<b>Kitab naşirləri prezidentə müraciət etdi</b>
05 iyun 2018 15:21 (UTC +04:00)

Kitab naşirləri prezidentə müraciət etdi

Kitab naşirləri prezident İlham Əliyevə müraciət edib. Lent.az bizimyol.info-ya istinadən xəbər verir ki, naşirlər pirat kitablara qarşı mübarizənin gücləndirilməsini xahiş edib:

 

“Hörmətli cənab Prezident, biz, aşağıda adları sadalanan və daha çox tədris ədəbiyyatının nəşri sahəsində fəaliyyət göstərən nəşriyatlar olaraq Sizə müraciət edirik.

 

Biz kitablarımızın istehsalını və satışını Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun həyata keçiririk. Hər bir nəşrin ərsəyə gəlməsi uzun müddət və böyük maliyyə vəsaiti tələb edir. Lakin piratların kitab bazarında qeyri-qanuni fəaliyyətinin ildən-ilə genişlənməsi bizi bir çox yeni layihələrdən məhrum edir və iflas dərəcəsinə çatdırır. Nəticədə kitab sektoru tənəzzül edir, nəşriyyatlarımız beynəlxalq kitab sərgilərində Azərbaycanı lazımınca təmsil edə bilmirlər.

 

Məlumdur ki, kitab-nəşriyyat sektoru ölkədə elm, ədəbiyyat və mədəniyyətin inkişafında müstəsna rol oynayır. Nəşriyyatlar müəlliflərlə işbirliyinə girərək yeni elmi fikirləri, bədii dəyərləri oxuculara çatdırır və beləliklə, bu dəyərlərin təbliğinə və geniş yayılmasına nail olur. Kitabların satışından əldə edilən gəlir müəlliflərə, eləcə də nəşriyyatlarda çalışan redaktor, rəssam və dizaynerlərə bu mühüm və xeyirxah işi fasiləsiz olaraq davam etdirməyə imkan verir. Məhz bu səbəbdən müəlliflik hüququ həm beynəlxalq, həm də milli qanunvericiliklə ciddi şəkildə qorunur.

 

Bütün bunlarla yanaşı, bildirmək istərdik ki, Azərbaycanda qeyri-leqal fəaliyyət göstərən bir sıra işbazlar hüquq sahiblərindən heç bir icazə almadan müəllif və nəşriyyatların böyük zəhmət hesabına ərsəyə gətirdikləri kitabları, xüsusilə tədris resurslarını Azərbaycanda və onun hüdudlarından kənarda mətbəə üsulu ilə çoxaldaraq satışını təşkil edirlər. Hüquq sahibi olan nəşriyyatların bu şəxslərlə iqtisadi rəqabəti qeyri-mümkündür, çünki:

1) piratlar müəlliflik və redaksiya-nəşriyyat prosesləri (redaktə, dizayn və s.) üçün heç bir vəsait ödəmirlər;

2) onlar qeyri-qanuni fəaliyyət göstərdikləri üçün vergi ödəmirlər;

3) piratlar kitabın maya dəyərini mümkün qədər aşağı salmaq məqsədi ilə ucuz və keyfiyyətsiz (çox zaman hətta sağlamlığa zərərli) poliqrafik materiallardan istifadə edirlər.

 

Beləliklə, rəsmi fəaliyyət göstərən, ölkədə elmi və ədəbi fikrin inkişafına öz töhfəsini verən nəşriyyatlar günbəgün öz maliyyə dayaqlarından məhrum olurlar.

 

Son dövrdə nəşriyyatların vəkillər və hüquq-mühafizə orqanları ilə birgə mağazalara təşkil etdiyi reydlər göstərir ki, satışda olan pirat kitab nüsxələrinin çeşidi, sayı və əhatə dairəsi çox genişdir. Mağaza sahibləri ilə məhkəmə çəkişmələri gözlənilən nəticəni vermir, çünki onlar aysberqin görünən hissəsidir və qanunvericilikdə onları cəzalandırmaq üçün effektiv mexanizmlər yoxdur. Burada korrupsiyalaşmış dəstələr fəaliyyət göstərir ki, onların başında duranları aşkar etmək üçün hüquq-mühafizə orqanları ciddi təhqiqat aparmalıdırlar. İllər ərzində bu məsələyə kifayət qədər diqqət yetirilmədiyindən həmin işbazlar piratçılıq yolu ilə böyük maliyyə vəsaiti toplamış və hətta öz poliqrafiya bazalarını və satış şəbəkələrini yaratmışlar.

 

Piratlar yerli istehsalla kifayətlənmir, kitabları xarici ölkələrdə də (əsasən, Türkiyədə və İranda) çoxaldaraq pirat nüsxələri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirirlər. Bu yaxınlarda Dövlət İmtahan Mərkəzi və Hədəf Nəşrlərinə məxsus kitabların külli miqdarda kontrafakt nüsxələrinin gömrük əməkdaşları tərəfindən aşkar edilib saxlanması dediklərimizin sübutudur. Lakin araşdırmalar göstərir ki, işbazlar əksər hallarda kitabları dövlət gömrük sərhədindən keçirərək satış şəbəkələrinə çatdırmağa nail olurlar.

 

Bütün deyilənləri nəzərə alaraq xahiş edirik, kitabların pirat nüsxələrinin istehsalını və satışını təşkil etməklə ölkədə sivil kitab sektorunun inkişafına əngəl törədən kriminal şəxslərin aşkar olunması və cəzalandırılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və hüquq-mühafizə orqanlarına müvafiq göstəriş verəsiniz.

 

“Abituriyent” Jurnalı Redaksiyasıının baş redaktoru M..Ə.Bədəlov

 

“Altun kitab” nəşrləri evinin direktoru R.Ə.İsmayılov

 

“Təhsil” Nəşriyyatının direktoru T.B.Axundov

 

“Radius” Nəşriyyatının direktoru Ş.İ.Tağıyev

 

“Qələm” Nəşriyyatının direktoru P.Ç.Eyubov

 

“Hədəf” nəşrləri evinin direktoru M.F.Fərziyev

 

“Bakı” Nəşriyyatının direktoru T.Məlikov

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar