101 yaşlı Məmmədxan kişi: “Hitler çox tələsdi”
...Şahverdi kişi ilə söhbətimizi yekunlaşdırıb digər qəhrəmanım Məmmədxan əmigilə yollananda xəbər tutdum ki, həmsöhbətimin ayağı sınıb, yataqdadır. Düzü, bunu eşidəndə söhbətin istədiyim kimi alınacağına ümidim bir qədər azaldı. Çünki 101 yaşlı adamın canı ağrıya-ağrıya nə haqdasa danışa biləcəyinə şübhəm vardı. Amma...
Məmmədxan kişi ötən yazımızın qəhrəmanı Şahverdi kişinin əkiz qardaşıdır. O da 1912-ci ildə Laçın rayonunun Hətəmlər kəndində anadan olub. Hər ikisi müharibədə iştirak etsələr də, ayrı-ayrı yerlərdə xidmət ediblər. O, əkiz qardaşına nisbətən sözə, fikrə, ədəbiyyata daha bağlı adamdır, gündəlik hadisələrlə maraqlanır, hətta dünya siyasətində baş verənləri də izləməyə vaxt tapır.
Amma bütün bunlardan öncə onun müharibə xatirələrini dinləməmək günah olardı.
- Mən Polşa tərəfdə olmuşam. Polşa Almaniya ilə həmsərhəddir. Sovet ordusu Polşanı Almaniyadan əvvəl tutmuşdu. Finlandiya ilə 40-cı ildə olan müharibədə də iştirak etmişəm. Həmin müharibədə sovet ordusu Finlandiyanın xeyli torpağını işğal eləsə də, ölkəni sovet hökumətini tərkibinə qata bilmədilər. Əslində müharibəni Finlandiya başlamışdı. Mən müharibədən il yarım əvvəl - 1939-cu ilin axırında getmişdim. Qardaşımdan da bir az tez qayıtdım. Almaniya torpağında boğazımdan və ayağımdan yaralandım. Ona görə məni Kiyevə gətirib tərxis etdilər.
Əkiz qardaşından fərqli Məmmədxan kişi sağlamlığından gileylənir. Deyir ki, 7-8 ay əvvəl həyətdə ayağı büdrəyib və sınıb. Elə o gündən yataqdadır.
- Boğazımda da ağrılar var. Qocalıq da bu tərəfdən imkan vermir. Əlimdən də qəlpə yarası almışdım. Şükür Allahın məsləhətinə. Kim deyərdi ki, ordan salamat qayıdardım. Allah istəsə odun içinə düşsən də yanmırsan.
Nəvəsindən öyrənmişəm ki, Məmmədxan kişi babat siqaret çəkən olub. Amma nə qədər qəribə də olsa, qəhrəmanım siqaret çəkməyə düz 62 yaşında başlayıb.
-1974-cü ildən sonra siqaret çəkməyə başlamışam, indi də çəkirəm. Amma kefim yaxşı olanda.
- Seçkidə iştirak etdiniz?
- Əlbəttə. İlham Əliyevə səs verdim. O, biz müharibə iştirakçılarını çox gözəl saxlayır
- Dünya siyasəti ilə maraqlanırsınız?
- İndi baxıram Ərəbistanda, başqa ölkələrdə aləm qarışıb bir-birinə. Azərbaycanda əmin-amanlıqdır. Bu, böyük şeydir. Biz aclığı çox görmüşük. Dövlətin çörəyi də tükənmişdi, ərzağı da. Almaniya 13 dövləti işğal eləmişdi. 14-cü sovet dövləti idi. İndi sən təsəvvür elə ki, 14 dövlətin nəyi var idisə, hamısı nemesin əlindəydi. Hitler çox tələsdi. Hitlerin məğlubiyyətinin əsas səbəbi də bu oldu. Deyirdi ki, dünyada bir ideya olmalıdır - faşizm. Ondan sonra İranda Tehran konfransı keçirildi. Rusiya, İngiltərə, Amerika, Fransa konfrans çağırıb Almaniyaya qarşı birləşdilər. Hitler öz əsgərinə demişdi ki, müharibədə qalib gələndən sonra sizə istirahət verəcəyəm, qalan ölkələri Rusiyanın qoşunuyla alacağam.
