Bəs siz hansı məktəbə gedəcəksiz?
15 sentyabr 2014 12:40 (UTC +04:00)

Bəs siz hansı məktəbə gedəcəksiz?

- Bu il hansı məktəbə gedəcəksiz? Dəyişmirsiz?

Son vaxtlar bu sual da bədxasiyyətli “haralısan?” sualı qədər aktuallaşıb.

Son vaxtlar uşaqlarının təhsil aldıqları məktəbləri bir-birinin ardınca dəyişən valideynlər də çoxalıb.

İş və ya xidmət məkanını tez-tez dəyişməyə və buna görə də hər dəfə yeni yaşayış yerinə yaxın məktəblərə üz tutan valideynlərlə işim yoxdur.

Amma nə işi, nə xidməti olmayan, yada bu ikisi daimi olan valideynlərin xətrinə bir-iki abzaslıq söz demək olar, düşünürəm.

 

Uşaqlarımız hər dəfə yeni bir dəyişikliyə məruz qaldıqda, psixoloji olaraq nələr yaşayırlar, tam bilə bilmirik. Amma yetər ki, özümüzün həmin yaş dövrlərindəki bizdən asılı olmayan, valideynlərimizin bizim üçün seçib qərar verdikləri məqamlarda yaşadıqlarımızı xatırlamağa çalışaq.

İstənilən qəfil dəyişiklik uşaq beyni üçün zərbədir, istər yaxşılığa, istər pisliyə doğru olsun.

Məktəbə getdiyi ilk dərs günündə əli valideyninin əlindən qopub ilk müəlliminin əlinə təhvil verilən uşaq da, ilk müəlliminin dörd illik himayəsindən qopub ibtidai təhsildən ümumi məktəb axınına qatılan məktəbli də, son zəng günü artıq böyüdüyündən əmin olub “müstəqil həyat” deyilən o ənmüxtəlif insanlarla dolu boşluğun içinə yuvarlanan məzun da o zərbəni mütləq alır.

 

Həyatının ritmini, getdiyi yolları, öyrəşdiyi müəllimləri, sevdiyi sinif yoldaşlarını birdən-birə keçmişdə saxlayıb, yeni müəllimlərin, yeni yolların, yeni sinif yoldaşlarının içinə düşməyə vadar etdiyimiz övladlarımızın ən kiçik sarsıntısına belə cavabdehik.

 

Amma...

 

Heç kim hər şeyin yaxşı olduğu yerdən qaçmaz, əksinə, hər kəs daha yaxşı olduğunu düşündüyü yerə can atar, bu dünyada özünü unudanlar belə balası üçün hər şeyin “daha yaxşısı”nı arayar, seçər, əldə etməyə can atar.

Hərçənd, bizə yaxşı görünənlərin də heç də hamısı yaxşı olmaya bilər.

 

Söhbət nədən gedir?

Azərbaycanda təhsilin səviyyəsinin hələ də toplum üçün tam qənaətbəxş və tam bəyənilən olmamasından.

Bir ölkədə bütün tədris ocaqları eyni səviyyədə güclü və etibarlı olsa, ola bilsə, heç bir valideyn heç bir uşağı heç bir məktəbdən heç bir başqa məktəbə daşımaz, həyatının ritmini dəyişməz.

 

Bütün müəllimlərinin beyni, ürəyi, vicdanı güclü olduğu, dərs saatlarında bütün siniflərdə vaxtın ancaq dərsə sərf edildiyi, bütün dərslərin zamanında və tam olaraq şagirdlərə ötürüldüyü, şagirdlərdən dərsdən və nizam-intizamdan başqa heç nəyin tələb olunmadığı, valideynlərin öz övladlarının təhlükəsizliyi və tərbiyəsi üçün nigaran qalmadığı, bütün pedaqoqlarının özlərini həqiqətən də dövlət qulluqçusu kimi hiss edib, bu ifadənin məsuliyyətini tam olaraq dərk etdikləri məktəblər arzusundayıq hamımız, anlayıram.

Amma hələ ki, məşhur şeirdə deyildiyi və bizim bütün nağıllarımızın başladığı kimidir ümumi mənzərə: Biri var, biri yox...

 

Fonda isə...

Fon ümidini dövlət məktəblərinə bağlamış valideynlərin öz uşaqlarının əllərindən tutub,  “bəlkə o birində daha yaxşı olar” fikri ilə məktəb-məktəb dolaşan nigarançılığı rəngindədir.

 

Hərçənd, hər bir valideyn hər bir məktəbin içində “ daha yaxşı”nı istəməyə və qurmağa can atsa, daha yaxşı olardı.

 

P.S. Hər birimizi yeni dərs ili münasibətilə təbrik edirəm!

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar