[b]Ürəklərdə yaşayacaq... "Sovetski"də aparılan söküntü işləri - REPORTAJ[/b]
26 may 2016 17:29 (UTC +04:00)

[b]Ürəklərdə yaşayacaq... "Sovetski"də aparılan söküntü işləri - REPORTAJ[/b]

Bakı şəhərinin Baş Planına əsasən, “Sovetski” adlanan ərazidə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısında yer almış 21 yaşayış evi və 2 abidə söküləcək.
 
Bu abidələrin sökülməsi Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb. Söküləcək yaşayış evləri və mədəniyyət abidəsi “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”ndan çıxarılıb.
 
Söküləcək tarixi yaşayış evləri isə Yasamal rayonunun ərazisindədir. Bu yaşayış evləri 1885-1916-cı illərdə tikilib.
 
Memar Nəriman Əliyevin sözlərinə görə, söküləcək bu binaları kompleks şəklində XIX əsrin sonu - XX əsrin əvvəlində tikilmiş binalar kompleksi kimi saxlayıb nümunə göstərmək olardı, ancaq burada heç bir dəyərli memarlıq xüsusiyyətləri yoxdur:
 
"Dövlət tərəfindən əvvəlcədən bunun layihəsi hazırlanır. Nə sökülüb, yerində nə tikiləcək planlaşdırılır. Yəni burada təsadüf ola bilməz. Bunlar tikilib XIX əsrin axırında - XX əsrin əvvəllərində, yəni burada deyəsən ki, görkəmli memarlıq əhəmiyyəti var bunların, yoxdur. Özü də iki-üç mərtəbəli binalar fərdlər tərəfindən tikilib. Burada dəyərli memarlıq xüsusiyyətləri yoxdur. Ona görə deyək ki, bunların hansısa keyfiyyətinə görə saxlamaq lazımdır? Çətindir. İçərişəhərdə olan tikililərin də ayrı-ayrılıqda qiyməti yox idi, orada kompleks şəklində binaları saxladılar orta əsrlər abidəsi kimi. Bunlar o qədər böyük deyillər ki, şəhərin ümumi memarlıq keyfiyyətinə ziyan gətirsin. Bunların miqyası çox kiçikdir".
 
Nəriman Əliyev deyir ki, vaxtilə bütün memarlar Bakının dünyada təkrarı olmayan bir amfiteatr içərisində yerləşdiyini, bunun isə başqa ölkələrdə təkrarının olmadığını dilə gətirirdilər: "Dünyada yeganə Bakıdadır. Ona görə də istəyirdilər ki, bunun təbiətinə uyğun olaraq da memarlıq yaratsınlar. Aşağıda azmərtəbəlilər, yuxarı getdikcə yuxarı mərtəbəlilər. Sonradan bilindi ki, o yuxarı mərtəbədəki zəlzələ daha güclüdür. Ona görə də orda daha tikmirlər. İndi isə bu aşağı hissələrdir. Bu, ikinci terrasdır təqribən. Burada sökmək olar".
 
Siyahıdan çıxarılmış bir neçə yaşayış binasına baş çəkdik. Sakinlərin çoxunu evlərində tapa bilmədik. Çəkilişə razı olmayan sakinlərdən biri bildirdi ki, ev sahibləri axşam evdə olacaq, hazırda isə köçmək üçün ev axtarmağa gediblər. Verilən məbləğdən isə heç bir şikayətləri olmadıqlarını bildirdilər.
 
Təsadüfən vaxtilə burada yaşayan sakinlərdən biri ilə həmsöhbət oldu: "Biz yaşamışıq burada Çingiz Mustafayev küçəsində. Xatirəsi çoxdur, amma söküblər, girdabdan çıxarıblar. İndi biz Babək prospektində yaşayırıq. Arzu edirəm ki, hamı bu çirkabdan çıxsın. Burada aşağı mərtəbədə olurdum, orada hündür mərtəbədə qalıram. Gəlmişəm qohumlara, heç təəssüf hissi də keçirmirəm".
 
Sakinlər arasında abidlərin və həmin yaşayış binalarının sökülməsini birmənalı qarşılamayanlar da var: ""Sökülmə" sözünün altına burada heç bir məmur qol çəkməyib. Niyə görə? Bunun gələcək nəsillər qarşısında məsuliyyəti var. Bizim möhtərəm icra hakimiyyətinin başçısı bunu belə dərk edir ki, əgər çıxarılıbsa, demək, sökülməlidir. Halbuki söküntü haqqında heç bir qərar yoxdur. Belə bir qədimi köhnə binalar, misal üçün, kafe kimi, hər hansısa bir yığıncaq mərkəzi kimi, gənclərin asudə vaxtının keçirilməsi kimi istifadə oluna bilərdi".
 
Sökülməsinə qərar verilmiş abidələrindən biri Muxtarov küçəsi, 83 ünvanında yerləşən, 1888-ci ildə tikilmiş hamamdır. Həmin hamamın binasında Dövlət Yuğ Teatrı yerləşib. Hazırda isə həmin bina sökülüb.
 
"Qabaqlar Yuğ Teatrı idi, lap əvvəllər də hamam idi, günbəzləri də var idi. Akademiyadan qərar vermişdilər ki, guya sökülməyəcək. Gəldilər, vurdular, sökdülər. Bilmədik qərar çıxdı-çıxmadı, sökülməyi haqqında bunu deyə bilmərik".
 
Digər siyahıdan çıxarılmış abidə isə Bakının Nərimanov rayonunda Süleyman Rəhimov və Abdulla Şaiq küçələrinin tinində yerləşən və XIX əsrin sonunda tikilmiş  Şollar su kəmərinin su yayma qülləsidir. Hələlik bu abidə sökülməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

APA TV

Oxşar yazılar