“Ali məktəblər aşağı bal toplayan tələbələrdən imtina etmir” - MÜSAHİBƏ - YENİLƏNİB
21 oktyabr 2013 17:40 (UTC +04:00)

“Ali məktəblər aşağı bal toplayan tələbələrdən imtina etmir” - MÜSAHİBƏ - YENİLƏNİB

“Onlar nüfuzunu qorumaq üçün tələbələrin sayını çoxaltmağa çalışır. Halbuki, bütün dünyada ali məktəblərin reytinqi onun buraxdığı məzunların bilik səviyyəsindən asılıdır, orada təhsil alan tələbələrin sayından yox...”


 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsi

 

- Məleykə xanım, builki qəbul kampaniyası artıq başa çatıb. Kampaniyada istənilən nəticələr əldə olundumu, hansı məsələlər və problemlər üzə çıxdı?

 

- 2013-cü ilin qəbul kampaniyasının nəticələri ilə bağlı hesabat hazırlanıb və Prezident Administrasiyasına təqdim edilib. Bu ilkin hesabatdır. Qeyd edim ki, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təxminən 670 minə yaxın insanı müxtəlif növ imtahanlardan keçirib. Əgər 670 minə yaxın insan bizim imtahandan keçibsə və onların ailəsində özündən başqa 3 nəfər də varsa, bu o deməkdir ki, təxminən 2 milyona yaxın Azərbaycan vətəndaşı qəbul kampaniyasında iştirak edib və ya onu izləyib. Onların hər biri qəbul imtahanları və ümumilikdə bizim işimiz haqqında hansısa fikir söyləyə bilər. Bizim sistem tam şəffafdır və bütün imtahanlar təkcə xüsusi müşahidəçilər tərəfindən yox, eyni zamanda xalq tərəfindən müşahidə olunur.

 

Builki qəbul kampaniyasında təşkilatı nöqteyi-nəzərdən bir neçə yeniliklər edilib. İlk öncə çalışdıq ki, bizə verilən tapşırıq əsasında imtahanları imtahan verənlərin yaşadıqları yerə daha da yaxınlaşdıraq. Bu il qəbul imtahanlarının 11 şəhərdə keçirilməsi əhali tərəfindən yaxşı qarşılanıb. Eyni zamanda, bu il, ilk dəfə olaraq, rayonlarda yaşayan abituriyentlərin imtahan keçirilən bölgə mərkəzlərinə nəqliyyat vasitəsilə daşınması, yəni abituriyentlərin imtahana yorulmadan qatılması təmin edilib. Bunların nəticəsində ötən illə müqayisədə bəzi şəhərlərdə abituriyentlərin nəticələri yüksəlib. Abituriyentlərin rahat şəraitdə imtahan verməsi o deməkdir ki, onlar öz biliklərini tam nümayiş etdirə biliblər.

 

Abituriyentlər imtahana hazırlaşmaq üçün gərək öz işlərini düzgün istiqamətdə qursunlar. Elə hallar olur ki, onlar imtahana hazırlaşmaq üçün nəyisə əzbərləməyə çalışırlar, məzmunca keyfiyyətli vəsaitlərdən istifadə etmirlər və sonradan nəticələri qaneedici olmur. Hər bir abituriyentin imtahana hazırlaşması üçün lazımi vəsaitlərdən istifadə etməsi vacibdir. Bu zaman əlavə müəllimə, repetitora elə də ehtiyac olmur. Çox zaman repetitorlara ehtiyac ona görə əmələ gəlir ki, valideynlər uşaqların imtahana hazırlıq mərhələsində onların hansı biliyə və hazırlığa malik olduqlarını yoxlaya bilmirlər. Buna görə də öz yüklərini repetitorun üzərinə qoymağa çalışırlar ki, onlar abituriyentlərin imtahana hazırlaşmasına nəzarət etsinlər. İldən-ilə Komissiyanın çap etdiyi materialların, dərs vəsaitlərinin çeşidi artıb. Bu il də yeni materiallar hazırlanmış və onlar çap olunaraq ictimaiyyətə təqdim olunub. Bütün vəsaitlər və metodiki materiallar bir məqsədə - uşaqların imtahanlara sərbəst şəkildə hazırlaşmasına xidmət edir. Hələ də buraxılış imtahanında iştirak edən şagirdlər bizi razı salan və istədiyimiz səviyyədə bilik əldə edə bilmirlər.

 

- Bu il də orta məktəblərin yekun qiymətləri ilə qəbul imtahanlarının nəticələri arasında müəyyən fərqlər ortaya çıxdı. Ümumiyyətlə, təhsil sistemində qiymətləndirmə probleminin həlli istiqamətində hansı işlər görülməlidir?

 

- Təəssüflər olsun ki, bəzən Komissiya tərəfindən səslənən rəqəmləri pedaqoji ictimaiyyət düzgün təhlil edə bilmir. Keçirdiyimiz buraxılış imtahanlarının çətinlik səviyyəsi qəbul imtahanlarının çətinlik səviyyəsi ilə müqayisə olunmalı deyil. Buraxılış imtahanlarında fənlərin çətinlik dərəcəsini 1 əmsalı ilə götürsək, onu hansısa ixtisas qrupunda müvafiq fənnin çətinlik dərəcəsi ilə müqayisə etsək, fərq təxminən 3-4 dəfə çox olar. Biz buraxılış imtahanında attestasiya keçirəndə yalnız heç nəyi bilməyən və “2” qiyməti alan uşaqları ümumi kütlədən ayırırıq. Lakin bu il onları cəmiyyət və dövlət hüquqi cəhətdən cəzalandırmadı. Onlar sənədlərini-attestatlarını əldə etdilər və bu da düzgün addım idi. Buraxılış imtahanında hansısa müsabiqə yoxdur və biz yalnız həmin mərhələdə kimin biliyinin hansı səviyyədə olmasını müəyyənləşdiririk.

 

Buraxılış imtahanında cəmi 2 fənn var, amma qəbul imtahanlarında müxtəlif fənlər olur. Ola bilsin ki, buraxılış imtahanında hər iki fəndən “5” alan şagird, qəbul imtahanında digər fənlər də olduğundan və hər bir fənn üzrə seçdiyi ixtisas qrupunda daha yüksək çətinlik göstəricilərindən istifadə edildiyindən, 250-300 bal toplaya bilsin. Bu mümkündür, çünki imtahanlarda meyarlar müxtəlifdir. Əgər buraxılış imtahanlarında asan test tapşırıqlarından istifadə edilirsə, qəbul imtahanlarında istifadə edilən tapşırıqların çətinlik spektri orta və çətin test tapşırıqlarının hesabına genişləndirilir. Ona görə, buraxılış imtahanında Ana dili və Riyaziyyatdan hansısa yaxşı və ya pis nəticə göstərən şagirdin həmin fənlər üzrə qəbul imtahanında göstərdiyi nəticəni müqayisə etdikdə görürük ki, bu nəticələr arasında əlaqə çox sıxdır (korrelyasiya əmsalı 0.8-ə bərabərdir).

 

Komissiya tərəfindən digər araşdırmalar da aparılır. Məsələn, məktəbdə biologiya fənnindən “5” qiymət alan şagird qəbul imtahanında həmin fəndən 0 ballıq nəticə göstərir. Əgər şagird məktəbdə 5 qiymət alırsa, qəbul imtahanında heç olmasa 30% nəticə göstərməli idi. Qiymətləndirmədə bu uyğunsuzluqlar var. Buraxılış imtahanı və qəbul imtahanı zamanı tətbiq edilən qiymətləndirmə yalnız fənn-fənn müqayisə edilməlidir.

