“Balta kimi üzürəm!”- MARAQLI İNSANLAR
26 iyul 2013 10:59 (UTC +04:00)

“Balta kimi üzürəm!”- MARAQLI İNSANLAR

Belə istilərdə hərdən pivə içmək üçün başımızı kafelərə soxuruq. Bakı pivələri içiləsi bir şey olmasa da hər halda sərinliyinə görə adamı çəkir. Nə isə, bu heç...

 

Kafeyə girib boş yerlərdən birində əyləşdim.

 

Artıq qarşımda pivə və saçaq pendir vardı. Bir-iki qurtum içmişdim ki, “bura boşdurmu?” soruşub yanımda bir nəfər əyləşdi. Sifarişindən bildim ki, o da pivə içməyə gəlib. Azərbaycanca danışmasaydı, bəstəboy olmasına baxmayaraq, onu latışa, ya estona bənzədərdim. Bu adam ağ sifəti və ala gözləri ilə heç standart azərbaycanlıya oxşamırdı.

 

Söhbətimiz nədən başladı? Demək, arada ona zəng gəldi, bir az hal-əhval tutandan sonra telefonda dedi ki, işim belədi dəə, 15 gün dənizdə, 15 gün quruda!

 

Deməli, dostum dənizçidi. Telefon danışığını qurtaran kimi bakalın dibində qalan pivəni başıma çəkib onunla söhbətə girişdim:

 

- Əmoğlu, dediyindən belə çıxır ki, dənizçisən, eləmi?

 

O da öz bakalında qalanı birbaşa başına çəkib gülümsəyərək:

 

- Hə, dənizçiyəm, özü də lap zırından! – dedi.

 

Yahu, “lap zırından” nə demək? Fikirləşdim, yəqin lap uzaqlara üzənlərdəndi. Ancaq mənim Əhməd adlı bir dostum var, aylarla dənizdə olur, “zır dənizçi” olduğunu dilinə gətirməyib. Bəs bu 15 gün dənizdə qalmağa niyə “zır” deyir? Bəli buradan da yeni suallar yarandı, nə yarandı! Həm də düşündüm, ayə,  tanrı yaxşı yetirib, gəlsənə, növbəti yazını bundan döşəyəm!

 

- Əmoğlu, bəs dənizdə nə işinə baxırsan?

 

- Gəlin, əvvəlcə tanış olaq, mən sizi tanıyıram, siz Murad Köhnəqalasınız. Mənim də adım Əfqandı.

 

- Çox gözəl, tanışlığımıza şadam, onda mənim də bir təklifim var, gəl, “siz”dən “sən”ə keçək.

 

Dostum dərhal razılaşdı:

 

- Ay, balan sağ olsun! Mən sənin yazılarını həmişə oxuyuram.

 

Fikirləşdim, yəqin gop eləyir. Adətən dənizçilər gopbaz olur. Həm də “ay balan sağ olsun!” ifadəsindən dalağım sancdı. Sən öl, deyəsən, bu biz tərəfin adamlarındandı, bayaqkı “zır” məsələsi də ayrım sözüdü. Gülə-gülə dedim:

 

- Mən də sənin yazılarını oxuyuram.

 

Dostum mənim bu komplimentimə xeyli güldü. Onun bu yumor hissi məni ürəkləndirdi. Birdən o, üzünə ciddi ifadə verib:

 

- Doğrudan oxuyuram aa, səni! Son vaxtlar “Kulis”də yazırsan, - dedi.

 

Ooooo! Demək, əmoğlu oxuyan adamdı. Xeyli sevindim.

 

Yenə əlavə elədi:

 

- O Mirzə Sakitlə Qaqulyanın əhvalatına xeyli gülmüşəm, həm də kədərli idi.

 

Baxdım ki, kişi məni əməllicə mütaliə eləyib. Dedim:

 

- Əzizim, doğrusu çox şad oldum, ancaq de görüm ha tərəfdənsən?

 

- Onu qalxanda deyəcəm, biz eyni yerdənik.

 

- Bəs, dənizdə nə işlə məşğulsan?

 

- Biz dənizdə qazılan quyulara nəzarət eləyirik. Mənim işim belə adlanır: Quyunun Qazılmasına Geoloji, Geofiziki, Texnoloji Nəzarət.

