Dünən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı, nazirliyin akademiyasının rəhbəri Ziya Yusifzadə vəfat edib. Lent.az-ın məlumatına görə, bu gün İkinci Fəxri Xiyabanda dəfn edilən MTN generalını keçmiş iş yoldaşları xoş xatirələrlə yada salır. Xeyli müddət əks- kəşfiyyat orqanlarında çalışmış İlham İsmayıl Ziya Yusifzadənin işinə peşəkar yanaşan rəhbər olduğunu və bütün SSRİ-də yüksək səviyyəli əks-kəşfiyyatçı kimi tanındığını deyib: “Mən 1982-ci ildə xidmətə qəbul olunanda Ziya müəllim DTK-nın sədri idi. Sovet sistemi vaxtı DTK-ya işə qəbulun sərt prinsipləri vardı və bütün prinsiplər qorunurdu. Hər şey dəqiq və yüksək səviyyədə olmalı idi. Ziya müəllim 88-ci ilədək bizim sədrimiz oldu və bütün SSRİ onu peşəkar əks-kəşfiyyatçı kimi tanıyırdı. Mərkəz də onun bu xüsusiyyətini bilirdi. Vaxtilə elə bir iş olubmuş ki, Ziya müəllim onu çox dəqiqliklə işləyib və təqdim edib. Həm də Ziya müəllim bəstəboy insan idi və yuxarıdan zəng edərək bildirmişdilər ki, bu kadr çox peşəkardır və nə qədər balacaboy olsa da, bir o qədər çox bilir”.
İ.İsmayıl deyir ki, Ziya Yusifzadə ilə Xanlarda (indiki Göygöl rayonu) görüşüb: “Mən həmin vaxt Xanlar rayonu üzrə kurator idim. İlk dəfə orda keçirilən toplantıda görüşmüşdük. Yadımdadır, may ayı idi, Gəncə yaxınlığında avtomobil qəzası olmuşdu və DTK-nın iki əməkdaşı dünyasını dəyişmişdi. Ziya müəllimin tapşırığı ilə meyitlərin aparılmasında iştirak etdim və Permə yollandım. Özü mənə şəxsən zəng edərək Permdə necə çıxış etməli olduğumu dedi, həmçinin orda bizə olan münasibətin necə formalaşdığını öyrənim. İyun ayında isə Xanlara iclasa gəlmişdi və orda hamı rusca danışırdı. Məni görəndə isə azərbaycancaya keçdi və Rusiyaya necə getdiyimi, necə çıxış etdiyimi soruşdu, Ümumiyyətlə, çox həssas, təəssübkeş insan idi. Yadıma gəlir, Qarabağ hadisələri başlayanda Ziya müəllim demişdi ki, bu məsələnin bu həddə çatmasında Azərbaycan DTK-nın heç bir günahı yoxdur. Biz ermənilərin nəyə çalışdığını yaxşı bilirik və bu barədə dəfələrlə məlumat vermişik. Lakin o vaxtkı rəhbərlik bu məsələyə loyal yanaşırdı. Elə həmin vaxt Ziya müəllim böyük uzaqgörənliklə bildirmişdi ki, Qarabağ məsələsi çox uzanacaq”.
Qeyd edək ki, Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla bitirib. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib. 1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.
1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunub. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışıb. 18 iyun 1980 - 11 avqust 1988-ci il tarixlərində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olub. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb.
1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləyib, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.
Böyük həyat və əməliyyat təcrübəsi nəzərə alınaraq, 1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib.