Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu gözləmədə olan insan psixologiyası ilə bağlıdır.
Hazırda ölkə gündəmində şəhidlərimiz durur. Uzun illər müharibə ölkəsi olduğumuz üçün itkin yaxınının yolunu gözləyən insanlar da çoxdur. Nümunə olaraq, Qarabağda itkin düşən döyüşçülərimizin 30 il sonra qalıqları aşkar olunaraq, ailələrinə təhvil verilir.
Maraqlıdır, itkin yolu gözləmə insan psixologiyasında hansı travmalara səbəb olur?
Bu barədə Lent.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova uzun illər yol gözləyən insanların frustrasiya olduğunu deyib:
“30 il ərzində istər itkin düşən, istər şəhid olan şəxslərin ailəsi frustrasiyaya uğrayıblar. Frustrasiya sözünün mənası özündə böyük inam hissini aşılamaqla, çətinliklərdən çıxmağın düzgün və səmərəli yollarını axtarıb tapmaq, gözləmək deməkdir.
Gözləmə mövqeyində olan insan hər zaman təşviş içində, qulağı səsdə olur. Bir balaca ona bənzəyən insan görəndə “bəlkə gəlibdi, bəlkə ünvanı bilmir burdadı” kimi düşüncələrə qapılır. Hər zaman gözləri axtarır.
Son günlər ölkə gündəmində olan şəhidlərimizdən danışsaq, bəzi ailələr var ki, o xəbəri almaq üçün qurban kəsirlər. Şəhid olmuş olsa da, bunun bir məzarı var. Deyə bilərəm ki, kiminsə gəlişini, yolunu gözləmək psixi xəstəliklərə, o cümlədən ölümcül hallara gətirib çıxarır”.