 

- Ha-ha-ha! Ayə, sən yekə adamsanmış!

 

- Sən zarafat elə! 1998-ci ildən dənizdəyəm. Hazırda 77 nömrəli Mədən Geofizika dəstəsinin rəisiyəm.

 

Mən yenə zarafata keçdim:

 

- Ayə, mən ölüm, səni başqa yerdə görsəydim ilantutana bənzədərdim.

 

Əfqan sözlərimə xeyli güləndən sonra dedi:

 

- İlantutmağı demirəm, ancaq məndə şamanlıq var. Məsələn, sənin əlinə baxıb bütün xarakterini üzünə oxuya bilərəm.

 

Mən sol əlimi açıb onun qarşısına qoydum:

 

- De görüm, mən necə adamam?

 

- Səəən çox mürəkkəb adamsan, dəliqanlısan, nahaqq olsan da öz sözündən geri duran deyilsən.

 

- Əşi, belə şeyləri kimə desən razılaşar. De görüm, mənim axırım necə olacaq?

 

- Yox, qağa, mən yalnız keçmişə baxıram.

 

- Keçmiş də, tərs kimi, məni maraqlandırmır! Hə, de görüm, təhsilin-zadın varmı?

 

- Baa! Təhsil en qədər! Neft Kimya İnstitutuna girib, Neft Kimya Akademiyasını bitirmişəm. Əla oxumuşam. Tələbə ola-ola Üzvi Kimya kafedrasında laborant işləmişəm.

 

- Yaxşı, təhsilin əladı! De görüm, ümumiyyətlə, dənizdə işiniz konkret nədi? 

 

- Biz neft qazmalarında bütün parametrləri internetlə rəhbərliyə ötürürük. Şirkətin rəhbərliyi isə göndərilən parametrlərə birbaşa nəzarət eləyir. İnternet bizi, köhnə üsulla müqayisədə, milyon manatlarla irəli salır.

 

- Bəs, 15 gün deyirdin aaa, həmin günləri harada qalırsınız?

 

- Bizim özügəzən qazma qurgusu var, dörd ayaqlıdı. Hər ayağın da dörd ayağı var. Bu qurğu 110 metrə qədər dərinliyə işləyə bilir. Təsəvvür eləmək üçün deyim ki, qurğunun ayağının bir metri 800 kiloqramdı.

 

- 15 gün ailəndə olmursan, bunlar çətinliklər yaradır yəqin.

 

- Əlbəttə yaradır, ancaq 1998-ci ildən dənizdəyəm, artıq öyrəşmişik. Mənim üç övladım var, böyüyü qızdı, adı Afətdi. Dənizə hazırlaşanda məni o yola salır, çantamı hazırlayıb “Ata, uğurlu yollar!” deyir.

 

- Azərbaycan sənin üçün necə görünür?

 

- Azərbaycan mənim üçün yarı su, yarı quru deməkdi.

 

- Su tərəfini sevirsən, yoxsa quru tərəfini?

 

- Əlbəttə, quru tərəfini! Açığını deyim, dənizçi olsam da dənizdən zəhləm gedir.

 

- Bəs bayaq sonda demək istədiyin nə idi?

 

- Mən bilirəm ki, sən Tovuzun Köhnəqala kəndindənsən. Mən də Tovuzdanam, Azaflı kəndindən.

 

- Baa! Əəə, bunu de də bayaqdan! Deyirəm axı, sən bizim sarıyağız ayrımlarımızdansan, qədim türksən.

 

- Özüm də Aşıq Xanlar Məhərrəmovun kürəkəniyəm.

 

- Vay-vay-vay!  Onda yaxşı saz çalarsan...

 

- Yox, saz çala bilmirəm.

 

- Heç olmasa üzə bilirsənmi, mən ölüm?

 

- Üzürəm, özü də balta kimi! Üzmək nədi, şeir də yazıram!

 

- Ta denən, bədbax olduq, dana!

 

- Niyə? Yaxşı qoşma-gəraylım var, sərbəst şeirlərim, hekayələrim var. Elektron poçtuna göndərərəm, oxuyarsan...

 

Biz ayrılanda elektron poçtumu ona verdim, ancaq bu yazını yazana qədər Əfqan mənə

heç nə göndərməmişdi...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Oxşar yazılar