“28 May”da yeni tunelin tikintisi 2016-cı ildə başa çatacaq
16 oktyabr 2014 17:11 (UTC +04:00)

“28 May”da yeni tunelin tikintisi 2016-cı ildə başa çatacaq

0

 

Fransanın “BOUYGUES TRAVAUX PUBLİCS, LLS” şirkəti ilə ilə “Bakı Metropoliteni” QSC arasında “28 May” stansiyasında yeni tunelin tikintisinə (Qırmızı və Yaşıl xətlərin ayrılması) dair müqavilə imzalanıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qırmızı xətlə (“Həzi Aslanov” – “İçərişəhər” stansiyaları arası) Yaşıl xətt (“Dərnəgül” – “Xətai” stansiyaları arası) “28 may” stansiyasında kəsişir və bu da öz növbəsində qatarların hərəkət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İki xəttin bir-birindən ayrılması eyni zamanda qatarlar arası intervalın azaldılmasına xidmət edəcək. Nəzərə alaq ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarlardan biri “İçəri şəhər”, digəri isə “Dərnəgül” istiqamətinə hərəkət edir.  Bu baxımdan “Həzi Aslanov” – “28 may” stansiyaları arasında hərəkət intervalı 2 dəqiqə olsa da bu özünü “28 may” – “Dərnəgül” stansiyaları arasında 4 dəqiqə olaraq göstərir. Xətlərin ayrılmasından sonra isə “28 may” – “Dərnəgül” mənzilində hərəkət intervalını 2 dəfə azaltmaq imkanı yaranacaq.

Onu da qeyd edək ki, yeni tunelin tikintisindən sonra Yaşıl və Qırmızı xətlər üzrə qatarlar müstəqil hərəkət etmək imkanı qazanacaqlar. Belə ki, Qırmızı xətt üzrə “Həzi Aslanov” stansiyasından hərəkət edən qatar birbaşa “İçəri Şəhər” stansiyasına gedəcək. “Dərnəgül” istiqamətinə getmək istəyən sərnişinlər isə “28 may” stansiyasında Yaşıl xəttə keçərək hərəkətlərini davam etdirəcəklər. Yaşıl xətt üzrə “Dərnəgül” stansiyasından hərəkət edən qatarın son dayanacağı isə “Xətai” stansiyası olacaq.

Müqavilə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”-nin beynəlxalq əlaqələr üzrə icraçı direktoru Jean-Denys Arnal tərəfindən imzalanıb. Layihənin icrasına yaxın günlərdə başlanılacaq. İşin icrasının 2016-cı ildə başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, bu işlərin görülməsi ilə bağlı anlaşma memorandumu Fransa prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı imzalanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 754

Oxşar yazılar