Onlar sənətçi, siyasətçi, yazıçı, deputat kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötür tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər.
Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağı şərqşünas-alim, əməkdar jurnalist, Azad Azərbaycan Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlıdır. V. Qaradağlı 1966-ci ildə Bakıda anadan olub. Qurani-Kərimin Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsində Azərbaycan dilində çapdan çıxmış nəşrinin redaktorudur. “Təcvid", Qurani-Kərim: latın qrafikası ilə fonetik transkripsiyası (təcvidli, vurğulu)" kitablarının müəllifidir. “Bizim əsr”, “Naş vek”, “Mərkəz” qəzetlərinə, “Radio Lider" və “Lider TV”-yə rəhbərlik edib.
“Mətbuata təsadüfən gəlmişəm”
- Valideynləriniz Azərbaycan Dövlət Televiziya və Radiosunun diktorları olublar. Amma siz şərqşünaslığı seçdiniz.
- Valideynlərim Azərbaycan Dövlət Televiziya və Radiosunun diktorları olublar. Əslində ərəb əlifbasının sağdan sola yazılması məndə şərqşünaslığa maraq oyatdı. Ərəb əlifbası mənə qəribə gəlmişdi. Atam mən yeddinci sinifdə oxuyanda rəhmətə getmişdi, amma ixtisas seçimimdə anamın müstəsna xidmətləri olub.
- Mətbuata gəlişiniz necə oldu?
- Təsadüfən. Bir dostum mənə qəzet təsisatında iştirak etməyi təklif etdi. Biz o qəzeti yaratdıq (“Bizim əsr”, “Naş vek” qəzetləri) və həmin qəzet 3 dildə çap olundu. Qeyd etdiyim qəzet cəmiyyətdə öz siması olan bir mətbu orqan idi. Tale belə gətirdi ki, həmin şirkətin nəzdində radio və televiziya da (“Radio Lider”, “Lider TV”) rəhbərliyi mən etməli oldum.
- Siz həm qəzetə, həm də televiziyaya rəhbərlik etmisiz. Sizcə, bunlardan hansına rəhbərlik etmək daha çətindir?
- Hər birinin özünə məxsus özəlliyi var. Mən deməzdim ki, qəzetə rəhbərlik etmək televiziyaya rəhbərlik etməkdən asandır. Düzdür, miqyasına, əhatə dairəsinə, janrların müxtəlifliyinə görə, televiziyaya heç bir media növü çatmaz. Amma qəzetin də özəlliyi var. Belə ki qəzet belə bir mətbu orqandır ki, yüz illər keçsə də, qəzeti tapmaq, əldə etmək olur. Efir isə gəlib gedərdi.
“Kimsə “mən aliməm” deyəndə, təəccüblənirəm”
- Amma eyni zamanda həm müəllim, həm alim, həm də jurnalistsiniz...
- Hər birinin öz yeri var. Ümumiyyətlə, kimsə “mən aliməm” deyəndə, təəccüblənirəm. Alim olmaq çox böyük məsuliyyətdir. Alim kimi müəyyən işlər görmüşəm, öz müəllifliyimlə kitablarım çıxıb. O ki qaldı müəllimliyə, mən bu peşəni həmişə üstün tutmuşam. Mənim atamın babası da Azərbaycanda pedaqogikanın yaranmasında iştirak edib. Müəllim olan şəxs bərbərxanada işləyərək də müəllimliyini qoruyub, saxlaya bilər. Müəllimlik şagirdə hərf öyrətməkdən ibarət deyil. Müəllim həyat tərzini aşılayan bir insandır.
- Yenə ali məktəbdə dərs deyirsinizmi?
- Bəli.
- İşinizə maneçilik törətmir?
- Müəyyən qədər törədir. Onu da deyim ki, dərs dediyim tələbələrimin də səviyyəsi məni qane edir.
“Qurani-Kərimdə olan sözlər Tanrının sözləridir”
- Siz Qurani-Kərimin Azərbaycan dilində çapdan çıxmış 12 nəşrinin redaktoru olmusunuz. Bu məsuliyyətli işi sizə kim təklif edib?
- Bu da təsadüfən olub. 1988-ci ildə ilk dəfə görkəmli akademik Vasim Məmmədəliyevlə akademik Ziya Bünyadovun tərcüməsində Qurani-Kərim çap olundu. Həmin çapda da müəyyən texniki qüsurlar var idi. Bu da təbii idi. İlk qüsurları da tutan mən oldum. Oradan məndə maraq oyandı. Beləliklə, Qurani-Kərimin Azərbaycan dilində çapdan çıxmış 12 nəşrinin redaktoru oldum. Həm çətin, həm də məsuliyyətli iş idi. Çünki Qurani-Kərimdə olan sözlər Tanrının sözləridir. Bu da insandan çox ağır bir məsuliyyət tələb edir.
- Rəhbərlik etdiyiniz ATV kanalında İslam dini ilə bağlı hər hansı bir verilişin olmasını istərdinizmi?
- İslam dini ilə bağlı hər hansı bir proqramın yaranması mənim aləmimdə düzgün deyil. Bu verilişin yaranması bilavasitə onun aparıcısı ilə bağlıdır. Artıq bu boşluğu akademik Vasim Məmmədəliyev tutub. Bundan sonra hər hansı bir verilişin ortaya qoyulması sönük görünə bilər.
“Televiziyadakı qüsurları yaradan tamaşaçılardır”
- Bəs telekanalların səviyyəsi sizi qane edirmi?
- Xeyr, etmir. Bu da tamaşaçılarla bağlıdır. Məsələn, bu gün siz avtobusla gedirsiniz, ancaq tramvay olsaydı, onunla da gedərsiniz. Və ya mən əminəm ki, bu gün tramvay olsaydı marşrut avtobusunun sürücüləri necə avtobusu sürürlərsə, tramvayı da o cür sürərlər. Bu, ümumi bir bəladır. Elmsizlik, savadsızlıqla bağlıdır. Yəni televiziyadakı qüsurları yaradan tamaşaçılardır. O zaman ki avtobuslarda dedi-qodu əvəzinə, kitab oxumaq olacaq, o zaman da biz bu bəlalardan xilas olacağıq və televiziyaların da zövqü artacaq.
Deməyim odur ki, tamaşaçıdan çox şey asılıdır. O ki qaldı maarifçiliklə bağlı proqramlara, bunun yükü də qeyri-kommersiya kanallarının üzərinə düşür. Kommersiya kanalları bir başa reklam büdcəsinə bağlıdır. Hansı telekanallar reklam büdcəsinə bağlı deyilsə, onların çiyinlərinə maarifləndirmə, mədəniyyəti təbliğ etmək düşür. Həmin televiziyalar da bu missiyanı şərəflə daşımalıdırlar.
- Televiziya kanallarında Bədii Şura yaradılacaq. Bu məsələyə sizin münasibətiniz necədir?
- Çox gözəl ideyadır. Azad Azərbaycan Teleradio Yayım Şirkətində Bədii Şura artıq fəaliyyət göstərir. Bədii Şura içəridən olan bir səsdir. O səsə teleradio şirkəti qulaq verməlidir. Bizlərdə müəyyən ifadələr var ki, həmin ifadələr düzgün olmayan şablon forması alıb. Bunlarla mübarizə aparmaq lazımdır. Elə mədəniyyət xadimlərimiz var ki, onları efirdə görünməsi normal hal deyil. Onları heç mədəniyyət xadimi adlandırmaq da düzgün deyil. Amma reallıqdır ki, biz onları toylara çağırırıq, onlara bəh-bəh deyirik. Bunu cəmiyyət edir. Nə zaman ki, biz onları toya çağırmayacağıq, onda da cəmiyyətimiz sağalacaq.
- ATV-də proqram və eyni zamanda kadr dəyişikliyi gözlənilirmi?
- Kadr siyasətində inqilabi dəyişikliklərin tərəfdarı deyiləm. Təkamül xarakterli dəyişiklərin tərəfdarıyam. ATV kollektivi hər zaman zəhmətkeş olub, indi də belədir. İndiyə qədər hansı işçimiz işindən kənarlaşdırılıbsa, ya öz istəyi ilə olub, ya da bizim tövsiyələrə qulaq asmadığı üçün baş verib.
- Son zamanlar şərq ölkələrində ictimai-siyasi vəziyyət ağır durumdadır. Bir şərqşünas olaraq, sizcə həmin ölkələrin bu duruma düşməsinin başlıca səbəbi nədir?
- Yəqin ki, Avropada baş verən dəyişikliklər şərq ölkələrində də baş verən dəyişikliklərə təsir göstərib. Hər bir xalq istəyir ki, onun ölkəsində yeniliklər olsun. Bu gün bizim ölkəmizdə müsbət dəyişikliklər var. Həmin ərəb ölkələri də bu dəyişiklikləri istəyir. Biz 9 milyonluq xalqıq, bir hissəmiz başqa dövlətin tərkibindədir. Amma biz bir dövlətik. Ərəblərin isə 21 ölkəsi var. Onlar yığışıb, bir ərəb dövləti yaratmırlar. Bu gün bəzi ərəb ölkələrinin daxilində belə parçalanma gedir.