"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi
28 noyabr 2014 20:28 (UTC +04:00)

"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi

APA- ya Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, aparılan müayinələr bu gün yekunlaşıb. Bununla əlaqədar bildirir ki, müayinə olunmuş nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi müəyyən edilməyib.

 

Nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

 

Xatırladaq ki, "quş qripi" xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəmizin "quş qripi" xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında "quş qripi" xəstəliyinin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yaz fəslində aparılmasını nəzərdə tutur.

 

Hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454
avatar

Oxşar yazılar