<b>“Matruşka” satan <span style="color:red;">“VƏTƏNPƏRVƏR” : “Get işinlə məşğul ol”  – <span style="color:red;">REPORTAJ </b>
27 may 2019 14:56 (UTC +04:00)

“Matruşka” satan “VƏTƏNPƏRVƏR”: “Get işinlə məşğul ol” – REPORTAJ

Satıcılar danışdıqca, sözün əsl mənasında qürurlanırdım, ən azından söhbət tarixi keçmişimizi, min illərin izini tərənnüm etdirən milli suvenirlərimizdən gedirdi.

 

Təəssüf ki, bu hisləri o qədər də çox yaşaya bilmədim, o vaxtadək ki, gözüm əcnəbi ölkəyə - Rusiyaya məxsus suvenirə sataşanadək...

 

Yəqin ki, söhbətin nədən getdiyini bildiniz. Lent.az-ın əməkdaşı bu dəfə yolunu İçərişəhərdən saldı.

Məqsəd turistlərin milli-mənəvi dəyərlərimizi özündə əks etdirən suvenirlərimizə nə dərəcədə maraq göstərməsini öyrənmək idi, lakin tam başqa mənzərə ilə rastlaşdıq.

Gəlin, birlikdə satıcıları danışdıraq.

 

Qədim şəhərin dar küçələrinə girən kimi ətrafda olan piştaxtaların üstünə düzülmüş və sıralamadakı mağazalarda satılan suvenirlər hər kəsin diqqətini çəkir.

 

Ölkəmizin, eləcə də Qarabağın tarixi abidələri, muğam üçlüyündən ibarət kiçik personajlar, milli ornamentli maketlər, qədim çarıqlar, eləcə də hədiyyələr - baş örtükləri - kəlağayılar, şallar, şərflər və s. çeşid-çeşiddir. Həmçinin üzərində İçərişəhərin tarixi binalarının təsviri olan boşqablar, fincanlar, təsbehlər var ki, bu, Bakı xatirələri gələn qonaqlar üçün təklif edilir.

 

Satıcılardan birinə yaxınlaşırıq.

O, turistlər ən çox tariximizi əks etdirən suvenirlərə maraq göstərdiyini deyir:

 

“Yolunu burdan salan xarici qonaqlar, demək olar ki, gördüyünüz bütün əl işlərinə maraq göstərirlər. Qar kürələri, müxtəlif rənglərdə olan kəlağayılar, bəzəkli qablar, qədimi lampalar, qolbağı, üzük və s. Turistlərin hər biri Azərbaycanı təbliğ edən, xatirə-hədiyyələr alırlar. Bakını əks etdirən gördüyünüz “Qız qalası” isə qonaqlarda daha çox maraq yaradır”.

Qonşu satıcı da söhbətə qoşulur:

“Bura ən çox Şərq ölkələrindən, xüsusilə də ərəblər gəlirlər. Dövlət xəttilə gələn qonaqlar azdır. Demək olar ki, bizə pul qazandıranlar mövsümi turistlərdir. Ərəbistan, Dubay, İzrail vətəndaşları bizim daimi alıcılarımızdı. Ramazan ayı ərəfəsində isə daha çox İrandan axın olur. Ola bilsin ki, bu da şəriətdə olan qaydalardan qaynaqlanır. Orucluqda səfərdə olan müsəlman yaşadığı yerdən müəyyən məsafə qət edərsə, oruc tutmaya bilər. Yəqin bu mömin qardaşlarımız da bundan məharətlə istifadə edirlər (gülür)”.

 

Digər piştaxta arxasından replika gəlir: “Bunlar Allahı elə aldadırlar ki, heç xəbəri də olmur”.

