“Elektron məhkəmə” informasiya sistemi yaradıldı
13 fevral 2014 19:28 (UTC +04:00)

“Elektron məhkəmə” informasiya sistemi yaradıldı

Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılıb.

 

“Elektron məhkəmə” informasiya sistemi aşağıdakıları təmin etməlidir:
 ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu;
 cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini;
məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını;
məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini;
məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını;
məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını;
işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını;
qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini;
sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik “şəxsi kabineti”nin yaradılmasını;
“Elektron hökumət” portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı;
 məhkəmə statistikasının elektron qaydada aparılmasını;
məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını.
Sərəncamda həmçinin qeyd olunur: “Ali Məhkəməyə tövsiyə edilsin, Ədliyyə Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sisteminin təşkilini və fəaliyyətini birgə təmin etsinlər, “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarını müəyyən etsinlər”.

Nazirlər Kabineti  “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etməli və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919
avatar

Oxşar yazılar