Köhnə bakılıların təbirincə desək, Qurd dərəsində hamımız ölülü-dirili onu gözləyirdik. O isə yubanırdı. Yazın “qapazaltı” şüaları başımıza döyəcləyirdi... Hər kəs sonuncu mogikanın son tamaşına axışırdı. Səhnə isə Qurd qapısı və ya köhnə şəhər qəbristanlığı dediyimiz yerdə qurulmuşdu.
Səhnəmizin sonuncu mogikanı axırıncı dəfə qara “Mercedes”də, dümağ geyimdə gələcək və “Ölülər”i oynayacaqdı...
“Səhnə”ni hazırlayan üç nəfər üstü-başı palçıqlı, göy önlüklü canlı-cüssəli kişilər idi. İşlərini bitirdikdən sonra “səhnə”dən təxminən əlli-altmış metr aralıda bir küncdə dayanıb qırmızı “termos”dan özlərinə çay süzürdülər. Bir nəfər yaşlı adam maşından təngnəfəs düşüb – bala, Fuad Poladovun qəbri harda qazılıb? – deyə soruşdu. Göy önlüklülər ağsaqqalı qəribə nəzərlərlə süzüb – o, kimdir? – deyə sual verdilər. Ağsaqqal hövləng dilləndi:
- Sənin üçün nə fərqi e, de görüm, bu gün harada təzə qəbir qazmısınız?
Cavab qısa oldu:
-İkinci döngədən aşağıda, çinar ağacının yanında...
Ağsaqqal kişi avtomobilinin sükanını hirslə burub tozanaq qopardı. Görünür, qəbirqazanların cavabı onu qane etməmişdi. Hövsələmi basa bilmədim, bu dəfə mən onlara yaxınlaşdım:
-Doğrudan Fuad Poladovu tanımırsınız?
-Kimdir ki?
-Böyük adamdı, həm də çox böyük.
-Bacıoğlu, bizim üçün hamısı eynidi, hər gün “irili-xırdalı” nə qədər adama eyni ölçüdə qəbir qazırıq.
Bu dəfə onlardan biri maraqla soruşdu:
-Nə işə baxırdı?
-Aktyor idi.
“Termos”un qapağına süzdüyü çayı başına çəkib bir neçə saniyə düşündükdən sonra təbəssümlə dilləndi:
-Həəə, yadıma düşdü. Cənnət xalanın oğlu, “Qaynana”dakı “açqi”li oğlan... Allah rəhmət eləsin, yaraşıqlı adam idi.
“F.P” və “A.N”...
- Buna axın, F.P və A.N. Fuad Poladov və o...
Akademik Milli Dram Teatrının aktyoru Rövşən Kərimduxt “Azdrama”lı həmkarları ilə pıçhapıçla danışırdı. Sonra əlavə etdi:
-Biz elə bilirdik zarafat edir. Bir ay əvvəl gəlib dedi ha, o məsələ...
Fuad Poladovun qəbrini dövrəyə almış hasarın girişində “F.P” – yəni, Fuad Poladov yazılmışdı. Başqa qəbirləri çevrələyən hasarlarda belə bir şey yox idi. Bir də Fuad müəllimin içi boş (hələlik) məzarının baş tərəfində hasarlanış sahədə “A.N” vardı. Bunun nə olduğunu aydınlaşdırmağa çalışdıq. Məlum oldu ki, bu cür işarə əvvəlcədən pulla alınmış qəbir yerlərinə işarə, “manşır” olaraq yapışdırılır. Dəfndən sonra isə həmin lövhələr götürülür.
Bəs A.N kimdir?