 

Biz müəyyən bir mərhələyə gəlib çatmalıyıq ki, attestat qiymətlərini qəbul qaydalarında daha əhəmiyyətli səviyyədə nəzərə alaq. Buraxılış imtahanı zamanı müəyyən fəndən göstərilən nəticəni qəbul imtahanında o zaman nəzərə almaq mümkün olacaq ki, buraxılış imtahanının çətinlik dərəcəsi də kifayət qədər yüksək olsun. Hazırda isə 11-ci sinif üzrə keçirdiyimiz buraxılış imtahanlarında 9-cu sinifdə yaxşı oxuyan şagird müsbət qiymət ala bilər. Buraxılış imtahanında məqsəd qoymamışıq ki, kimisə cəzalandıraq. Burada məqsəd uşaqların hansı biliklərə malik olmasını müəyyən etməkdir. Ona görə də hələ ki, sadə suallar veririk. Lakin hələ də buraxılış imtahanında iştirak edən şagirdlər bizi razı salan və istədiyimiz səviyyədə bilik nümayiş etdirə bilmirlər. Yazı işlərini yoxlayan müəllimlərin kurrikulum standartlarının tələblərinin düzgün tətbiq edə bilmədiyini görürük.

 

- Bu il ilk dəfə olaraq TQDK tərəfindən monitorinq imtahanları keçirildi. Bu imtahanlar V və XI sinif şagirdlərinin biliyi ilə bağlı hansı nəticələri üzə çıxardı?

 

- Bəli, bu il ilk dəfə olaraq iki sinif üzrə monitorinq imtahanlarını keçirərək şagirdlərin biliklərini yoxladıq. XI sinifdə keçirilən monitorinq imtahanı standart imtahanlardan biri idi. Onun nəticələrindən buraxılış və qəbul imtahanlarına hazırlıq zamanı istifadə etdik, bundan başqa, sınaq və qəbul imtahanlarında olan nəticələri müqayisə etdik. Bütün bunlar buraxılış və qəbul imtahanlarının çətinlik dərəcələrinin düzgün müəyyənləşdirilməsinə imkan verdi.

 

V siniflər üzrə isə monitorinq imtahanları ilk dəfə keçirildiyindən onlar çox mürəkkəb keçdi. Şagirdlərin yazı işləri müəllimlər tərəfindən qiymətləndirməli idi. Yazı işlərinin qiymətləndirilməsi üçün orta məktəb müəllimləri üçün 8 regionda treninqlər keçirildi, onlarla birgə iş aparıldı. Yoxlamaları aparmaq məqsədilə yazı işlərini xüsusi skanerdən keçirib rayonlara göndərdik və eyni zamanda müəllimləri Bakıya dəvət etdik. Kodlaşdırılmış yazı işləri müəllimlər tərəfindən yoxlandıqdan sonra araşdırma aparılan zaman gördük ki, nəticələr elmi nöqteyi-nəzərdən etibarlı deyil. Təəssüflər olsun ki, nəticələri yenidən araşdıranda yazı işlərini yoxlayan müəllimlərin kurrikulum standartlarının tələblərinin düzgün tətbiq edə bilmədiyi aşkar oldu. Hazırda 24 mindən çox yazı işi yenidən xüsusi yoxlamadan keçərək seçilmiş müəllimlər tərəfindən təkrar olaraq yoxlanılır. Kurrikulum islahatları ilə əlaqədar müəllimlərlə bizdən əvvəl Təhsil Nazirliyi tərəfindən də treninqlər aparılsa da, onlar bu standartları yaxşı mənimsəməyiblər, bu səbəbdən də onların apardığı qiymətləndirmə reallığı əks etmir. Ona görə də bu yoxlama prosesi hələlik davam edir. Ümidvaram ki, oktyabrın sonuna kimi bu prosesin tam bitməsinə nail olacağıq.

 

Ali məktəblərdə aparılan dərslər və müəllimlərin bilikləri müasir tələblərə uyğun, istifadə olunan ədəbiyyat və dərsliklər müasir olmalıdır

 

- Hər il olduğu kimi bu il də ali məktəblərə yerləşdirmə zamanı 100-150 bal toplayan abituriyentlərin universitetlərə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunması ölkənin ali təhsil sistemində savadsız kadrların yetişdirilməsinə şərait yaratmırmı? Universitetlərdə yerlərin, qəbul planının doldurulması naminə balların aşağı salınması və aşağı nəticə göstərənlərin də qəbul olunması nə dərəcədə düzgündür?

 

- Biz plan üzrə təklif olunan bütün yerlərə şəffaf müsabiqə təmin edirik. Lakin elə yerlər də var ki, onlarda müsabiqə vəziyyəti yaranmır. Bu halda ali məktəbin öz gələcək tələbələrinə dair tələblərini nəzərə almalı oluruq. Hansı baldan başlayaraq tələbə qəbul etməyə hazırdırlar - bu sualı biz onlara əvvəlcədən ünvanlayırıq.

 

Biz ötən il ilk dəfə idi ki, keçid balını 150 bala salmışdıq. Təxminən 100-200 bal arası nəticə göstərən 3-4 min abituriyent ali məktəblərə daxil olmuşdu (bu, əsasən, regional və özəl ali məktəblər idi). Çünki ali məktəblərə qəbul olanların əsas hissəsi 200 baldan yuxarı nəticə göstərənlər idi. Aşağı intervalda olan gənclərin sayı ümumi qəbul olanların arasında təxminən 12% idi. Birinci kursun sonunda həmin tələbələrin akademik nəticələrini yoxlamaq üçün “Tələbə-məzun” sistemində onların nəticələrini araşdırdıq. Bu zaman onların ali məktəblərdə qalıb təhsil almaları, yoxsa akademik borclarına, tədris prosesində çətinliklərə görə kəsilib ali məktəblərdən xaric olunmaları məsələsi yoxlanıldı. Biz gördük ki, onlar ali məktəblərdən xaric olunmayıb. Və heç bir ali məktəbdən az bal toplayaraq qəbul olan tələbələrlə bağlı bizə hansısa narazılıq göndərilməyib. Hələ ki, ali məktəblər aşağı bal toplayan tələbələrdən imtina etmirlər.

 

Gələcəyin savadlı və ya savadsız mütəxəssislərinin formalaşması məsələsi isə təkcə 12% 100-200 balla ali məktəbə qəbul olanların səviyyəsindən asılı deyil. Bu ondan asılıdır ki, müəllimlərin tələbələrə qarşı tələbkarlığı yüksək olmalı, ali məktəblərdə aparılan dərslər və müəllimlərin bilikləri müasir tələblərə uyğun, istifadə olunan ədəbiyyat və dərsliklər müasir olmalıdır. Biz bu prosesə təsir edən iştirakçı deyilik. Tələbə sayının çoxluğu ali məktəblərdə müəllim kontingentini qoruyub saxlamağa imkan verir. Həm də ali məktəblər öz nüfuzunu qorumaq üçün tələbələrin sayını çoxaltmağa çalışır. Halbuki, bütün dünyada ali məktəblərin reytinqi onun buraxdığı məzunların bilik səviyyəsindən asılıdır, orada təhsil alan tələbələrin sayından deyil.

 

Ali məktəbdə oxumaq istəyən və valideynlərinin müəyyən imkanları olan gənclərə bu gün bazar iqtisadiyyatı tərəfindən kifayət qədər təkliflər verilir. Yaxşı yadımızdadır ki, müəyyən illərdə ali məktəblərə qeyri-qanuni qəbul və xaricdən kütləvi köçürmələr təşkil olunurdu. Müsbət haldır ki, bu neqativ hallara hüquqi qiymət verildi və onlara son qoyuldu. İndi isə qonşu ölkələrin, xüsusilə Ukrayna və Rusiyanın ali məktəblərinə bizim imtahanlarda aşağı nəticə göstərən və təhsil almaq üçün müəyyən maddi imkanları olan kontingenti aparmağa çalışan müxtəlif biznes qurumları fəaliyyət göstərir. Bu ölkələrdə ali təhsilin ictimai nüfuzu aşağı düşüb və valideynlər düşünürlər ki, uşaqlar hansısa adi bir peşəyə yiyələnərək özlərini saxlaya bilsinlər. Ali təhsil onlar üçün vacib deyil. Oradakı təhsilin keyfiyyəti də bizim ali məktəblərin keyfiyyətindən yüksək deyil. Burada sadəcə, bazar iqtisadiyyatı öz qanunlarını diktə edir. Çünki tələb varsa, təklif də formalaşır. Bizdə isə əhalinin rifahının yüksəlməsi ilə bağlı olaraq ali təhsilə tələb daha çoxdur. Ola bilsin ki, vaxt gələcək, bizim valideynlər başa düşəcəklər ki, ali təhsil elə də vacib deyil və onların övladları üçün orta ixtisas və ya peşə təhsili yetərlidir.

 

TQDK “qara baza”ya düşən məzunlar barədə məlumatları dekabrda açıqlayacaq

 

- TQDK-nın istifadəyə verdiyi Tələbə-məzun elektron bazasında hazırda nə qədər şəxs haqqında məlumatlar var? Bu il TQDK-nın “qara baza”sına düşən məzunların sayında hər hansı dəyişiklik varmı?

 

- Dekabr ayında bu ilin nəticələri məlum olacaq. Bu il ərzində tələbə kontingenti arasında hansı proseslərin getdiyi ilin sonunda açıqlanacaq. Bu məlumat müvafiq qurumlara-Təhsil Nazirliyi, Respublika Prokurorluğu, Korrupsiyaya qarşı Mübarizə İdarəsi, hər bir ali məktəb üçün açıqdır. Amma ictimaiyyətə ildə bir dəfə ilin sonunda məlumatlar təqdim olunur. Bu il də dekabr ayında nəticələr elan olunacaq və ötən illə müqayisədə hansı dəyişikliklərin olduğunu görmək mümkün olacaq.

 

- Təhsil Nazirliyinin verdiyi elektron məlumat bazasında bu il hansı çatışmazlıqlar və səhvlər aşkarlanıb?

 

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Şagird-məzun elektron məlumat sistemi”ni yaradılıb. Bu il “Şagird-məzun elektron məlumat sistemi”ndə müəyyən çatışmazlıqlar var idi. Təhsil Nazirliyi və rayon təhsil şöbələrinin işçiləri çatışmazlıqların imtahanın keyfiyyətinə təsir göstərməməsi üçün onların operativ şəkildə aradan qaldırılması üçün çalışdılar. Təbii ki, biz də bu istiqamətdə ciddi iş apardıq. Bu yaxınlarda həmin sistemdə aparılan dəyişikliklər və statistik araşdırmalarla əlaqədar təhsil nazirinə müvafiq məktub göndərdik. Eyni zamanda, bu ilin reqlamentini təsdiqlədim ki, hansı siniflərdə ayın neçəsinə kimi dəqiqləşmə aparılmalı, yeni məlumatlar sistemə daxil olmalıdır. Bu reqlament rayon təhsil şöbələrinə də göndərilib və təhsil naziri tərəfindən müvafiq olaraq öz işçilərinə təqdim ediləcək.

 

- Yeni reqlamentdə əsasən hansı yeniliklər və dəyişikliklər var?

 

- İki il bundan əvvəl IX sinifdə buraxılış imtahanı keçirmişiksə, bu il XI sinfin məlumatlarını yenidən toplamaq lazım olmayacaq. Çünki onlar IX sinifdə olan şagirdlərdir və sistemdə həmin kontingent üzərində hansısa redaktə xarakterli qeydlər aparmaq lazımdır. Amma bu ilin IX sinfini yenidən yığmaq lazımdır. Əgər keçən il V sinfə dair məlumatlar verilibsə, artıq VI sinfin yığmaq lazım olmayacaq. Yalnız kontingentdə olan dəyişiklikləri qeyd etmək lazımdır. Bundan sonra kontingenti birinci dəfə yalnız V sinifdə yığmaq lazım olacaq. Çünki sonradan onlar VI, VII və digər siniflər üzrə monitorinq imtahanlarında iştirak edəcəklər deyə XI sinfə çatana kimi artıq biz onların nəticələrini biləcəyik.

 

- TQDK-nın ötən il istifadəsi məqbul hesab edilməyən dərsliklərlə əlaqədar rəyi nəzərə alınıbmı? Yəni həmin dərsliklərdəki qüsurlar aradan qaldırılırmı? Oktyabrın sonundan dərsliklərin yenidən monitorinqi başlayır. Bu ilki monitorinqlər zamanı hansı yeniliklər olacaq?

 

- “Dərsliklərin monitorinqi, yenidən hazırlanması və nəşri sahəsində beynəlxalq təcrübə” adlı yeni material çap edilərək ekspertlərə təqdim edilib. Təhsil Nazirliyi ilə birgə elektron portal yaradırıq və bu işə birlikdə başlayırıq. Elektron portalda bütün dərsliklərə aid olan materiallar, dərsliklərlə bağlı işləyən müəllimlər üçün şəbəkə yaranacaq ki, onlar burada öz aralarında fikir mübadiləsi aparacaq, təklif və iradlarını bildirəcəklər. Qarşıya çıxan problemlərin həlli üçün bu müzakirələrə ekspertlər, müəlliflər qoşulacaqlar. Bunun nəticəsində portalda açıq şəbəkələr müəyyən ediləcək. Hər bir müəllimin imkanı olacaq ki, professional şəbəkəyə qoşularaq bu prosesdə iştirak etsin. Dərsliklərin monitorinqinə dair olan bütün məlumatlar həmin portalda yerləşdiriləcək və hələ ki, belə virtual formatda müzakirələr aparılacaq. Keçən il dərsliklərin monitorinqi ilə bağlı müzakirələr bütün ölkəni əhatə edib. Amma indi bu proseslər virtual məkana keçəndə daha çox insan burada iştirak edə biləcək. Bu proseslərdə iştirak etmək üçün müəllimlərə də müəyyən tələblər var. Belə ki, onlar informasiya-texnologiyalarını mənimsəyib bundan öz fəaliyyətində bir alət kimi istifadə etməyi bacarmalıdırlar.

 

- Sizcə, Azərbaycanda repetitorluğun qarşısını almaq üçün konkret hansı işlər görülməlidir? Hər zaman abituriyentlər deyir ki, orta məktəbdə yaxşı oxusan da qəbul imtahanında müəyyən nəticə göstərmək üçün repetitor yanına getmək lazımdır. Bunun səbəbi nədir?

 

- Orta məktəblərdə təhsil alan uşaqların hamısı müxtəlifdir. Düşünürəm ki, özü-özünün idarə edən və iradəsi olan uşaq üçün repetitor elə də lazım deyil. Repetitor abituriyentlərin əməyini kənardan qiymətləndirən müəllimdir. Bu rolu onların valideynləri də öz üzərinə götürə bilər. Biz yüksək bal toplayan uşaqların valideynlərinin kim olduğunu araşdıranda görürük ki, ali məktəblərə yüksək balla qəbul olan abituriyentlərin 80%-nin valideynlərindən biri mütləq müəllimdir. Əgər ailədə müəllim varsa, uşağın nəticəsi daha yüksək olur. Müəllim evdə də valideyn kimi uşağa düzgün yanaşma və onun imtahana hazırlaşma prosesində dəstək verir. Elə valideyn var ki, uşağa dəstək verməkdənsə stressə salır və bunun nəticəsində uşaq bildiyini də yaddan çıxarır. Repetitor isə bir növ uşağa professional yanaşır, onun səviyyəsini özü üçün müəyyən edir. Bu yarışmada hamı çalışır ki, ən yüksək nəticə əldə edə bilsin. Buna görə də repetitor yanına gedirlər. Amma qəbul imtahanını vermək üçün repetitor lazım deyil. Təhsil elə bir prosesdir ki, orada repetitora ehtiyac yoxdur. 11 il mütəmadi şəkildə məşğul olan şagirdə repetitor lazım deyil.

 

Əvvəlki illərin məzunları qəbul imtahanlarını aprel ayında verəcəklər

 

- Artıq yeni tədris ili üçün qəbul kampaniyasına başlanır. 2014-cü ildə abituriyentləri hansı yeniliklər gözləyir?

 

- 2014/2015-ci tədris ilində təşkilatı nöqteyi-nəzərdən olacaq yenilikləri artıq elan etmişik. Əvvəlki illərin məzunları və həmin illərin məzunları müxtəlif vaxtda imtahan verəcəklər. Belə ki, əvvəlki illərin məzunları qəbul imtahanlarını may ayında verəcəklər və nəticələri həmin ayda açıqlanacaq. Orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyul ayında verəcəklər. Bu bizə imkan verəcək ki, bütün kontingenti yaxşı binalarda yerləşdirək. Həm əvvəlki illərin, həm də orta məktəblərin 2014-cü il məzunları ixtisas seçimini eyni vaxtda – ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra edəcəklər.

 

- Gələn il qəbul imtahanlarında fənlərin sayının azaldılması gözlənilirmi?

 

- Təbii ki, gələcək illərdə qəbul imtahanlarında fənlərin sayının azaldılması nəzərdə tutulur. Biz çalışırıq ki, buraxılış imtahanlarında olan fənlərin nəticələrini qəbul imtahanlarında nəzərə alaq. Amma hələ ki, bu ilin nəticələri göstərir ki, bunu tətbiq etmək üçün hələ ki, 3-4 il lazımdır. Lakin növbəti illərdə buraxılış imtahanlarında fənlərin sayının artırılması qəbul imtahanlarında fənlərin sayının azalmasına şərait yaradacaq.

 

- 2015-ci ildən etibarən Azərbaycanda qəbul qaydalarının dəyişiləcəksə, yeniliklər nədən ibarət olacaq. İlkin olaraq TQDK hansı yeniliklərin edilməsini təklif edir?

 

- Azərbaycanda hər il qəbul qaydalarında müəyyən dəyişikliklər baş verir və biz bunları yanvar ayında elan edirik. Qəbul kampaniyasında tədricən müəyyən dəyişikliklər baş verəcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.

 

- Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiyanın nə zaman qəbul olunacağı gözlənilir? Yeni sənədə əsasən konkret hansı işlərin görülməsi nəzərdə tutulur?

 

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında bu strategiya müzakirədən keçib. Bizim tərəfimizdən hansı təkliflər verilibsə, onların hamısı strategiyada nəzərə alınıb. Hazırda Təhsil Nazirliyi tərəfindən Təhsilin İnkişafı üzrə Milli Strategiya üzərində yenə də iş gedir. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən sənəd Prezidentə təqdim olunacaq. Mən indi bu barədə dəqiq nəsə deyə bilmərəm.

 

- TQDK-nın Təhsil Nazirliyi ilə birgə fəaliyyəti bundan sonra hansı formada davam etdiriləcək?

 

- Bizim hərəmizin təhsil sahəsi üzrə öz vəzifəmiz var. Bu vəzifələr hüquqi cəhətdən həm Komissiyanın, həm də Təhsil Nazirliyinin əsasnaməsində, normativ sənədlərdə, Təhsil haqqında qanunda öz əksini tapıb. Vəzifə bölgüsü Prezident tərəfindən aparılıb və hərəmizin öz vəzifəmiz var. Onların hamısını həyata keçirmək üçün kifayət qədər bizə də imkan yaradılıb. Təbii ki, bu proses mürəkkəb bir prosesdir. Bizim də onlardan çox asılılığımız var. Belə ki, şagird kontingenti, müəllimlər və təhsil şöbələri ilə işləyirik. Onların da bizim işin nəticəsindən asılılığı var. Çünki biz tələbə kontingentini formalaşdırırıq və onun keyfiyyəti tədris prosesinə təsir göstərir. Bizim heç bir ziddiyyətli problemimiz yoxdur ki, deyək bu problem müzakirələrdən sonra həll olunmur. Təbii ki, müxtəlif yanaşmalar olur. Amma müzakirələr nəticəsində konsensus əldə olunur və qərar qəbul olunur. Biz öz işimizi bu istiqamətdə həmişə qurmuşuq və bundan sonra da davam etdirəcəyik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2503
avatar

Oxşar yazılar