“Oğlumu orda yoldan çıxarıb, narkoman elədilər...” - MÜSAHİBƏ
18 aprel 2013 16:56 (UTC +04:00)

“Oğlumu orda yoldan çıxarıb, narkoman elədilər...” - MÜSAHİBƏ

Lent.az-ın “OXUCU ODASI” layihəsinə adının gizli saxlanmasını xahiş edən bir qadın oxucumuz danışdı. Oğlu narkotikə qurşanandan sonra dünyası qaralan bu ailənin durumunu anlatdı.

 

- Sizcə narkotikə daha çox necə insanlar meyl edir?

 

- Psixoloqlar deyirlər ki,  yumor hissi olmayan insanlar bu yola daha çox yuvarlanır. Özünə qapanıq, kompleksli  adamlar meylli olur içkiyə, narkotikə. Mənim oğlumun yumoru yaxşıydı, şən idi. Heç vaxt ağlıma gəlməzdi ki, bu yola gedər. 21 yaşından evə gec gəlməyə başladı. Hətta 21 yaş da gecdi. 15-16 yaşında uşaqlar daha çox  aludə olurlar. Telefonlarını gizlətməyə başlayırlar, gizli zənglər, çağırışlar olur, anadan-atadan qaçırlar. “Dostumlaydım” deyir, hansı dostla, bilinmir.

 

- Bu ilk əlamətlər sayıla bilər?

 

- Hə, nəzarət eləmək lazımdı ki, onun gizli, sualaltı dostluqları olmasın.

 

- Sonra  hansı əlamətlər olur?

 

- İlk olaraq evə gec gəlməyə başlayır.  O vaxt avtodayanacaq vardı, indi yığışdırıblar. Orda otuz yaşında oğlan var idi, narkoman idi. Bunları da o çəkirdi öz arxasınca. O nə qədər çox narkotik alsa, özünə  havayı qalır. Ona görə də uşaqları şirnikləndirirdi ki, gəl dadına bax.

 

- Həmin oğlan çıxarıb yoldan oğlunuzu?

 

- Yox. Birinci dəfə dostu gətirib. İmkanlı ailənin oğluydu. O qədər tərifləyib, belə yaxşı şeydi, elədi, bu da deyib, gətir baxaq. Bir, iki, artıq üçüncünü özü istəyib. Bir ay idi başlamışdı mən xəbər tutdum, dayandı, eləmədi. Amma o mühitə girdinsə, başlayır çağırışlar, “gəl qonaq eləyim”lər. Həmin o qonaqlıqlar bu uşaqların evini yıxır.

 

- Özünüzü qınayırsız?

 

- Çox fikirləşirəm...harda səhv buraxmışam? Bəlkə işimə çox vaxt ayırmışam, o gec gəlmələrdə bəlkə daha tez xəbər tutsaydım qarşısını ala bilərdik.

İndi 26 yaşı var. Özü deyir ki, bezmişəm bu həyatdan, ana, mənə kömək elə, deyir. Deyir işləməliyəm, mühiti dəyişməliyəm, başım qarışmalıdı. İşsizlik , boş vaxt onu bu həyata yaxınlaşdırır. Deyir, düşürəm məhəlləyə, çayxanaya, otururuq, birdən biri gəlir ki, yaxşı mal var, biz də şirnikib gedirik. Bütün məhəllənin cavanları bu gündədi. Bizim ətrafda nə qədər cavan uşaq var hamısı narkomandı. 20 oğlanın 18-i bu işlə məşğuldu.

 

- Hamısı imkanlı uşaqlardı?

 

- Hamısı yox, amma imkanlı uşaqları daha çox çəkirlər bu yola. Onsuz da öhdəsindən gəlmək olmur. Bizim nəyimiz qalıb? Gündə polis tutur, bir-birini satırlar, satan adamlar ünvan verir ki, filankəs narkomandı, iki-üç gün güdüb tuturlar, sonra beş min gətir, on min gətir, belə-belə soyurlar ailələri.

Yaxşı, mənim oğlum narkomandı, xəstədi, bu mənə bəsdi də, üstəlik onu tutub pul almağın adı nədi?

Tutub onu müalicə eləmək mümkündümü türmədə?

 

- Sizcə neynəmək lazmdı, nə etmək olar?

 

- Bunu gizlətməyin mənası yoxdu. Başqa cür qadağalar, qarşısını almaq üçün vasitələr varmı, bilmirəm.

Cavanlar arasında təbliğat aparmaq lazımdı. Bunu ört-basdır eləməklə, malalamaqla daha betər olur. Valideynlər də gərək bu işə qoşula.

Biz ayıb sayırıq, filankəs bilər ayıbdı, behmankəsdən ayıbdı. Mənə oğlum lazımdı. Mən ayıb bilmirəm. Oğlum qayıtsın sağlam həyata, bunu istəyirəm. Niyə ayıbdı? Xərçəng xəstəsini çölə atmaq olur? Bu da xəstəlikdi, qulluq eləməlisən, nəzarət eləməlisən.

 

- Sizə nə məsləhət görüblər?

 

- Deyirlər evdən qov, onu eləmə, bunu eləmə. Müalicə eləmə, qoy ölsün deyənlər də olub. Yox! Axıra qədər çabalayıram, ümid yaxşı şeydi, mən onu əziyyətlə bu yaşa çatdırmışam, necə buraxım gözüm görə-görə  ki, oğul, özün eləmisən, get öl?

 

- Onlarla necə davranmaq gərəkdi?

