“Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova”
16 fevral 2015 11:23 (UTC +04:00)

“Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova”

 

Fevralın 14-də  “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Dəstəyi ilə həyata keçirdiyi “Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova” layihəsi çərçivəsində tədbir keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə Milli Qəhrəman Gültəkin Əsgərovanın anası, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Rəfiqə Əsgərova, hərbi yönümlü QHT rəhbərləri, gənclər təşkilatlarının nümayəndələri və hərbi mövzuda yazan media təmsilçiləri iştirak ediblər. 

 

Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, layihədə məqsəd Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyətini təbliğ etmək, Milli Qəhrəman Gültəkin Əsgərovanın ömür yolunu örnək göstərməklə Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. O qeyd edib ki, tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə alınmaqla, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə atdığı addımlar, qəhrəmanlığı ilə gənclərimizə örnək olan Gültəkin Əsgərova ilə bağlı qısa məlumatların yer aldığı buklet hazırlanaraq dərc olunacaq.

 

Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova Gültəkin Əsgərovanın həyat yolundan söz açıb. Rəfiqə Əsgərova deyib ki, torpaqlarımızın erməni təcavüzkarlarından müdafiə edilməsində iştirak etməyi müqəddəs borcu sayan Gültəkin Əsgərova  körpə qızını ona tapşıraraq cəbhəyə yollanıb. O, gənclərə Azərbaycanın müstəqilliyini qorumağa, ərazi bütövlüyümüzü təmin etməyə hər an hazır olmağa çağırıb.

 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli erməni tacavüzkarlarına qarşı mübarizədə şücaət göstərmiş qəhrəman xanımlardan söz açıb. Emin Həsənli deyib ki, Gütəkin Əsgərova kimi qəhrəmanlarımız gənclərə örnək olmalıdır. Bu günlərdə Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"ndan söz açan Emin Həsənli qeyd edib ki, bu Qayda qadınların könüllü əsasda Silahlı Qüvvələrdə hərbi qulluq keçməsini nəzərdə tutur. Azərbaycan ordusunun Cənubi Qafqazda ən güclü ordu olduğunu, hər an torpaqlarımızı işğaldan hazır etməyə qadir olduğunu vurğulayan Emin Həsənli ordunun gücünü xalqdan aldığını, qadınların müharibə dövründə tibb bacısı, həkim kimi böyük rol oynadıqlarını söyləyib.    

 

Dünyanın ən qüdrətli ordusu olan İsrail ordusunda qadınların hərbi xidmət keçdiklərinin nəzərə çatdıran “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər İsmayılqızı Azərbaycan xanımlarının qəhrəmanlıqları ilə hər zaman örnək olduğunu qeyd edib. Ülkər İsmayılqızı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında  Gültəkin Əsgərova kimi qəhrəmanlarımızın ömür və cəbhə yolundan bəhs edən yüksək səviyyəli və xarici auditoriya üçün nəzərdə tutulan filmlərin çəkilməsinin zəruri olduğunu bildirib.  

 

Tanınmış jurnalist Rövşən Kəbirli 1992-ci ildə Ağdamda olarkən əlində silah olan və yaralı əsgərlərimizə yardım edən Gültəkin Əsgərovanı şəxsən gördüyünü bildirib. Rövşən Kəbirli yaralı əsgərlərimizi ön xətdən çıxaran onları düşməndən qorumaq üçün Gültəkin Əsgərovaya avtomat silahdan istifadə etməyə icazə verilib və Gültəkin Əsgərova tək hərbi həkim kimi deyil, cəsarətli döyüşçü kimi də məşhur olub.   

 

Tədbir çıxışlarla davam edib.

 

Qeyd edək ki, Milli Qəhrəman Gültəkin Əsgərova 20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb, 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı sonra isə böyük tibb bacısı çalışıb. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında, daha sonra uroloji xəstəxanada anestezoloq-reanimatoloq vəzifəsində işləyib, həkimlərin dərin hörmətini qazanıb. Azərbaycan torpaqlarının işğalına biganə qala bilməyib, körpə qızını  anasına əmət edərək 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb, əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərib. Şuşanın işğalından sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edib. Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. Gültəkin Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il  tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulub. Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılıb. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə  büstü qoyulub. Milli Qəhrəman haqqında bir neçə kitab da işıq üzü görüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar