Bakı Ali Neft Məktəbində (BANM) “Halliburton” şirkətinin mütəxəssisləri ARDNŞ-nin tərkibində olan bir sıra qurum nümayəndələri üçün quyuların tamamlanması ilə bağlı seminar keçiriblər. Məktəbdən Lent.az-a verilən məlumata görə, seminarın 1-ci günündə BANM-nın rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi və nailiyyətləri haqqında məlumat verib. O, BANM-in “Halliburton” şirkəti və Azərbaycanda fəaliyyət göstərən digər transmilli şirkətlərlə əməkdaşlıq əlaqələrinin mütəxəssis hazırlığına dəyərli töhfələr verəcəyini vurğulayıb.
Seminarda “SOCAR- AQŞ” MMC-nin, “Azneft” İstehsalat Birliyinin, Kompleks Qazma İşləri Trestinin, "SOCAR ÜMİD" MMC-nin və ARDNŞ-nin digər struktur qurumlarının mühəndisləri iştirak ediblər. Əsas məqsəd “Halliburton” şirkətinin mütəxəssisləri və ARDNŞ-nin quyuların qazma və tamamlama işlərini həyata keçirən mühəndisləri arasında sıx iş birliyi qurmaq və onlara “Halliburton” şirkəti tərəfindən quyuların tamamlanmasında ən müasir və yüksək keyfiyyətli xidmət və avadanlıqlar təklif etməkdir.
2 gün ərzində “Halliburton” şirkətinin mütəxəssisləri tərəfindən seminar iştirakçılarına “Təhlükəsizlik məsələləri barədə məlumat”, “”Halliburton” şirkətinin quyuların tamamlanması vasitələrinin işinin təşkili və ümumi imkanları”, “Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin neft sənayesində vacibliyi”, “Qlobal mühitdə istifadə olunan müxtəlif tamamlama layihələri”, “Tamamlamada axının idarə olunması”, “Halliburton şirkətinin məhsul xidmətləri şəbəkəsi və Xəzər regionunda imkanları”, “Qumla mübarizə metodları və süzgəclər” və digər mövzularda təqdimatlar keçirilib.