İxtisas seçimi ilə bağlı bunları bilirdinizmi? - <span style="color:red;">Yeni QAYDALAR
24 iyul 2019 15:41 (UTC +04:00)

İxtisas seçimi ilə bağlı bunları bilirdinizmi? - Yeni QAYDALAR

Bu gündən 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi başlayıb.

İxtisas seçimi iyulun 24-dən avqustun 6-dək  DİM-in saytında elektron şəkildə aparılacaq.

Abituriyentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidir? Ali təhsil almaq arzusunda olanlar ötənilki ilə müqayisədə bu il  ixtisas seçimlərini necə etməlidirlər?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən təhsil mütəxəssisi  Elxan Nəcəfov bəzi məqamlara toxunub.

O bildirib ki, doğru seçim aparılarsa, I qrup üzrə müsabiqədən keçən heç bir abituriyent kənarda qalmayacaq, əksinə boş yerlər qalacaq: “Düzgün ixtisas seçimi aparılarsa, II qrupda  isə çox az abituriyentin kəsilmək ehtimalı var. Hətta 150-200 bal aralığında nəticə göstərmiş abituriyentlər də 150 ballıq ixtisasları  yazmaqla tələbə adını qazanmaq fürsəti əldə edə bilərlər. I, II və IV qruplarla müqayisədə III qrupda rəqabət daha yüksək olacaq”. 

E.Nəcəfov qeyd edib ki, bu il yüksək bal toplayanların sayının az olması da yüksəkballı ixtisaslara keçid ballarının aşağı düşməsini şərtləndirir. Xüsusilə yüksək keçid ballı ixtisaslarda bu il üçün keçid ballarında azalma daha çox müşahidə olunacaq. Belə ki 500 baldan yüksək nəticə göstərmiş abituriyentlər I, II və IV qruplarda rahatlıqla keçən illə müqayisədə 50-70 bal yüksək olan yerlərə düşə biləcək.

Bütün ixtisas qruplarında keçid ballarının aşağı düşmə ehtimalı olduğunu deyən ekspert bu halın özünü daha çox I qrupda göstərəcəyini deyib: “II qrupda da keçid balının aşağı düşməsi gözlənilir, çünki sənəd verənlərlə ayrılan ixtisas yerlərinin sayı təqribən eynidir. Keçid balının sabit qalması özünü daha çox III qrupda göstərəcək. Bu qrupda sənəd verənlərin sayı ilə ixtisas saylarının müqayisəsi bu ehtimala əsas verir. IV qrupda keçid balı daha çox aşağı düşəcək. Çünki bu qrupda  ixtisas yerlərinin sayının artması və bunun müqabilində sənəd verənlərin sayının azalması, həmçinin yüksək nəticələrin az olması keçid ballarının aşağı düşməsinə səbəb olacaq.

Elxan Nəcəfov abituriyentlərə və onların valideynlərinə tələsməməyi tövsiyə edir. “30 ildən artıqdır ki,  qəbul imtahanları təqribən indiki formatda keçirilir. Peşəkarlarşmış mütəxəssislər və müəllimlər var. Mütləq şəkildə məsləhətləşmələr aparmaq lazımdır. İlkin ehtimalda biz keçənilki keçid balları üzərində müqayisələr aparıb ixtisasları seçməliyik. Deyək ki, hər hansı bir ixtisası seçdik və müəyyənləşdirdik ki, keçən il burda keçid 500 bal olub. Həmin yerə bu il I qrupda hazırlaşan 450 balla düşə bilər. Eynilə ikinci qrupda bu hal baş verə bilər. III qrupda bir o qədər riskə getmək olmaz. IV qrupun  əsas ixtisası olan müalicə işində keçid balı keçən il olduğundan 50-60 bal aşağı düşəcək. “Abituriyent” jurnalı, jurnala əlavə olaraq çıxan vəsaitlər vasitəsilə keçənilki keçid balları üzərində sıralama  aparıb, oradakı baldan ilkin olaraq 70-80 bal yüksək,  abituriyentin bu il topladığı baldan isə 40-60 bal aşağı ixtisaslar seçdikdən sonra abituriyentin 15 ixtisasdan  birinə düşmək ehtimalı yaranacaq. Əgər  abituriyent özü üçün hər hansı bir ixtisası əvvəlcədən müəyyənləşdiribsə, ilk o ixtisası yaza bilər. Bu addım onun digər ixtisaslara düşmək şansını azaltmayacaq. Beləliklə həmin ixtisasa düşməyəcəyi təqdirdə yerdə qalan hər hansı bir ixtisasa düşmək şansını da itirməmiş olacaq”.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər: “Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 300 nəfər göstərib. Bu zaman həmin 300 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur. Abituriyentləri ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürmək üçün oriyentir rolunu oynaya bilər”. Ekspert bildirib ki, 2019-cu ildə seçim edəcək abituriyentlər çox diqqətli olmalıdırlar: “2018-cı ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı məsləhət görürəm amma onunla tam şəkildə yola çıxmaq uğurlu olmayacaq. Mütləq şəkildə 2018-ci ildə ixtisas qrupu üzrə builki abituriyentlə eyni və ya çox bal toplayan abituriyentlərin sayına və həmən ildəki plan yerlərinə baxmaq lazımdır. İxtisas qrupları daxilində qəbul aparılan ixtisaslar üzrə keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Bir daha qeyd edim ki, 2018-ci ildə bəzi aşağı bal formalaşmış ixtisasların plan yerləri həmin illə müqayisə olunmalıdır. Çünki bu il onların bəzisində azalma var ki, bu da ixtisas seçimi zamanı yanılda bilər. Misal üçün, 2018-ci ildə 250 keçid balının formalaşdığı Azərbaycan Texniki Universitetinin Elektronika, telekommunikasiya və radiotexnika ixtisasında 200 plan yeri var idi, bu il isə o ixtisasda plan yeri 95 yer azalıb, 105 plan yeri olub. Bu o deməkdir ki, keçən illə müqayisədə bu ixtisasda plan yerinin azalması həmən balın təkrarlanmamasına səbəb ola bilər”.

K.Əsədov bildirib ki, ixtisas seçimi edən hər kəs DİM-in jurnallarına baxmalıdır, heç bir əlavə informasiyaya aldanmamalıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3685
avatar

Aygün İbrahimli

Oxşar yazılar