Rövşən Kərimduxt bir qədər sonra “A.N”-nın sirrini açdı. Məlum oldu ki, qəbir yeri bir ay əvvəldən götürülüb. Fuad Poladov öz həmkarı ilə “Qurd qapısı” qəbiristanlığına gələrək yer kirayələyib. “A.N” isə 2016-cı ilə qədər Fuad Poladovla Akademik Milli Dram Teatrında çalışmış, adıçəkilən sənət məbədinin hazırkı bədii rəhbəri Azər Paşa Nemətovdur. Aktyor Kərimduxt deyir ki, bir ay əvvəl Azər Paşa Nemətov teatrda bu faktı zarafata salaraq onlara deyib:
-Gəlib dedi ki, Fuadla gedib özümüzə “Qurd qapısı”ndan yer götürdük. Heç birimiz inanmadıq. Gülüşdük. Sən demə ciddi imiş... İki dost burada da yan-yana olmaq istəyir.
Bütün cəbhələri birləşdirən adam...
O, ömrü boyu əyilmədi. Nə adamlara, nə ölümə. Qulaqlara qurğuşun olmuş xəstəliyə tutulduğunu biləndə də sınmadı. Qorxunu ovucunda sıxıb əzmişdi. Ölümü evində qarşılamaq üçün sağ əlini boş saxlamışdı ki, onunla kişi kimi salamlaşıb görüşsün. Ona görə də bütün müalicə təkliflərini geri çevirmişdi. Aktyorluğu ilə yanaşı, şəxsiyyəti də fenomen idi Xalq artistinin. Amma həyatda artist deyildi, əsl xarakter sahibi olduğunu əməlləri ilə göstərməyə açlışmışdı. Bəlkə də elə ona görə də hər gün sosial, virtual, meydan “döyüşlər”ində üz-üzə dayananlar bu dahi insanın son gəlişinə (əslində gedişinə) yan-yana dayanmışdılar. Siyasi, ictimai görüşləri fərqli olan insanlar onu gözləyən ağzı açıq qəbirin başına toplaşıb məzarın “boş mədə”sinə tamaşa edirdilər.
Axundun müraciətinə ümumxalq əlverməsi...
Qara “mercedes” dayandı. Fuad Polad isə ağ geyimdə, arxada uzanmışdı. Üzünü də, özünü də “ağ pərdə”nin kulisində gizlətmişdi. Pərdə heç vaxt yuxarı qalxmayacaqdı. Hamı pərdənin arxasında onun olduğunu bildiyi üçün sükut himninin sədaları altında alqışlayırdı.
Havanın istisi hər kəsi, axundu da birtəhər eləmişdi. Qohumdan əqrabadan kimsə gözə dəymirdi. Hər kəs isti və kövrək nəzərlərlə tabuta baxırdı. Hər kəs orada idi, tamaşaçılar, aktyorlar, sənət, söz, üz adamları... kim desən...
Axund cənazəni götürmək üçün səsləndi:
-Götürün tabutu, gedək. Yəqin hər kəs buradadır.
Bir də onu gördük ki, hamı son borcunu yerinə yetirmək üçün bir-birini itələyir. Tabutun altına xeyli gənc, ağsaqqal əl uzatdı. Beş metrlik yolda, adamlar da beş-beş dəyişdi. Elə beşgünlük dünyada səhnəmizin sonuncu mogikanının özündən sonra qoyub getdiyi ağırlıq- hörmət də bu idi. Bu həm də axundun bir müraciətinə ümumxalq əlverməsi oldu, hamı Fuad müəllimin tabutu ilə salamlaşıb-sağollaşmaq istəyirdi.
Alnından ağlayan Hikmət...
Axund Yasin sürəsini oxumağa başladı.Kövrələnlər, ağlayanlar, hamı... Gün isə “qapazaltı” şüasını adamların başından endirmirdi. Bəlkə də bu böyük Fuad Poladova sağlığında qiymət verməməyimizin cəzası idi. Günəş kimi adamların da cəzasını günəş verər -deyə ağlımızdan bir kadrarxası sətir keçir...
