Sadiqlik insanın öz peşəsinə, işinə, başqa bir insana, qrupa və ya ölkəyə qarşı duyduğu sədaqət və bağlılıqdır, bəzən də hətta özünü həsr etməkdir. Bu gün Azərbaycan toplumunda işinə prinsipial yanaşan və sadiq olan insanlara çox az rast gəlirik. İnsanlar üz tutduqları, müraciət etdikləri yerlərdə bu məslək sadiqliyini görmədiyindən çox gileylidirlər, özlərini güvənsiz, məyus və bəzən çarəsiz hiss edirlər. Bəzən kimsə şəhərin bu başından o başına həftə içi hər gün uşağını bağçaya vermək üçün yol gedir, o səbəbdən ki, həmin bağçada uşağa yaxşı baxırlar. Hətta bütün çalışanları deyil, orda “bir müəllimə var, o çox yaxşıdı” deyirlər. O “bir nəfər” kəlməsini çox duyar olduq son zamanlar. Bağça məsələsi istisna deyil, bu cür hallar bütün sahələrə aiddir . Halbuki hər kəsin öz evinin ən yaxınındakı, özünün qeydiyyatda olduğu bölgədəki müəssisələrə müraciət etməsi və orda professional yardım alması gərəkdir. Belə olması üçünsə, əlbəttə, sistem professional qurulub işləməlidir, tutduğu mövqe üçün gerçək təhsil və təcrübə almış kadrların yer aldığı bir sistem! Bundan əlavə, hər sahənin qanunları xalqa bəsit şəkildə çatdırılmalıdır ki, istehlakçı məmnun qalmadığı halda hara, necə və konkret olaraq “nədən” şikayət edəcəyini bilsin. Təkcə şikayət deyil, həm də təklif və ideyalar vermək üçün bölgə sakinləri üçün forumlar yaradılmalıdır ki, həmin müəssisə istehlakçıların fikirlərini və onların ehtiyaclarını nəzərə alaraq irəliləyə bilsin. Belə olmadığı halda bir sivil toplumu inkişaf etdirmək və ədalətli sistem yaratmaq imkansızdır.
Sistem güvənilən olmayanda insanlar hətta öz ailə üzvlərinin, yaxın qohumun, dostun qarşısında pis duruma düşə, kiminsə gözündə yalançı, xeyir güdən və sairə xoşa gəlməz xüsusiyyətlərin daşıyıcısına çevrilə bilir. Bu gün təəssüf ki, bizim toplumda hər gün hər yerdə eşitmək olur: “Heç kimə etibar yoxdur!”
Filosoflar nəyin sadiqliyin obyekti olması barədə eyni fikirdə deyillər. Bəziləri hesab edirlər ki, sadiqlik insanların özəl münasibətlərinə aid ola bilər, yəni yalnız başqa bir insan sadiqliyin obyekti ola bilər. Onlardan Nyu-York şəhərinin City Universitetinin professoru, illərdir bu mövzuda müşahidə aparan Con Kleinig, həmçinin yazarlardan Aeschylus, John Galsworthy, Joseph Conrad, psixoloqlar, psixiatrlar, sosioloqlar, siyasi iqtisadiyyatçılar mövzu ilə yaxından maraqlanıblar və sədaqət, and içmək və vətənpərvərlik aspektlərini araşdırıblar. Kleinigin müşahidələrinə görə, 1980-ci illərdən dən bu günə qədər qərb fəlsəfəsində sadiqlik və sədaqət mövzularına geniş yer verilib, o cümlədən məslək etikası (peşə etikası), səhlənkarlıq, dostluq və ərdəm nəzəriyyəsi geniş populyarlıq qazanıb. Məsələn , çağdaş (müasir) fəlsəfədə Josiah Royce’un fikrinə görə sadiq olmaq insandan ərdəm tələb edir.
Fikrimcə, Azərbaycanda sağlam toplum, yurddaşlarımız arasında etibarı qazanmaq, bərpa etmək, sədaqət və sadiqlik ünsürlərinin möhkəm olmasını istəyiriksə, bu mövzular təkcə televiziya kanallarının əyləncəli proqramlarının əsas xəbərləri kimi gündəmə gəlməməlidir. Xoşagəlməz hallar təkcə sosial mediada üzə çıxmaqla qalmamalıdır. Aydınlarımız, sosioloqlar və filosoflar bu mövzuları ciddi işləyib, araşdırmalar aparmaqla, müqayisələr edib topluma yeni çözüm formalarını təklif etməlidirlər. Qərb ailələrini pisləməklə, "bizim milli dəyərlərimiz var, Azərbaycan ailəsi qərbdəkilərdən daha sədaqətlidir" deməklə iş bitmir. Bunlar köhnəlmiş fikirlərdir , mövcud statistikaya əsasən, hazırda Azərbaycanda boşanma sayına və ya vətəndaşların işini itirmə faktlarına baxsaq, bu fikirlər özünü doğrultmur və pafos üçün söylənilir. Bunları deməklə özümüzü aldatmış oluruq. Problem varsa, onu yalnız üzə çıxarmaqla, müzakirə etməklə çözmək olar. Bizim bu gün professional, ciddi elmi araşdırmalar üzərində aparılan obyektiv müzakirələrə ehtiyacımız var.
Səadət Kərimi
Fəlsəfə doktoru
İsveç