“Xocalı soyqırımı nəinki türk millətinin, insanlığın ortaq ağrısı olmalıdır. Çünki Xocalıda yaşananlar modern dünyanın insanlıq utancı idi”. Bu fikirləri İstanbul Barolar Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci il dönümü ilə əlaqədar “Beynəlxalq hüquq və insan haqları baxımından Xocalı Qətliamı və Qarabağ problemi” mövzusunda keçirilən konfransda millət vəkili, Azərbaycan –Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva səsləndirib. Onun sözlərinə görə, Ermənistan modern dünyanın qəbul etdiyi qanunları pozaraq Azərbaycan torpaqlarını işğal edib. İşğal nəticəsində 1 milyon insan hələ də öz evinə dönə bilmir. Bu insanların bitməyən acılarının olduğunu deyən millət vəkili “İnsanlar evlərindən didərgin düşməsi ilə yanaşı, 100 mindən çox insan sağlamlığını itirib. Hələ bu siyahıya psixi stress keçirənlər daxil deyil. Ermənistan bütün bunları etməklə insanlığa qarşı bir cinayət edib. Ancaq dünya ölkələri bu məsələyə müdaxilə etməyərək insanlığa qarşı edilən cinayətə ortaq olublar”-deyə bildirib.
Türkiyə Vəkillər Kollegiyasının üzvü Səidə Ekmenin idarəçi olduğu konfransda həmyerlimiz, Giresun Universitetinin rektoru Aygün Attar da çıxış edib.