<b>Azay Quliyev:</b> ”Kənar müdaxilələrə ehtiyac qalmadı”
03 fevral 2014 13:16 (UTC +04:00)

Azay Quliyev: ”Kənar müdaxilələrə ehtiyac qalmadı”

“Prezident yanında QHT-yə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Milli Məclisin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara etdiyi əlavə və dəyişikliklər Parlamentin komitə sədrinin, Ədliyyə Nazirliyinin “Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti” idarəsinin rəisinin, Avropa Komissiyasının Bakı ofisinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və dəyişikliklərdən narazı qalan QHT nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirə edilib”. Lent.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin yaz sessiyasında çıxışı zamanı millət vəkili Azay Quliyev bildirib.

 

Millət vəkilinin sözlərinə görə, təşkil olunan üç tərəfli dialoq çox məhsuldar keçdi və narazılıq yaradan bütün məsələlərə aydınlıq gətirilib: “Hesab edirəm ki, səmimi keçən bu görüşdən QHT-lər razı qaldılar və onların bir sıra narahatçılığına da son qoyuldu. Yekunda qərara aldıq ki, qanunun praktik tətbiqində ortaya çıxan mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində hüquq və monitorinq  komissiyası yaradılsın. Bu, bir daha onu göstərdi ki, Azərbaycan dövləti və vətəndaş cəmiyyəti institutları istənilən məsələnin həlli ilə əlaqədar bir araya gəlib anlaşma əldə  etməyə və sivil qaydada dialoq aparmağa qadirdilər. Bu baxımdan beynəlxalq təşkilatlara, xüsusilə AŞPA və Avropa Parlamentinə, ayrı-ayrı ölkələrin səfirliklərinə müraciət edərək demək istərdim ki, artıq bu məsələ ilə əlaqədar kənar müdaxilələrə ehtiyac qalmadı və qoy onlar bundan sonra bu mövzunu istismar etməsinlər”.

 

QHT-yə Dövlət Dəstəyi Şurasının rəhbəri həmçinin "İctimai iştirakçılıq haqqında" Qanunun tətbiq edilməsi məsələsinə də münasibət bildirərək vurğulayıb ki, bu, Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda yaxından iştirakını təmin edən çox mühüm bir sənəddir. “Şübhəsiz ki, bu cür sənədlər dövlət başçısının siyasi iradəsi və vətəndaşlarına olan yüksək etimadı və inamı hesabına mümkün olur. Fürsətdən istifadə edib, ölkəmizin ictimai sektoru adından belə bir demokratik qanunu imzaladığına və onun uğurlu icrasına zəmanət verdiyinə görə dövlət başçısına təşəkkürümü bildirirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436
avatar

Oxşar yazılar