Çox deyirdik, Azərbaycan telekanallarına baxmaq olmur... Şəxsən mən son hadisələrin təsirindən gözümü öz kanallarımızdan çəkə bilmirəm. Baxmayaraq ki, ölkənin ən məşhur və ciddi saytlarını az qala dəqiqəbədədqiqə izləyirəm, amma yenə də axşam efirdə nəsə axtarıram. Təbiidir məncə. Dar gündə adama qalan özününkülərdir. Yaxşı, ya pis, bu, məsələnin başqa tərəfidir.
...Və telekanallara diqqətlə baxdığım vaxt şəhid olmuş əsgərlərimizin birinin anası çıxdı ekrana, soyuqqanlılıqla dedi: “Sağ ol, oğlum, yaxşı ki, vətən yolunda şəhid oldun!”
Etiraf edirəm, bədənim ürpəşdi. Təkcə qadının belə danışmasına görə yox, həm də tamam başqa mətləblərə görə... Bu sözlər şəhidlik məfhumunun irfani-islami kontekstini yadıma saldı.
Şəhidlik sözü ərəblərin məşhur “Şəhadət” kəlməsindən götürülüb. İslama görə hər bir insan öz imanı qədər Tanrının, Haqqın varlığına şəhadət verə bilir. Orxan Vəli demişkən, kimi nitq söyləyir, kimi canını fəda edir. İmam Hüseyn ona görə şəhadət məktəbinin zirvəsi sayılır ki, o, Haqqın varlığına özünün və əyalının ölümü ilə şəhadət verdi. Demək istədi ki, Tanrı bu qədər haqdır! Uğrunda bu cür ölünürsə, yalan ola bilməz. İmam əslində şəhadətə məxsus olduğu dinin yeganə xilas yolu kimi baxırdı.
Demək, Haqqın varlığına və onun müdafiəsinə öz ölümü ilə şəhadət vermək şəhadətlərin ən mötəbəridir. Haqqın isə böyüyü, balacası olmur. Xocalıda öldürülən uşaqların haqqı da elə Tanrı haqqı qədər müqəddəsdir.
Başqa bir məsələ, ruhun bədəndən azad olunmasıdır. İslama görə ruh Allahdandır və bizim bədənimizə müvəqqəti olaraq yerləşdirilib. İnsanın əl ali məqsədi bədənin vəsilə olduğu pis əməllərlə ruhu korlamamaq, əmanəti onun sahibinə layiq geri qaytarmaqdır. Tanrıdan olan ruhun Tanrının özü üçün bədəndən azad olunması ən şərəfli hadisədir. Məhz buna görə şəhid olan kəslərin anındaca bütün günahları bağışlanır və onlar hələ canını təslim etməmiş cənnətlə müjdələnir.
Tanrını göyün ənginliklərində absurd varlıq kimi təsəvvür etmək, yaxud Suriya səhralarında axtarmaq lazım deyil. O, əməllərimizdədir, yoxsulun, məzlumun haqqındadır, yurd-yuvası talanmış, azyaşlı körpəsi, günahsız qadını və qocası vəhşicəsinə öldürülmüş, əsir aparılmış, özü ağlar günə qoyulmuş bir qövmün ahındadır!
O haqqa sahib çıxmaq lazım.
O haqqın qayıtması üçün mücadiləyə qalxmaq lazım.
Bu mücadilədə ölümdən qorxmamaq lazım.
Bu mücadilədə ölənlərin ölümü ilə Haqqın varlığına, onun əbədiliyinə, heç vaxt üzülməyəcəyinə şəhadət verdiyini anlamaq lazım.
Bir məmləkətin ki, öz ölümü ilə Haqqın varlığına şəhadət verməyi bacaran oğulları var, o məmləkətə ölüm yoxdur!