Vaxt var idi insanlar nəyisə öyrənmək, öyrətmək, xəbər ötürmək üçün daş üzərində cizgilər çəkirdilər. Sonra heyvan dəriləri üzərində, papirusda, kağızda yazmağa başladılar. Qutenberqin çap maşınını kəşf etməsi isə bəşəriyyət tarixində inqilab yaratdı. Artıq hər kəsin kitab almaq, oxumaq, elm öyrənmək imkanı yaranmışdı.
İnsanların öyrənmək imkanları da beləcə təkamülə uğrayıb. Texniki üsulların inkişafı biliklərin ötürülməsində yeni-yeni imkanlar açıb. Bunlardan biri də “məsafədən öyrənmə”, daha çağdaş terminlə desək, “e-Learning”-dir. Bu termin ingiliscə “electronic learning” – elektron öyrətmə ifadəsindən yaranıb. “E-learning” elektron üsullarla, kompüter texnologiyaları, internet vasitəsilə elm öyrənməyə deyilir.
Yenə tarixi təcrübəyə qayıtsaq, əslində “məsafədən öyrətmə” Avropada hələ 17-ci əsrdən var idi. Poçt vasitəsiylə tələbə pedaqoqla əlaqə saxlayırdı, tapşırıqlar alırdı, hətta imtahan verirdi. Sonra radio və televiziyanın kəşfi bu sahədə dönüşə səbəb oldu. Artıq dünyada bir çox radio, televiziya kanalları tədris proqramları açmışdılar. Ancaq burda problem onda idi ki, öyrənənlərin öyrədənlərlə əks əlaqəsi yox idi.
Məsafədən təhsil üzrə dünyada ilk ali məktəb isə 1969-cu ildə Britaniyada açılıb. Bu, Britaniya Açıq Universiteti idi. Adından göründüyü kimi, bu universitetdə tələbələrin auditoriyaya gəlməsi vacib deyildi.
Çağdaş dövrümüzdə kompüter və internetin kəşfi isə məsafədən öyrətmədə görünməmiş üfüqlər açıb. Bəzi hesablamalara görə hazırda dünyada “e-learning” bazarının dövriyyəsi 48 milyard dollardan çoxdur. 2011-ci ildə Amerika Birləşmiş Ştatlarında onlayn-təhsilə cəlb edilən ali məktəb tələbələrinin sayı 6 milyon nəfər olub.
İnsanları “e-learning” təhsilə cəlb edən səbəblər onun bazasının hüdudsuzluğu, əlçatanlığı, ucuzluğu və yeni dövrün texnologiyalarına uyğunluğudur. Tələbə daha hansısa kitabxanaya gedib tozlu şkaflardan gətiriləcək ədəbiyyatı gözləməyə məcbur deyil. Kompüterlə elektron kitabları tapır, rəngarəng proqramlarla öz elm sahəsini daha mükəmməl öyrənə bilir.
Azərbaycanda təhsil sahəsində bir çox uğurlu layihələrə imza atan “Azercell” şirkəti də zamanın tələbi olan elektron təhsilə diqqətlə yanaşır. 2011-ci ilin 23 dekabrında məhz “Azercell”in maddi dəstəyi ilə Bakıdakı Xəzər Universitetində “E-learning” otağı yaradılıb.
Otaq çağdaş proqram təminatı olan 26 kompüterlə təchiz edilib. Bu mərkəzin köməyi ilə Xəzər Universitetinin tələbələri elektron təhsilin bəxş etdiyi üstünlüklərdən uğurla yararlanırlar. Mərkəzin açılışı zamanı orda çıxış edən Azercell Telekom MMC-nin keçmiş prezidenti Ali Ağan tələbələri onların gələcək həyatı üçün, təhsili üçün böyük önəm daşıyacaq bu layihədə iştirakları münasibətiylə təbrik etmişdi: “Mən çox sevinirəm ki, gənc nəsil bu gün ən son texnoloji yeniliklərdən faydalana və onları uğurla öz təhsilində tətbiq edə bilir. Azercell isə daim ölkənin gələcəyi olan gənclərin maariflənməsi istiqamətində öz dəstəyini göstərib və bu fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir”.
Mərkəz çox funksional fəaliyyətə başladı, orada keçiriləcək dərslərin və imtahanların qrafiki, cədvəli hazırlandı. Universitet rəhbərliyinin qərarı ilə mərkəzdə əsasən “İqtisadiyyat və Menecment” fakültəsinin tələbələrinin dərslərinin keçirilməsi planlaşdırıldı.
Azercell şirkətinin bu layihə üçün Xəzər Universitetini seçməsi də təsadüf deyildi. Necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də üstəlik... Çünki universitet Azərbaycanın qabaqcıl ali məktəblərindən biri olmaqla yanaşı, elektron təhsilə də həmişə önəm verib. Xəzər Universiteti 2009-cu ildən etibarən “Moodle” (Module Object-Oriented Dynamic Learning Environment – Fənnlərə İstiqamətlənmiş Dinamik Öyrənmə Mühiti) əsaslanan qarışıq təhsil kursları təşkil edir. Burada ənənəvi və internet əsaslı tədris həyata keçirilir. Bu zaman tələbələr fənnin tədrisində istifadə edilən bütün materialları – kursun tədris planı, tövsiyə olunan oxu materialları, həftəlik tapşırıqlar və testləri sistem vasitəsilə əldə edirlər. Vacib tədbirlər haqqında tələbələri əvvəlcədən məlumatlandırmaq üçün elektron elanlar lövhəsindən istifadə olunur. Bundan başqa, Xəzər Universiteti qarışıq təhsil sistemindən müntəzəm keçirilən dərslər və biznes təlimləri üçün istifadə edir.
Azercell Azərbaycanda ilk dəfə olaraq yerli təhsil müəssisəsində belə tədris otağının yaradılmasına dəstək göstərib. Azercell Azərbaycanda ən qabaqcıl ali təhsil ocaqları ilə əməkdaşlıq edir, azərbaycanlı tələbələrin inkişafına, dünya səviyyəli kadrlar yetişdirilməsi prosesinə öz töhfəsini verir. Xatırladaq ki, bu il Azercell-in dəstəyi ilə Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetində respublikada və bölgədə ilk dəfə olaraq 4G sınaq imkanları yaradılıb. Bundan əlavə, Azercell istedadlı tələbələrin təhsilini stimullaşdırmaq üçün xüsusi Təqaüd Proqramını həyata keçirir. Şirkətin Barama layihəsi isə bacarıqlı gənclərin öz ideyalarını reallaşdırmasına imkan verən geniş bir məkana çevrilib.