Rubrika: “Onun ilk peşəsi”
Onlar sənətçi, siyasətçi, yazıçı, deputat kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötür tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər. Lent.az –ın “Onun ilk peşəsi” rubrikasında növbəti qonağı Milli Məclisin deputatı, əməkdar mühəndis, texnika elmləri doktoru Vahid Əhmədovdur.
“Gecə saat 2-də iclas keçirdiyim günlər olub”
- Orta məktəbi qızıl medalla bitirmişəm. İmkansızlıqdan Politexnik İnstitutunun axşam şöbəsinə daxil olmuşam. Gündüz zavodda işləyirdim, axşam da ali məktəbdə oxuyurdum. 1967-1971-ci illərdə “Leytenant Şmidt” (indiki “Səttərxan”) adına maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışmışam. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdıb orada sex rəisi vəzifəsində işləmişəm. 1977-ci ildə Bakı Radio zavoduna keçdim. Orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində işlədim.
1981-ci ildə Bakı Dəzgahqayırma İstehsalat Birliyinə baş mühəndis təyin edildim. "Bakı fəhləsi", Keşlə maşınqayırma, "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olmuşam. Həmin vaxtlar sovet dövrü, planlı iqtisadiyyat idi. Amma ən əsası iş yeri vardı, işləyirdik, heç kəsə möhtac deyildim, özüm-özümü dolandıra bilirdim. Baxmayaraq ki, əziyyət idi. Keşlə Maşınqayırma zavoduna rəhbərlik etdiyim dövrdə elə vaxt olub ki, gecə saat 2-də iclas keçirmişəm.
Həm siyasi cəhətdən aktiv olmuşam, həm də iqtisadi baxımdan problem yaşamamışam. Bir məsələni də qeyd edim ki, Qorbaçov SSRİ-nin baş katibi seçildikdən sonra Tümenə səfər etmişdi. Azərbaycan o zaman SSRİ-nin 75 faiz neft-mədən avadanlıqlarını istehsal edirdi. Tümendə qeyd olundu ki, guya Azərbaycanda istehsal olunan mallar keyfiyyətsizdir. Ona görə də neftin hasilatında problem var. Bu səbəbdən məni Keşlə maşınqayırma zavoduna göndərdilər. Gecə saat 3-ə qədər işləyirdim. Elə vaxt olurdu ki, heç evə də gedə bilmirdim. Bu cür günlərimiz olub.
- Bir neçə müəssisənin rəhbəri olmusuz. Çətin idi yəqin...
- Elə yerə olub ki, 4000-5000 nəfərə rəhbərlik etmişəm. Ola bilsin ki, kimsə narazı olub. Ciddi narazılığın olmasına isə inanmıram. Amma heç zaman fəhlələrə yuxarıdan aşağı baxmamışam. Həmişə onlarla münasibətim yaxşı olub. Onlar üçün evlər, yataqxanalar tikmişəm. Keşlə maşınqayırma zavodunda direktor işlədiyim zaman 4 9 mərtəbəli bina tikdirib, fəhlələrin istifadəsinə vermişəm.
- İndi də həmin insanlarla görüşürsünüz?
- Bəli, görüşürəm. Elə vaxt olur ki, övladlarının toy məclislərində də iştirak edirəm. Həmin insanlardan bəziləri indi də mənə müraciət edir.
- Müstəqilliyimizin ilk illərdə hökumətdə yüksək vəzifədə (baş nazirinin I müavini) təmsil olunduz...
- 1988-1993-cü illər Azərbaycan üçün ağır dövr olub. O zaman müstəqilliyimiz üçün mübarizə aparırdıq. Mən də siyasi proseslərdə iştirak edirdim. Başa düşürdük ki, bizə müstəqillik lazımdır. 1991-ci ilin martı ayının 17-də Azərbaycan SSR Ali Sovetinin sessiyası keçirilirdi. O vaxt 356 deputatdan yalnız 43 deputat SSRİ-nin saxlanmasının əleyhinə səs verdi. Yəni Azərbaycanın müstəqilliyini istəyən insan olmuşam. Bu yolda həmişə mübariz olmuşam. Bu gün də xoşbəxtəm ki, ölkəmizin müstəqilliyinə səs vermişəm.
- Baş nazirin müavini, yoxsa millət vəkili olmaq daha çox məsuliyyət tələb edir?
- Əgər millətin vəkilisənsə, millət üçün işləməlisən. Mən Qubadan deputat seçildiyimdən, ayda bir-iki dəfə bu rayonda seçicilərlə görüş keçirirəm, burada insanları qəbul edirəm. Azərbaycanın bütün regionlarından mənə müraciət edirlər. Millət vəkili daha çox məsuliyyət tələb edən bir işdir. Onu da qeyd edim ki, 1992-ci ildə Almaniyada Bonn Menecment İnstitutunu bitirib, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşəm. Bazar iqtisadiyyatını orada öyrənmişəm.
- Sizə əsasən hansı məsələlərlə bağlı müraciət edirlər?
- Müxtəlif məsələlərlə bağlı müraciət edirlər. Məhkəmə sistemi ilə bağlı, özəlləşmə ilə əlaqədar. Elə bir məsələ olmasın ki, onunla bağlı mənə müraciət olunmasın. Şikayətlər çoxdur. Yerlərdə icra hakimiyyətləri, bələdiyyələr insanların problemləri ilə çox ciddi məşğul olmalıdırlar. Yerlərdəki səlahiyyət sahibləri elə etməlidirlər ki, insanlar narazı qalmasınlar.
- Hansısa ali məktəbdə dərs deyirsiniz?
- Xeyr. Vaxtım yoxdur.
- Siz eyni zamanda, Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüsünüz. İki ölkə arasında olan hazırkı münasibətləri necə qiymətləndirirsiniz?
- Rusiya böyük dövlətdir. Eyni zamanda, bizimlə qonşu dövlətdir. Nə biz, nə də ruslar bu ərazilərdən köçən deyil. Təbii ki, iki ölkə arasında müəyyən problemlər olur. Hələ müstəqilliyimizin ilk illərində - Əbülfəz Elçibəyin hakimiyyəti dövrü - Azərbaycandan rus qoşunları çıxarılmışdı. İki dövlət arasında da müəyyən problemlər yaranmışdı. Hər bir dövlət kimi, Azərbaycan da daha çox müstəqillik əldə etmək istəyir. Rusiya ilə Azərbaycan arasında son dövrlər qazın ixracı ilə bağlı problem yarandı. Azərbaycanın dövlət başçısı qərar verdi ki, qazı Türkiyə vasitəsi ilə Avropaya çıxaracağıq. Çünki Türkiyə bizi dünyada müdafiə edən ölkədir. Sözsüz ki, Rusiya ilə iqtisadi əlaqələrimiz böyükdür. Bir məsələni də qeyd edim. Bildiyiniz kimi, bu il ölkəmizdə prezident seçkiləri keçiriləcək. Hər bir dövlət istəyir ki, burada onun daha çox maraqları təmin olsun. Rusiyanın, Türkiyənin, ABŞ-ın Azərbaycanda maraqları var. Azərbaycan prezidenti İlham Əliyevin müstəqil siyasət aparması da, çoxlarının xoşuna gəlmir. Hesab edirəm ki, Rusiya ilə ölkəmiz arasında yaranmış bu kiçik problem də aradan qalxacaq.
- Rusiya hökumətinin Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən nəql olunmasına dair sazişi də ləğv etdi...
- Bu qərardan xəbərim var. Ölkəmiz üçün ciddi problem yaratmayacaq. Çünki Azərbaycanın əlavə kəmərləri var. Əlbəttə, Rusiya hökumətinin bu cür qərar verməsi yaxşı hal deyil.
“Namizədliyimi yenə irəli sürəcəm”
- Həyatda ən böyük arzunuz nədir?
- Həyatda ən böyük arzum ailəmin üstündə olmağımdır. Arzuma da çatmışam. Dövlət vəzifələrində çalışmışam, millət vəkili olmuşam, hazırda da Milli Məclisin deputatı kimi fəaliyyətimi davam etdirirəm. Elə bir arzum yoxdur ki, ona çatmayım. Amma insanın hər zaman arzusu olur.
- Baba olmusunuz yəqin...
- Bəli, artıq babayam. İki nəvəm var. Hərdən 7 yaşlı nəvəmdən soruşuram ki, böyüyəndə nə olacaqsan? Cavab verir ki, mən də deputat olacam. Mən də ona deyirəm ki, deputat olmaq üçün çoxlu oxumaq, işləmək lazımdır.
- Yenidən millət vəkili olmaq istəyirsinizmi?
- Allah can sağlığı versə, 2015-ci ildə deputatlığa namizədliyimi irəli sürəcəm.