Cənazənin üstü torpaqlandıqca bir nəfər alnından ağlayırdı. Qəbirdən bircə metr kənarda idi. Alın təri göz yaşının cığırı ilə axıb dodaqlarına tökülürdü. Bu Hikmət idi, aktyor Hikmət Rəhimov. Yadınızdadırsa, Fuad müəllim məhz bu gənc həmkarına dəstək üçün iki il əvvəl teatrdan getmişdi. İndi o, Fuad Poladovun gedişinə ağlayırdı. Neyləsin, gedişə dəstək olmaq hər adamın işi deyil axı. Hər gedişə dəstək də olmaq mümkün deyil bəzən... Hikmət isə daha yuxarıdan – alnından ağlayırdı...
Qəbirqazanların mollaya əmri...
Axund “Yasin” oxuyur, insanlar isə sükutlu alqışla dəfnə tamaşa edirdilər. Birdən baş qəbirqazanın hövsələsi daraldı:
-Bu qədər “Yasin” bəs edər? Kömək edin, torpaqlayaq...
Molla yenə cavanlara müraciət etdi. Hər kəs bel, “lapatka” götürüb “F.P”-ın son evinin “papağını” qoymağa başladı. Təpə düzəldildi. Ortasından cığır açıldı, su çiləndi. Əklillər, güllər düzüldü...
“Elxan Qasımov, ölən Fuad Poladovdur ee...”
Uğultunu üzünü görmədiyim aktyorlardan biri pozdu. “Əhməd haradadır”dakı “ikinci Əhməd”i çağırıdı:
-Elxan Qasımov, ölən Fuad Poladovdur ee... Haradasan? Yaxın gəl!!!
Əmiranə hayqırtıdan hamı diksindi. Aktyor Elxan Qasımov izdihamın içindən çıxıb sual dolu nəzərlərlə qəbrin baş tərəfində dayanmış aktyor həmkarlarına baxdı. Elə bu dəm axund camaata müraciət etdi:
-Elxan bəyin mərhum haqqında sözü var, buyursun.
Elxan Qasımov Fuad Poladov şəsiyyətindən ümumi cümlələrlə, özünün dediyi kimi “kələ-kötür şəkildə” danışdığı üçün nə dediyini burada qeyd etmək istəmirəm. Ardınca Xalq artisti Hacı İsmayılov əlli illik dostunun, teatrımızın sonuncu mogikanının şəxsi keyfiyyətlərindən, mərdliyindən danışdı.
Diqqətim isə Fəxrəddin Manafovda idi. Susurdu. Axıra kimi də əli çənəsində susdu...
Fuad Poladova rəğbətin son tablosu
Dəfndən sonra hərə üç-üç, dörd-dörd bir avtomobillərə əyləşib yola düzəlirik. Fuad Poladovun sonuncu tamaşası artıq bitib. Bizim tamaşamızın sonuna isə hələ var. Birdən ön sırada əyləşən həmkarlarımdan biri dilləndi:
-İzdihamı gördünüz də, Allah rəhmət eləsin, kişinin hörməti böyükdür.
İlk dəfə idi ki, qəbristanlıqda tıxac görürdük. Avtomobillər dar yolda iki sıra düzülüb gözləyirdi. Ön sıradakı adamın cavabını çox gözlətməmək üçün dilləndim:
-Qəbristanlıqdakı tıxacdan görünür...
P.S: Fuad Poladov öz vəsiyyəti ilə Qurd dərəsində, Qurd qapısında dəfn olundu. Qurd ürəkli adamların ölümünü isə həmişə sükut alqışlayır. Tonyukukun baş daşında deyildiyi kimi:
-Son evin işıqlı olsun, sənətkar!
P.SS: Ömür Fuad Poladova sağlığında vəfanı göstərmədi. Elə son nəfəsdə də, cəmi 19 gün sonra 70 yaşı olacaqdı sözün mücərrəd və gerçək mənasında vəfalı aktyorumuzun. Cənnət xala oğlunu yanına çəkdi, yubleyi ana-bala qeyd etmək üçün... Bu cümlə isə ikibaşlı deyil...