- Sizcə Rusiya təkbaşına Almaniyaya qalib gələ bilərdi?
- Yox, nemes çox güclü idi. Bacara bilməzdi. Bütün qüvvəni Stalinqrada yeritdi. Volqaboyunu alandan, Sibir tərəfi tutanda sonra sovet hökuməti məğlub olmalıydı.
- Mənə maraqlıdır k, 70-80 il əvvəl ermənilərlə münasibətlər necə idi. Məsələn, siz Laçında yaşayanda onların düşmənçiliyini hiss edirdiniz?
- Pis deyildi, hamımız bir ölkənin vətəndaşı idik. Amma oğru və xain millətdilər. O vaxt Səməd Vurğun yazırdı ki, “qardaş olub Hayastan Azərbaycan”. Amma onlar hazırlaşırmışlar.
- Deyilənə görə o vaxt Qarabağda qalayçıların çoxu ermənilər olub.
- Elə idi. Ermənilər Laçına gedib gəlirdilər, qız alıb, qız verirdilər. O vaxt Ermənistanda hər maaş alandan pul tuturdular. Bəkə də elə həmin pulu müharibə üçün yığırmışlar. Nazirlər Sovetinin sədri Əlixanovun vaxtında ermənilər yazmışdılar ki, biz Stepanakert (Xankəndi-İ.V) olaraq İrəvandan ayrılırıq. Həmin vaxt Stepanakretin rəhbəri Melkomyan idi. Bu Melkomyan gəlib Əlixanovun qəbuluna ayrılmaq istədiklərini deyəndə Əlixanov buna bir tərs şillə qurub demişdi ki, köçürsənsə çamadanını da götür köç. Amma bizim torpağımıza göz dikmə, sən torpağı ayıra bilməzsən. Bala, onlar əvvəlcə beş-on nəfər idilər deyə, səsləri çıxmırdı. Sayları çoxalanda baş qaldırdılar ki, İrəvana köçürük, bura da bizimdir... Bu haqda Moskvaya da yazmışdılar. İli dəqiq yadımda deyil. Heydər Əliyev olsaydı, erməniyə torpaq verərdi? Rus gətirdi Vəzirovu rəhbər qoydu. Yadımdadır, Əliyev bir dəfə cəbhə bölgəsinə getdi, həmin gün 24 kəndi işğaldan azad eləmişdik.
- Laçında nə işlə məşğul idiniz?
- Meşə idarəsində işləyirdim.
- Deyəsən arı saxlayırsınız burda.
- Hə, bir az varımızdı.
- Nə qədər təqaüd alırsınız?
- Dəqiq bilmirəm oğlum alır. 400 manat olmalıdır.
- İnsan 100 il yaşamaq üçün nəyə riayət etməlidir?
- Özünə yaxşı baxmalıdır.
- Yoldaşınız nə vaxt vəfat edib?
- Qaçqınçılıqdan sonra idi. Ermənilər yolda bizi mühasirəyə saldı, yaralanmışdı. Çox bərk qorxmuşdu. 94-cü ildə rəhmətə getdi.
- Sevib evlənmişdiniz?
- Hə özüm sevmişdim, qonşumuz idi. 1946-cı ildə evlənmişdik. Məndən 10 yaş balaca idi. Doqquz övladımız var. Qəhrəman Ana idi.
- Şəki necədir, Laçına oxşayır?
- (Gözləri dolur) Dağları oxşayır, amma vətən ayrı şeydir. Laçının təmiz suyu, təmiz havası vardı. İndi Qarabağ Azərbaycanda olsaydı, orda turizm bazası yaratmaq olardı, ildə bəlkə bir milyon turist gələrdi. Təkcə Qırxqız yaylağı nəyə desən dəyərdi. Rusiyada, Polşada, Almaniyada, Ukraynada çox şəhərlərdə olmuşam. Amma bizim yerlər kimisini görməmişəm.
