Bu gün “Son zəng”di. Kimlər üçünsə təqvimin adi günlərindən biri olsa da, on birincilər üçün unudulmaz bir gün. Birincilər bu günün o qədər də fərqində olmasalar da, məzunların üzündən sevinc dolu kədər süzülür. Çünki, hər səhər gözləri alışdığı üzləri bir daha görməyəcəklər.
Biz də bu gün məzunların həyəcanına, sevincinə şərik olmaq üçün onların arasında olduq. Xırdalan qəsəbəsi 1 saylı orta məktəbdəyik. Məktəbin həyətində məzunlar sağa-sola vurnuxurlar. Biri köynəyini düzəldir, bəzisi məşq edir, digəri birincilərlə arasında söhbət edir. Budur, yavaş-yavaş hamı məktəbin həyətində əvvəlcədən hazırlanan masaya tərəf toplaşır. “Son zəng” mərasimi bir azdan başlayacaq.
Məktəbin direktoru Kamran müəllimin çıxışından sonra öz sinif rəhbərləri ilə birgə məzunlar gəldi. Hər biri al-əlvan geyinib, bəzənib, düzənib. Hər sinif özünəməxsus geyimdədi. Bizim diqqətimizi isə köynəklərdə yazılan yazılar və rəsmlər cəlb etdi: “Dartma, yaxam cırıldı”, “Canım qurtardı”.
11 “Ç” sinfinin məzunu Aytac Zeynallı məktəbdən ayrıldığı üçün çox kədərlənsə də, sinif yoldaşlarına tələbə adı qazanmağı arzu etdi.
Başqa bir şagird isə əksinə, sevinir...
Birincilər on birinciləri öz rəqsləri ilə təbrik etdilər. Milli rəqsdən tutmuş “Qangnam Style”-a qədər oynadılar.
Sonra? Sonra heç nə...Məzunların səhərdən bəri “dayanın, çalmayın sonuncu zəngi” deyə fəryadlarına baxmayaraq sonuncu zəng çalındı.
Müstəqil həyata isə ilk zəng...