Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 2200-ə çatıb.
Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib. O bildirib deyib ki, 1704 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1634 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.
Komissiya sədri söküntü ərazisinə düşən 3 410 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 841 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb: “Artıq ölçmə işləri aparılan mənzillərin və qeyri-yaşayış sahələrinin sahiblərinin 50 faizi razılaşma protokolu üçün bizə müraciət edib. Bu gün ölçmə işlərinin aparıldığı qalan 50 faizlə razılaşdırma protokolunun imzalanmaması o demək deyil ki, onlar müəyyən edilmiş şərtlər alqı-satqının aparılmasını istəmirlər. Bu, sadəcə, həmin şəxslərin mənzil və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmə işlərində problemlərinin olmasından qaynaqlanır. Əsas problemlər odur ki, vaxtilə rəhmətə gedən şəxsin vərəsələrinin adına sənədləşmə aparılmayıb, vərəsələr arasında pay bölgüsü mövcud deyil. Yaxud faktiki yaşayanlar və mülkiyyətçilər arasında anlaşılmazlıqlar var”.
S. İslamov qeyd edib ki, bununla əlaqədar komissiyanın baş nazirin müavini Abid Şərifovun yanında keçirilən son müşavirəsində çıxış yolu müəyyən edilib: “Müşavirədə təklif verilib ki, bu insanlara hüquqi yardım göstərilməsi üçün komissiyanın yanında yüksək ixtisaslı, mülki işlərdə uzun illər təcrübəsi olan hüquqşünaslardan ibarət hüquqi yardım qrupu yaradılsın. Təklif qəbul edilib və hüquqşünaslar arasında seçim aparılaraq 6 təcrübəli hüquqşünasdan ibarət Hüquqi Yardım Qrupu bu gündən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 12 (Nizami metrosunun yanı) ünvanında fəaliyyətə başlayıb. Qrup həftənin 1, 3 və 5-ci günləri saat 14:30-dan 18:00-a qədər fəaliyyət göstərəcək. Hüquqi Yardım Qrupu müraciət edən sakinlərə sənədləşmə probleminin həlli ilə əlaqədar hüquqi məsləhət verəcək, istiqamət göstərəcək. Eyni zamanda lazım olduğu təqdirdə bu hüquqşünaslar məhkəmədə həmin sakinlərin əvəzinə iddia qaldıracaq, bu iddiaları müdafiə edəcəklər. Bu, o demək deyil ki, insanların qanunsuz istəkləri yerinə yetiriləcək. Sadəcə, həmin insanlar ən düzgün hüquqi istiqamətə yönəldiləcək, iddiaları haqlı olarsa, hüquqları təmin olunacaq. Bütün bu işlərin hamısı dövlət hesabına olacaq. Yəni həmin sakinlər hüquqi məsləhət, bu hüquqşünaslar tərəfindən iddialarının məhkəmədə qaldırılması və müdafiə edilməsi üçün vəsait ödəməyəcəklər”.
Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.