 

- Nazını çəkəndə ona xoş gəlir, sui-istifadə etməyə başlayır. Gərək bir az sərt olasan, hər dediyini eləməyəsən. Özü desə ki, mənə kömək eləyin, edəsən. Müalicə üçün də elə bir şey lazım deyil. Üç-dörd gün çətin olur, ağrıları olur. O günləri dözsə, normal həyata qayıda bilər. Əsas beyni hazır olmalıdı buna. Bir həftəyə çıxa bilər o vəziyyətdən. Amma sonra onu çağırsalar yenə gedə bilər.

 

- Bəs narkoloji mərkəzlər?

 

- Narkoloji mərkəzlərə müraciət etməmişəm. Bir hadisə eşitmişdim, gözüm qorxmuşdu. Bir uşağı aparıb qoyublar narkoloji mərkəzə. Sən demə, bu orda bir həkimlə dil tapıb, atadan pul alır verir ona, həkim də narkotik tapıb gətirir.

 

- Ailə biləndən sonra nə etdi?

 

- Moskvaya apardılar. Otuz minəcən xərcləri çıxdı, beynini kodlaşdırdılar. Beyniylə işlədilər. İki-üç seansa düzəldi. Üç ildi dayanıb. İşləyir, ağlı başında oğlandı.

 

- Deyirlər narkomanın geriyə yolu yoxdu...

 

- O söz mənə çox toxunur. Deyirlər, təqaüdçü narkoman olmur, filan. Yalandı. Mən inanıram ki, oğlum qayıdır. Həftələrlə oturdu evdə, dözdü. Çıxmadı heç yerə. Bir yerdə keçdik o çətinlikdən. İndi iş istəyir. İşləsəm başım qarışar deyir. İş tapa bilmirik. Çünki əsəb sistemi də korlanıb, hər yerdə gedib işləyə də bilməz. Sinirlər qaydasında deyil.

 

- Nə etməyi düşünürsüz?

 

- Özəl bir iş qurmaq istəyirik. Özü şüurlu olaraq istəyir ki, normal adam olsun. Bu vəziyyətdə də işə düzəlməyin mənası yoxdu, gərək tamamilə ayrılsın o həyatdan. Hansı işdə otura bilər? O insanlar səbirsiz olur, davakar, aqressiv olurlar. Yuxusu tamam pozulub.

Valideyn gərək yuxusuzluğuna da fikir verə uşağın. Onların yuxuları normal olmur. Narahat yatırlar, səhərə qədər çabalayırlar, sərxoş adamlar kimi olurlar. Yəni sərxoşluğun narkotik halıdı bu. Narkotik sərxoşluqdu. Heç bir xüsusi fərqi yoxdu. Alkoqol sərxoşluğu var,  narkotik sərxoşluq var. Eyni şeydi. Birindən bir qram, birindən bir litr istifadə edirsən. Sonuc eynidi. Qoy o içən atalar fikirləşsinlər ki, uşaqlarına pis örnək olurlar. Ailə sağlam olmayanda bu mütləq hansısa uşaqda özünü göstərir.

 

- Belə bir problem var sizin ailədə?

 

- Uşaq gözünü açandan zəhmətkeş ata, zəhmətkeş ana görürsə bu onun tərbiyəsinə yaxşı təsir edəcək. Tərəflərdən biri qaydasında olmayanda uşaqlardan hansısa qaydasında olmur. Elə ailə var normaldı, amma uşaq pozulur, bunda mühitin rolu olur. Amma ümumilikdə səbəb ailədi. Əksərən belə uşaqlar normal olmayan ailələrdən çıxır. Mənim yoldaşım da içəndi. Düşünürəm ki, bunun təsiri böyükdü.

 

- Övladla necə davranmaq lazımdı, sizcə?

 

- Bizim övlada yanaşmamız səhvdi. Özümüzü aldadırıq. Deyirik, bizdə ağsaqqala hörmət, böyüyə hörmət olmalıdı. Heç vaxt demirik, uşağa hörmət eləmək lazımdı. Uşaq doğulandan onunla məşğul olmalısan. Beş uşağı dünyaya gətirib atırsan nənə-babanın, məktəbin, qonşunun nə bilim başqasının öhdəsinə. Ata-ana özünə bəraət qazanır ki, işləyirəm. Bu bəraət deyil. Uşaq təcrübə obyekti deyil ki, düşünəsən, gedim bu gün pul qazanım, sabah uşağa vaxt ayıraram. Uşağın boş vaxtı olmamalıdı. Onun idmanı, musiqi məktəbi, rəsmi olmalıdı. Bir uşaq dünyaya gətir, amma onu şəxsiyyət kimi böyüt.

İki oğlum var, bu yaşımda fikirləşirəm ki,  kaş bir olaydı, amma mən ona lazımı vaxtı  ayıra biləydim.  Yəqin ki, lazımı səviyyədə tərbiyə edə bilməmişəm ki, bu yola düşüb.

 

- Elə adamlar var axı heç uşaqla məşğul olmurlar, amma uşaqları gül kimidi, bayaq da özünüz dediz. Bir xarakterlə də doğulur axı insan. Sizcə, belə deyil?

 

- Sözsüz. Biz özümüzün yox, özümüzdən sonrakı nəslin də bünövrəsini qazırıq. Bunu düşünməliyik. Bu bünövrə sağlam olmalıdı. Bu mövzuda təbliğat aparmanızı xahiş edirəm. Cavanlara kömək eləmək lazımdı.

 

- Sağ olun ki, bizimlə bölüşdüz.

 

- ...(gözləri doldu) Şəhərdə bir neçə dükan var ki, nəşənin kağızını satır. Ona heç kim mane olmur.

# 6055
avatar

Aysel Əlizadə

Oxşar yazılar