- Rusca, almanca bilirsiniz?
- Bilirdim, indi unutmuşam.
- Daha çox nə yeyirsiniz?
- Qatıq, qaymaq, pendir, yağ. Hərdənbir də toyuq əti yeyirəm.
- Əkiz qardaşınızı nə vaxt görmüsünüz?
- Bir az olar. Şahverdi ilə məni Allah vətən, torpaq üçün yaradıb. Əhd eləmişdik ki, Heydər Əliyev müharibə başlasa, biz özümüz də müharibəyə getməliyik, orda da ölməliyik. Bu anamızın da bizə vəsiyyətidir. Atalar deyib ki, vuranla “vur” deyən yarıdır. Biz də gedib heç olmasa geridən komanda verərdik(kövrəlir). Torpaq müqəddəsdir. Mənim əziz balalarım, alın torpağımızı... Xanimanımız dağılıb, xaraba qalıb.
- İndi ən çox nə yadınıza düşdü ki, kövrəldiniz?
- Vətən yadıma düşdü. Evimiz, həyətimiz yadıma düşdü. Vətən, vətən, vətən... Bura gözəldi e, yaxşı yaşayırıq. Hökumət də bizə baxır. Amma vətən vətəndi də. Vətən insanın mayasıdır.
Kişinin könlünü almaq üçün söhbətin mövzusunu dəyişirəm. Amma deyəsən alınmır...
- Çox həssas insansınız. Deyirəm bəlkə cavanlıqda şeirdən bayatıdan yazmısınız?
- Yox.
-(zarafatyana) Uşaqlarınızdan hansını daha çox istəyirsiniz?
- Hamısını çox istəyirəm. Amma qızım Laləbəyimi daha çox istəyirəm. Ona anamın adını qoymuşuq. Böyük uşağımın 66, balacanın 49 yaşı var. 21 nəvəm, 8 nəticəmin hamısını çox istəyirəm. Oğlumun biri Özbəkistandadır. Özbəkistandakı, Bakıdakı övladlarım gələndə sevinirəm. Torpaq alınsa, bəlkə də ömrüm uzanardı, xeyli yaşayardım. Vətən şirin şeydir. Rus qoymur məsələ həll olunsun. Rus imkan versə, məsələ həll olunar. Ermənin arxasında dədə babadan rusla fars dayanıb. Allah hər ikisinə lənət eləsin
- Savadlı danışırsınız. Nə əcəb oxumamısınız?
- Qoyunumuz, təsərrüfatımız çox idi. Mən heyvana baxırdım. Amma Şahverdi getdi məktəbə. Atam məni ağlada-ağlada apardı qoyun otarmağa.
- Şahverdi kişi sizdən qıvraq görünür. Heç uşaq vaxtı sizi döyüb?
- Yox, o mehriban qardaşdır. Heç vaxt məni döyməyib. Çox zarafatcıl adamdır.
Söhbətin sonunda gəlini deyir ki, Məmmədxan kişi yaxşı şeirlər, bayatılar bilir. Xahiş edirik ki, bildiklərindən bir-ikisini desin.
Mən aşiq vətən sarı,
Köynəyi kətan sarı,
Tutaydım biləyindən,
Gedəydim vətən sarı.
***
Ay Ariflər, gəlin sizə söyləyim,
Əcəl şərbətini içib gedirəm.
Yüklənibdi xanimanım, barxanam,
Bu yurddan o yurda köçüb gedirəm.
***
Başın əcəl yastığına qoyanda,
Fikrin, xəyalın nə isə qaldı.
O köhlən atların, gül üzlü yarın.
Oğul uşaqların nə isə qaldı
***
Heç kimə qalmayacaq, bil ki, yaman dünyadır.
Qalmayıb Süleymana bil ki, həmən dünyadır.
İntiqam Valehoğlu