Adətən hər kəs ilandan qorxar, bacardığı qədər ilanla rastlaşmamağa çalışar. Lakin Pakizə Əliyeva ilanlarla işləməyi özü seçib. 2001-ci ildən “Bakı Zooloji Parkı”nda feldşer-laborant kimi işləməyə başlayan P. Əliyeva ixtisası baytar olsa da, ilanlara olan marağından parkda məhz onlarla işləməyi seçib.
- Yadımdadı, işçilərimiz terrariumu yuyurdular, mənə ilanı əlimdə saxlamağı xahiş etdilər. İlk dəfə çox qorxdum. İlan əlimdə tərpənəndə elə bildim ki, məni dişlədi. Qışqırmağa başladım. Fərqli bir hiss idi. Pulcuqları var, amma balığınkı kimi deyil, qurudu. Amma maraqlıdı, səhəri işə gələn kimi birinci terrariumun yanına getdim. Beləcə ilanlara marağım yarandı.
***
Pakizə ilanlarla işlədiyi müddətdə qazandığı təcrübəni bölüşür:
- İlana əl vurmaq olmaz. İlan gördünüzsə, yolunuzu dəyişin. İlan elə heyvandır ki, ona heç nə etməsən, səni vurmaz. Ona toxunanda təhlükə hiss edib, sanca bilər. Onlar it-pişik deyil, sığallanmağı sevməzlər. İlan gözəlliyi və rəngləri ilə insanı özünə cəlb edir. Zəhərli ilanlar daha gözəl, parlaq, rəngarəng olur. Çox gözəl ilanlar, çox zəhərli olur. Çox gözəl ilanlar var: ağ dodaqlı piton, burma piton, timsahvari piton, anakonda və təlxə.
- İlanları tərbiyə etmək mümkündür?
- Əlbəttə, ələ öyrətmək olur. İlanlar var ki, təzə gələn vaxtı ələ götürmək olmur. Onun üçün dişləri bata bilməyən xüsusi əlcəklərimiz var. Əlcəkləri taxıb gündə 5-10 dəqiqəlik əlimə götürürəm. Ona zərər yetirməyəcəyimə əmin olandan sonra daha dişləmir. Elə ilan var, on günə öyrətmək olur, elə ilan var ki, onu heç vaxt öyrədə bilməzsən. Pitonlar asan tərbiyə olunur. Anakondalar əhliləşmir. Hər dəfə ələ alanda, ya çox bərk dişləyir, ya da adamın qoluna elə dolanır ki, sonra onu güclə açmaq olur.
- Heç sizi ilan sancıb?
- Hə, bir dəfə ilanı əlimdə oynadırdım, qəflətən burnumdan dişlədi. Qorxdum. Bir az sonra özü buraxdı. Elə bildim birdən yüz dənə iynə mənə batdı. Dişləri çox nazik, amma dilikli olur. Batanda o qədər ağrıtmır, çıxaranda cıra-cıra çıxır deyə bərk ağrısı olur.
- İlanlar xəstələnəndə nədən bilirsiz?
- Xəstələnəndə burunlarından maye gəlir, yemək yemir, çox tərpənmir. Yemək yeməyən ilan dərisini gec dəyişir.
- Məsələn, toyuq, it, pişik ac olanda özünə məxsus səs çıxarırlar. Bəs ilanlar necə?
- İlanlar fısıltıdan başqa səs çıxara bilmirlər. Əsəbi olanda da, ac olanda da fısıldaya bilər. Ac olanda əsasən adama cumurlar. Məsələn, terrariumun qabağından keçəndə sənin dalınca çönürsə, demək ki, acdı.
- İlanların dişisiylə erkəyini necə ayırd etmək olur?
- Belə kənardan baxmaqla heç cür bilmək olmur. İlanların quyruğuna yaxın yerdə iki dənə dırnaqları olur. Erkəkdə bu daha böyük olur. Bu dırnaqlar vasitəsi ilə onlar cütləşirlər.
***
Şüşə qutunun içərisində olan nisbətən kiçik ilanlara maraqsız baxdığımı görüb, Pakizə mənə böyük pitonlara baxmağı təklif etdi. Biz daha böyük ilanların yanına keçdik. Burada çəkisi 15 kiloqram olan böyük piton vardı. Qapını açanda ilk dəfə qarşımda belə böyük ilan görəndə, açığı məni vahimə basdı. Sonradan Pakizənin pitonu əlində oynatması məni bir az cəsarətləndirdi və ilana yaxın gəldim. Pakizə pitonu boynuna doladı, öpüşdü-görüşdü, sonra üzünü mənə tutdu:
- Mənim sevgim qarşılıqsızdı. Mən ilanları sevirəm, amma bilirəm ki, onlar məni sevmir.
- Niyə belə düşünürsən?
- Hissləri olmadığı üçün onlar insana öyrəşmir, sevməyi bacarmırlar, sevgini hiss etmirlər. Bax, mən onu lap körpəlikdən on ildə saxlasam da, yemək versəm də, o ac və əsəbi olanda məni dişləyəcək. Artıq yeddi ildir onlarla işləyirəm. Çox etibarsızdılar. Ona görə də bəzi laqeyd insanlara “ilan kimi soyuqdu” deyirlər.
***
Həqiqətən də gözəl ilan idi. Cazibəsinə dayana bilməyib toxunmaq istədim. Əvvəl pitonun quyruğuna əl vurdum, sonradan əlimə aldım. Həqiqətən də ona toxunmaq çox qəribə hiss idi. Canımda həm qorxu vardı, həm həyəcan. Pitona alışdığımı görəndə “indi acdı, çox oynatma, səni yemək istəyər” dedi. Zarafatyana deyilən bu sözləri ciddi qəbul etdiyimi görüb ardınca “qorxma, indi ona dovşan verəcəm yeyəcək”. Sonra o biri otaqdan qara bir dovşanı qulağından tutub, yelləyə-yelləyə gətirib pitonun qabağına atdı. Dovşan tərpənməyə belə macal tapmamış piton onun bədəninə dolandı. Pakizə hələ də ciyildəyən dovşana iynə vurdu. Əvvəl elə bildim ki, bu iynəni dovşan acı çəkməsin deyə vurur. Sonra izah etdi ki, bu pitonun vitaminidi. Naharının öldüyündən əmin olandan sonra yavaş-yavaş dovşanın bədənindən açıldı. Sonra ağzı ilə dovşanın başını axtarmağa başladı. Əvvəl dovşanın pəncəsini qulağı ilə səhv saldı. Ağzında oyana-buyana hərləsə də uda bilmədi. Sonra qulaqlarını tapıb dovşanın başını ağzına keçirdi. Dovşandan dəfələrlə balaca olan ağzı birdən-birə böyüdü. Təqribən 40 dəqiqəyə dovşanı bütün uddu. İnandırıram, bu prosesi izləyib qurtaranacan ölüb, dirildim. Mənim bu halımı görən Pakizə xanım deyəsən vəziyyətimdən hali oldu. Və...
Və başladı izah etməyə. Amma prosesin niyə gec başa çatdığını:
- İlanların çənəsi bütöv olmur. Çənələri ortadan hər iki tərəfə ayrı-ayrılıqda tərpənə bilir, alt çənə ilə üst çənə də bitişik olmur. Ona görə də o öz başından dəfələrlə böyük qidanı uda bilirlər. Anlayıram, xoş olmayan bir mənzərədi. Bu işdə sevmədiyim tək şey bax, budu. Ölü heyvanı yeməzlər. İlanlar iy bilmir, titrəyişlə anlayırlar. Heyvan mütləq diri və isti olmalıdı.
- Heyvanlar adətən qoxu duyğuları ilə sahibini tanıyır. İlanlar iy bilmirsə, bəs o sizi necə tanıyır?
-İlan ətrafı dili vasitəsi ilə öyrənir. Dili çıxarır, çevrədəki molekullar onun dilinə yapışır. Dilini içəri salanda o molekullar vasitəsi ilə ətrafı tanıyır, hiss edir. Mən düşünürəm ki, o bu yolla məni tanıyır. Mənim çevrəmdəki molekullar artıq ona tanışdı.
- Hərdən mətbuatdan belə xəbərlər eşidirik ki, filan heyvan zooparkdan qaçıb. Heç olubdu ki, sizin ilanlar da qaçsınlar?
- Olub. Bir dəfə uzunluğu iki metr yarımlıq anakondamız qapını sındırıb qaçmışdı. Anakondalar zəhərsiz, amma çox əsəbi ilanlardı. Biz səhər doqquzda gördük ki, ilan terrariumda yoxdu. Saat onda onu hovuzların su kranları birləşən zirzəmidə tapdıq. Bədəni balaca deşikdən keçmişdi, Biz tərəfdə sadəcə quyruğu qalmışdı. Hərəmiz növbə ilə o quyruqdan tutub saxladıq ki, getməsin. Səhər ondan axşam altıya qədər ha dartdıqsa, onu ordan çıxara bilmədik. İlanlar hər hansı deşiyə girəndə özlərini yığıb balacalaşdırır, ondan sonra açılır yenə. Yəni, onu deşiyə salmaq asandı, amma çıxartmaq çox çətin. Ya da gərək özü çıxa. Sonda məcbur qalıb ona iynə vurub yatızdırdıq, bədəni boşalıb əski kimi olandan sonra çıxartdıq.
Bir qədər söhbətləşəndən sonra Pakizənin yadına düşdü ki, o biri terrariumda yaşayan pitonlara yemək verməyib. Tez o biri otağa gedib əlində qayçıya bənzəyən bir dəmirin ucunda bir ağ, bir də boz siçovulla geri qayıtdı. Ağ, solğun qəhvəyi rəngli naxışlı pitonlar da o biri piton kimi siçovulların bədənlərinə dolandılar. Dovşandan sonra daha bir ağrılı mənzərəni görməmək üçün Pakizə ilə sağollaşdım. Sevimli pitonları ilə baş-başa qoyaraq.