyəti sıfıra endirir. Psixoloqlar qeyd edir ki, ünsiyyət təfəkkürün inkişafıdır, insanda hər şeydir. İnsana bu, hava-su kimi lazımdır. Ünsiyyətsizlikdən psixoloji xəstəliklər, narazılıqlar artır. Daha çox müşahidə olunan isə fleqmativ tiplərdir. Hətta elə insanlar var ki, səhifələrdə rəy yazmağa belə cəsarət etmirlər. Bunlar özünə qapalı insanlardır və onun üçün kiməsə dostluq göndərmək artıq böyük bir prosesdir”.
Təhminə Çələbi sosial şəbəkələrdən istifadənin artmasında müasir texnologiyaların sürətlə inkişafının əsas rol oynadığını deyir: “Mobil telefonlar həyatımızın bir hissəsinə çevrilib. Əlimizdə belə imkan varsa, onun daha yaxşı tərəflərindən istifadə etməyə çalışmalıyıq. Əvvəllər 15, daha sonra 6 yaşda internet istifadəçisi olurduqsa, indi iki-üç yaşına çatmamış uşaqlar asanlıqla internetə girə bilirlər. Planşetlər uşaqların oyuncağına çevrilməyə başlayıb. Uşaq internetdən nə qədər gec istifadəyə başlasa, bir o qədər də onun xeyrinə olar. 6 yaşından tez internetdən istifadə etmək məsləhət görülmür, çünki nə təxəyyül, nə təfəkkür, nə diqqət inkişaf etmir, belə uşaqlar böyüdükdən sonra onlarda danışmağa belə həvəs qalmayacaq. İnternetin imkanları elədir ki, artıq insanlar düşünməyə ehtiyac duymurlar. Çünki istənilən məlumatı internetdən əldə edə bilərsən. Düşünəndə təfəkkür inkişaf edir, indi isə hər şey hazırdır. Əvvəllər uşaqlarda sosial fobiya, natamamlıq hissi yox idi, indi isə bu hallar geniş yayılıb. Bu həm valideynlərin boşanmasından, həm ünsiyyətin aşağı olmasından irəli gəlir. Hər uşaq məktəbdən sonra evə tələsir ki, yeməkdən sonra internetə daxil olacaq”.
Psixoloq “Facebook”dan asılılığın ciddi psixoloji problemlər yaratdığını, bu asılılıqdan qurtarmağın insanın özündən asılı olduğunu deyib: “Burada sadəcə istək lazımdır ki bu asılılıqdan qurtarasan. Elə insanlar var ki, belə yaşamaq istəyir, virtual həyatda özünü daha rahat hiss edir. Lakin bu hal insanda ağır depressiyaların yaranmasına gətirib çıxara bilər. Məsələn, bəzən ailələr arasında münaqişələr olur və onlar bu problemlərini sosiallaşdırırlar. Yaxud “Facebook”da sürəkli vaxt keçirən insanlarda bir növ paranoya, yəni şübhəçilik hissi yaranır. Onlar daim düşünürlər ki, bu status mənə ünvanlanıb, mənim haqqımda yazılıb, mənə nə isə eşitdirmək istəyirlər və s. Bu kimi depressiv hallardan qurtarmağın yolu insanın özünə sosial şəbəkəyə daxil olma limiti tətbiq etməsidir. Yox əgər vaxtlarını bölə bilmirlərsə, onda bir müddət sosial şəbəkələrə çıxışı olmayan telefonlardan istifadə etsinlər. Bu insanın öz qarşısına qoyduğu məqsədlərdən asılıdır. Belə olan halda insanlar canlı ünsiyyətin ləzzətini dadmağa başlayacaqlar”.
Təhminə Çələbi son zamanlar populyarlaşan “Selfi” paylaşma asılılığının da insanların psixoloji problemləri ilə bağlı olduğunu vurğulayıb: “Psixologiyada narsist deyilən bir termin var, bu, insanın özünə aşiq olması deməkdir. Görün insan özünə nə dərəcədə pərəstiş edirsə hər pozada şəkil paylaşır. Və ona elə gəlir ki dostları onun həyatının hər dəqiqəsi ilə tanış olmalıdır. Əslində burada özünə inam normadan artıqdır. İnsanın hər bir şeydə xarakteri ortaya çıxmağa başlayır, özünü göstərməyi sevənlər “selfi”dən istifadə edir, digərləri isə sadəcə tamaşaçı qismində qalırlar”.
Psixoloq bəzi istifadəçilərin yeri gəldi-gəlmədi başqa insanların hər statusunun altında şərh yazması məsələsinə də toxunub: “Real həyatda öz sözünü deyə bilməyən insanlar daim bir formada öz sözünü deməyə çalışır. Belə insanlar üçün sosial şəbəkə münasib yerdir, çünki orada onun sözünü heç kəs kəsmir və insan istədiyini yaza bilər. Real həyatda bu insanın sözünü dinləyən yoxdur, ya da doğurdan da onun kompleksi var. Belə şəxslər real həyatda da insanlarla ünsiyyət qura bilmir, daim öz fikrini bildirməyə tələsir. Daha dərinə getsək görərik ki, onlarda hansısa natamamlıq kompleksləri mövcuddur. Buna görə də belə tiplər daim başqalarının paylaşımları altında yeri gəldi gəlmədi fikirlərini yazır, bununla şəxsiyyətini təsdiq etməyə çalışırlar. Demək istəyirlər ki, mənim hər mövzuda fikrim var”.
Psixoloq sosial şəbəkələrdə geniş yayılmış online oyunların da ciddi asılılıq yaratdığını deyib: “Online oyunlar asılılıq yaradır və bununla bağlı bizə çox müraciətlər olur. Yanaşma isə belə olmalıdır ki, online oyunlar həyatımdakı hansı boşluğu doldurur. İnsan bunu dərk etdiyi zaman uzaqlaşmağa başlayır. Psixoloqun burada əsas rolu odur ki, insana həyatında hansı boşluq olduğunu göstərsin. İnsan başa düşməlidir ki, bu oyun onun həyatına girərək hansısa boşluğu doldurub. Bunu inkar etmək, problemi gözardına vurmaq olmaq, belə olan halda problemi həll etmək çox çətindir. İnsan problemini bilir, amma onun haqqında düşünməməyə çalışır, sakit oturanda isə oyun bütün diqqətini özünə çəkir. Bu səbəbdən həmin şəxs yuna bir növ qurtuluş kimi, xilaskar kimi baxır. Amma problemini həll etdikdən sonra oyuna maraq göstərmir, çünki artıq beynində natamam qalmış fikirlər olmur”.