 

“Baməzə” satıcının dedikləri daha çox maraq kəsb edirdi:

“Hər malın öz alıcısı var, ancaq bir məqamı qeyd edim ki, nədənsə kəlağayılara ən çox rus qadınları maraq göstərir, həmişə alırlar. Milli geyimlərimiz ərəblərin, İrandan gələn qonaqların diqqətini çəkir. Bu geyimləri Bakı yəhudiləri də alır. Adətən Novruzqabağı alırlar”.

Satıcılar danışdıqca sözün əsl mənasında qürurlanırdım, ən azından söhbət tarixi keçmişimizi, min illərin izini tərənnüm etdirən suvenirlərimizdən gedirdi.

 

Təəssüf ki, bu hisləri o qədər də çox yaşaya bilmədim, o vaxtadək ki, - gözüm əcnəbi ölkəyə - Rusiyaya məxsus suvenirə sataşanadək.

Elə o dəqiqə də bunun səbəbini soruşdum:

 

Milli adət-ənənələrimizi təbliğ edən “oyuncaqlar”ın yanındakı iç-içə yığılmış “matruşqa”lar nə məna kəsb edir?

Satıcı heç bir söz tapma bilməyib dodağının altından eşidilməyəcək tərzdə mızıldandı. Sonra əlavə etdi ki, pula getdiyinə görə satırlar:

“Nə bilim vallah, maraq göstərənlər var deyə satmağa gətiririk”.

 

 

Nə qədər çalışsam da, onlara izah edə bilmədim ki, belə gözəl suvenirlərimizin yanında bu “matruşqa”lar yad ünsür kimi görsənir. Başqa xalqa məxsus suveniri biz niyə təbliğ etməliyik ki?

 

Səthi də olsa, dedim, heç veclərinə də almadılar, nəysə... (Əslində bu, heç də kiçik bir məsələ deyil, sadəcə başqa bir mövzunun materialı olduğundan üstlərinə getmədim).

 

Satıcılarla həddən artıq dərdləşdik, mehribanlaşdıq, səmimi münasibət yaratdıq. Lakin axırıncı sualım bütün bu “əlaqələri” alt-üst etdi. (Bilsəydim, heç verməzdim – F.M):

 

“Satdığınız müxtəlif çeşidli suvenirlərimizin tarixi haqqında nəsə bilirsinizmi, turistlər maraqlandıqda onlara ətraflı olmasa da, məlumat verə bilirsinizmi?

... Belə də gözləyirdim, sanki qurbağa gölünə daş atıldı... Satıcılardan risk edib “birinci“ olmaq istəyən yoxdu – yəni sualımızı cavablandırmaq istəyən “könüllü” gözə dəymir.

 

Davam edirəm... Axı belə biganəlik olmaz, milli-mənəvi dəyərlərimizin bəlkə də “vizit kartı” olan bu suvenirlər, maketlər barədə, bəd ayaqda, səthi də olsa, məlumata malik deyilsiniz, ancaq bəh-bəhlə “matruşqa”lara “Allah bərəkət versin” deyirsiniz.

 

Deyəsən, danışdıqca özümdən çıxırdım – “Vətənpərvər” satıcılardan birinin “Get işinlə məşğul ol” sözü məni özümə qaytardı.

Gələndə necə xoş təəssüratlarla qayıdacağımı düşünsəm də pəjmürdə geri qayıdırdım...

 

Redaksiyaya gələn kimi dərhal aidiyyəti quruma zəng etməyi qərarlaşdırmışdım və elə də oldu. Bu suala cavab tapmamış reportajı yaza bilməzdim, nə yazıq ki, yazdım...

“Sınmış”, “pərt” sualı cavablandırmaq üçün, Turizm Nazirliyinin mətbuat katibi Kənan Quluzadə ilə əlaqə saxladıq.

K.Quluzadəyə mövzu ilə bağlı 6-7 dəfə müraciət etsək də, hər dəfə “müxtəlif bəhanələr”lə yayındı.

Deyəsən, satıcılar daha çox “bilirdi”...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1909
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar