Vətəndaş şikayətləri səngimək bilmir – BNA NƏ DÜŞÜNÜR?  - VİDEO
08 oktyabr 2021 23:07 (UTC +04:00)

Vətəndaş şikayətləri səngimək bilmir – BNA NƏ DÜŞÜNÜR? - VİDEO

“Hazırda dayandığım yer BNA ilə üzbəüzdə yerləşən avtobus dayanacağıdır. Gördüyünüz kimi, hətta agentliyin öz qarşısında belə, ödəmə terminalı yoxdur. Amma yeganə problem bu deyil. Misal üçün, vətəndaşların bəziləri ödəmə terminallarının işləməməsindən narazıdırsa, digər qism qanunsuz cərimələrdən şikayətlənir. Bəs agentliyin özü necə, bütün bu problemlərlə bağlı nə düşünür? Bizə də maraqlıdır”.

Dayanacaqlardakı terminal çatışmazlığı, avtobuslara quraşdırılan aparatların kartdan lazımi məbləği çox gec çəkməsi, bəzən yüklənən pulun hesaba oturmaması və sair və ilaxır. BNA-nın həll etmək yerinə, başını sığalladığı, nazı ilə oynadığı bu problemlər bir xeyli şükürlüdü. Çünki cibimizə girmir, sadəcə günümüzü ağırlaşdırmaqla kifayətlənir.

Bir də bu qurumun böyük həvəslə yaratdığı güzəranımızı ağırlaşdıran problemlər var.

Məsələn, Bakı sakinlərinin dili ilə desək, “qanunsuz cərimə”lər.

“Qardaş, maşını iki saniyə saxlamalı deyil ki, cərimə eləyirlər. YPX özü deyir ki, burada saxlamaq olar. BNA gəlir, gizli çəkir. Bu düzgün deyil axı. Daha yaxşı olar ki, qanunsuz parketmələrlə bağlı işləri YPX şəxsən özü görsün”.

“Elə vaxt olur, dövlətin qanunla icazə verdiyi yerdə də saxlayanda cərimə edirlər. Bununla bağlı bir tədbir görsələr, yaxşı olar”.

Bu şəxslər isə ya avtobus daxilindəki sıxlıq, ya da dayanacaqda gözləmək ucbatından gözünün kökü saralanlar qrupuna daxildir. BNA adı gələn kimi, əsəbiləşirlər. Haqsızdırlarmı? Gəlin dərdlərini öz dillərindən eşidək.

“Misal üçün, mən Xırdalanda qalıram. 119, 135-di, mən bunlara minmək üçün səhər yeddinin yarısından gəlib dururam dayanacaqda. Çünki yeddidən sonra bu avtobuslara minmək mümkün deyil. Avtobus 3-4 dəqiqədən bir gəlir, amma adam əlindən tərpənmək olmur”.

“Avtobuslarda gecikmə var. Səhər mən 10 nömrəli avtobusa minmək üçün dayanacaqda gözləyirdim. Yarım saatdan sonra gəldi. Hətta biz sürücüdən səbəbini soruşanda üstümüzə qışqırdı ki, neyləyim, mənə də belə bir vaxt veriblər?”

“Xəzər yolunda bir çox dayanacaqlarda, hamı metroya düşmür də. Kart doldurmaq üçün olan aparatlar işləmir. Hər səhər orada bir növbə gözlənilir. Bununla bağlı orada 1003 nömrəsi qoyulub ki, şikayətlərimizi bildirək. Biz o nömrəyə zəng edib xəttə düşənə qədər dayanacağa gələn avtobuslar çıxıb gedir”.

Hələ kartına yüklədiyi pulu balansında tapa bilməyənlər də var. Məsələn, bu sakinimiz başına gələnləri sakit tonda danışa bilmir. Qınanılası da deyil, eyni vəziyyətə kim düşsə, ürək soyutmaqda tayı-bərabəri olmayan zəngin folklorumuza müraciət edər.

“Problemlərdən biri budur ki, sıxlıqdır. Çox sıxlıqdır. İt yiyəsini tanımır. Belə deyək. Bir dəfə də karta pul vurdum. Aparata yaxınlaşdırdım, “X” göstərdi. Sürücüyə çeki göstərdim. Dedilər “keç içəri”, söhbət böyüməsin”.

İnanmaq çətindi, amma xeyli axtarandan sonra şəhərdə nəqliyyat infrastrukturundan razı qalan bir nəfərlə rastlaşdıq. Məsələn, bu vətəndaşımız hələlik özünü çox məmnun hiss edirdi. Əvvəl düşündük ki, yəqin BNA əməkdaşıdı, çalışdığı qurumun möhtəşəm əsərlərinə baxıb, zövq alır. Ona görə keyfi sazdı. Bir-iki kəlmə danışmışdı ki, yanıldığımızı anladıq.

“Heç bir narazılığım yoxdur. Bilmirəm, heç nədən xəbərim yoxdur. Təzə gəlmişəm”.

Özünüz də gördünüz, paytaxtın nəqliyyat sistemi barədə nikbin düşünmək üçün gərək bakılı olmayasan. Əks halda, şəhərin bütün küçə və prospektlərindən əlibıçaqlı üstünə qaçan problemlər mütləq fürsət tapıb əhvalına soğan doğrayacaq.

İş burasıdır ki, BNA-nın yeniliklərindən də adam qorxur. Təqdim etdiyi hər yenilik növbəti bir batman dərdə çevrilir. Çox uzağa getməyək. Elə, keçən reportajımızda terminal çatışmazlığını işıqlandırarkən qurumun mətbuat xidmətinin rəhbəri, Mais Ağayev bildirmişdi ki, artıq on illik yubileyi tamamlanmaq üzrə olan onlayn ödəniş problemi nəhayət, öz həllini tapacaq. Materialın yayımlanmasından təxminən bir ay sonra isə BNA və “Bakıkart” elan verərək yeni funksiyanı əhaliyə təqdim etdi. Və...

Yeni şikayətlərin ortaya çıxdığını eşidəndə qətiyyən təəccüblənmədik. Niyə də təəccüblənək? Elə BNA-nın işi budur də... Bir problemi unutdurmaq üçün daha böyüyünü yaradır.

Onlayn ödəmə ilə yaranan problemləri şəxsən özümüz sınamağa qərar verib qurumun rəsmi saytına daxil oluruq. Girişdə bizi şərt-budaq cümləsinə oxşayan limitlər qarşılayır. İndi düşünün ki, hesabında cəmi-cümlətanı bircə manatı qalan vətəndaşımız onlayn balansartırmanın siftəsini eləyəndə minimum 1, maksimum 100 manatlıq məhdudiyyətlə rastlaşır. Bircə saniyə, məgər bu ödəmə terminallarının virtual əvəzedicisi deyil? Biz axı kontur yükləmirik, elədir? Üstəlik, bank kartı niyə ancaq böyük məbləğlər üçün işlədilməlidir?

Narazılıqların səbəbini təzə-təzə anlamağa çalışanda ekranın yuxarısındakı xoşməramlı vədlə rastlaşırıq: “Ödənilən məbləğ kartın balansına ödənişdən sonra 1 saat ərzində əlavə ediləcəkdir”.

Əsl peşəkarlıq. Ay BNA, axı ödəmə terminalının yağlı əppək olub, göyə çıxan vaxtında balansını onlayn şəkildə artırmağa çalışan vətəndaş dayanacaqda niyə 1 saat gözləməlidir? Ruzisinin dalınca qaçan yurd insanını niyə bu qədər gecikdirməlisiniz ki?

Gecikmək demişkən, ictimai nəqliyyatla bağlı tutulan iradların əksəriyyəti tıxac və gecikmə ilə bağlıdır. Haqqında dəfələrlə süjetlər hazırlanmağına, vətəndaşın narazılığına məhəl qoymayan BNA-ya ekspert rəyləri də kar eləmir.

Bunu bilirik, amma yenə də nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyevlə əlaqə saxladıq.

“Avtobusların gec-gec gəlməsinin əsas səbəbi şəhərdəki tıxaclardır. Bunun da aradan qaldırılması üçün dəhlizlər boyu avtobus zolaqları ayrılmalıdır. Çünki bu avtobusların fasiləsiz hərəkəti ilə yanaşı intervalına da təsir edən amildir. Bu problemin aradan qalxmasının yeganə həll yolu zolaqların ayrılması və ciddi cərimədir”.

İş orasındadır, əvvəl bu zolaqların çəkilmədiyindən dolayı nələrisə güzəştə getmək olurdu. Ancaq indi ki bu zolaqlar var. İndi niyə, misal üçün, 14 nömrəli avtobusun yolunu həsrətlə gözləməliyik? Niyə taksi və “Bakubus” sürücüləri döngələrdə bir-biri ilə mübahisəyə girişməlidir? O qədər cərimə hara gedir görəsən?

Ekspert onu da söylədi ki, balansartırma özəlliyi yalnız “Bakıkart” və Bakı Nəqliyyat Agentliyinin saytında yox, bütün onlayn ödəniş platformalarında əlçatan edilsəydi, sakinlərin dərdinə əlac tapılardı.

“Bakıkart sentyabr ayının sonlarında onlayn ödəniş yaratmışdı səhifə üzərindən. Bu ödəniş bank kartı vasitəsilə bir saat ərzində kartla yüklənilir. Bir manatdan yüz manata kimi yükləmək olar. İdealda çeşidli ödəniş sistemlərinin olması arzulanandır. Yəni, bank kartlarının özü ilə ödəniş olunması, telefon üzərindən ödəniş olunması, fərqli platformalardan pulun yüklənməsi və anında yüklənməsi. Bu həm də sərnişin rahatlığı və məmnunluğuna çıxaran amildir”.

GÖRÜNTÜLƏR: (Kompüterin ekranında “bakıkart” balansını artırma prosesi gedir və ekranda 1 saatlıq müddət göstərilir)

Sorğu əsnasında dinlədiyimiz çətinliklərlə bağlı BNA ilə əlaqə saxlamağa çalışdı. Ancaq necə işlədikləri telefon zənginə münasibətlərindən də aydın oldu. Bir Allah bəndəsi tapılmadı ki, zənglərimizə cavab versin.

Yəqin deyəcək sözləri də yoxdu. Amma ümidimizi kəsmir, BNA-dan daha tutarlı bəhanələr gözləyirik. Onsuz da iş görəsi deyillər.

Mir Çingiz Ağazadə,

Faiq Həsənov,

APA TV

# 2043
avatar

Oxşar yazılar