Bu günlərdə Əfqanıstanda 8 yaşlı qızını ərə verən ata mətbuatın gündəminə möhürünü vurdu. 12 yaşlı “əri” ilə şəkil çəkdirən qızcığaz çox kədərli görünürdü. “Bəy”in də üzündə sevincdən əsər-əlamət yox idi. Əksinə, döşdən ayrılan uşaq sayaq burnunu sallamışdı.
Uşaqlar elə əl-ələ tutmuşdular ki, sanki evlənməyə deyil, evcik-evcik oynamağa gedirdilər. Deyəsən, nə baş verdiyini dəqiqliklə anlamırdılar. Elə idisə üzlərindəki kədər nə idi? Deyəsən yoxsulluq və zəlalət...
Qızın atası da belə düşünürdü. Başında araqçın, kosa saqqallı, dişləri tökülmüş bu kişi çəkinmədən kamera qarşısına keçdi və bildirdi ki, qızı 12 yaşlı qohumu ilə göbəkkəsdidir. Onları toy izdivacına tələsdirən yoxsulluq olub. Yoxsa, inanın, bir-iki il də gözləyərdilər.
Miskin görkəmli ata başlıq üçün 2 min dollar aldığını söylədi və and-aman elədi ki, bu pulu geridə qalan ailə üzvlərinin acından ölməməsi üçün xərcləyəcək.
Sarsıdıcı həqiqətdir!
Bir az bərkini tutsaydılar mömin əfqan elədiyi hərəkət üçün şəriətdən ciddi əsaslar gətirərdi. Şəriət də ki, Çingiz Aytmatov demiş, plastilin kimidir, ondan nə istəsən düzəltmək olar.
Bu yerdə yadıma məşhur aktyor Kamal Sunalın amansız bir filmi düşdü: ata öz arvadının “kredit”ini ödəmək üçün bələkdəki körpə qızını kəndin aralığında hərraca çıxarır.
Amma misal çəkmək istədiyim film məşhur amerikalı rejissor Martin Skorsezedəndir. O Skorseze ki, ABŞ-dakı yarıtmazlıqlar haqda çəkdiyi filmlərə görə uzun illər “Oskar”a həsrət qaldı. Bütün tələbələri bu böyük mükafata layiq görüldüyü halda...
Skorseze 65 yaşında “Oskar” heykəlciyini titrəyən əllərində sıxanda, zalda çoxları göz yaşına boğuldu. Bizim gözəl Həmidə Ömərova isə hönkürərək ağladı...
Hə, bax həmin Skorsezenin 1976-cı ildə lentə aldığı bir filmi var: “Taksi sürücüsü”. Filmin bir fraqmentində şəhərin bütün eybəcərliklərinin şahidi olan və bunlardan ürəyi bulanan sürücü 12 yaşlı fahişəni düşdüyü yoldan çəkindirməyə çalışır. Deyir, sən öz ailənə qayıt, məktəbini davam etdir.
Qızın gülərək verdiyi cavab tamaşaçının yeddi qatından keçir:
- Siz niyə bu qədər köhnə düşüncəlisiniz?
...Amma ötən həftə başqa bir qəribə hadisə də baş verdi. İspaniyanın məşhur futbol klublarından biri 13 yaşlı qan xəstəsi olan Gohan adlı azarkeş uşağı rəsmi qaydada kluba qəbul edərək, stadiona çıxardı. Rəqib komanda isə Gohanın bir qol vurmasına şərait yaratdı. 12 nömrəli formanı geyinmiş Gohan oyun sonrası komandanın fəxri kapitanı seçildi... Kapitan sarğı qoluna vurularkən uşaq mələklər kimi xoşbəxt idi!
Ömrümdə futbolu bu qədər sevməmişdim!