Uşaq bağçalarında ərzaqların keyfiyyəti, ərzaq çatışmazlığı və gigiyena qaydalarına riayət olunmadığı ilə bağlı önəmli məsələlər zamanla gündəmə gəlir. Onu da qeyd edək ki, bu cür iddialarla ən çox uşaq bağçaların yerli icra hakimiyyəti orqanlarının tabeliyində olanda rastlaşırıq.
Nəzarət Elm və Təhsil Nazirliyinə keçəndə çoxları buna sevindi. Təəssüf ki, bu sevinc də uzunmüddətli olmadı.
Sosioloq Əhməd Qəşəmoğlu Lent.az-a açıqlamasında bildirib ki, hazırki dövrdə həm təhsil, həm də uşaq bağçası sistemi köhnəlib və müasir tələblərə cavab vermir.
Onun sözlərinə görə, ailə ilə bağça qarşılıqlı əlaqə quraraq işləməlidir:
“İndiki valideynlər son 30 ildə formalaşıb və bu 30 il ən gərgin dövr idi. Bu dövrdə bir çox problemlər yarandı. Elə orta məktəblər, uşaq bağçaları yaradılmalıdır ki, onlar ailə ilə sıx təmasda olmalıdırlar. Ekspertlər bizi Sinqapur, Hollandiya ilə müqayisə etməyə başlayırlar. Əlbəttə ki, onların təcrübəsini də öyrənməliyik. Amma hazırda reallıq nə tələb edilirsə, onu etməliyik”.
Əhməd Qəşəmoğlu qeyd edib ki, valideyn uşaq bağça, uşağın həkimləri və müəllimləri ilə sıx əlaqədə olmalıdır:
“Bununla da hansı uşağa hansı yeməyi vermək məsləhətli olub-olmadığı da məlum olar. Valideyn də bu barədə təhsil müəssisəsinə bəyanat verməlidir. Bu sahədə ölkədə böyük bir boşluq var. Bu gün ortada olan model köhnəlib”.
Maraqlıdır, görəsən, uşaq bağçalarındakı psixoloqlar kifayət qədər öz vəzifələrini yerinə yetirə bilirlərmi?
Psixoloq Vüsalə Əmiraslanova deyir ki, oradakı psixoloqlar fəaliyyətlərini düzgün və sistematik şəkildə yerinə yetirilməlidir.
O, bildirib ki, uşaq bağçalarında bəzən psixoloqun yalnız bir uşaqla məşğul olduğunun da şahidi oluruq:
“Bu düzgün deyil. Psixoloqlar mütəmadi olaraq müəssisədəki uşaqların hamısı ilə məşğul olmalı, qrup işləri aparmalıdır. Psixoloq uşağa elə yanaşmalıdır ki, uşaqda problem yaranmamış qarşısı alınmalıdır. Uşaq bağçaya yalnız yatmaq və yemək üçün getmir.
Son vaxtlar məktəb psixoloqlarının diplomsuz şəkildə fəaliyyət göstərdiyinin şahidi oluruq. Ümumiyyətlə, bağçalarda, məktəblərdə, universitetlərdə fəaliyyət göstərən psixoloqların özü də psixoloji testlərdən keçməlidir”.
Bəs, pediatrların uşaq bağçalarındakı rolu nədən ibarətdir?
Pediatr Qoşqar İsmayılovun sözlərinə görə, hər bir müəssisədə pediatr olmalıdır.
Qoşqar İsmayılov bildirib ki, pediatrlar mütəmadi olaraq uşaqlarla maraqlanmalı, onları diqqətdə saxlamalıdırlar:
“Bu baxımdan pediatrların bağçadakı rolu əhəmiyyətlidir”.
Yuxarıda qeyd etdiyimiz kimi bu gün uşaq bağçalarındakı əsas problemlərdən biri də qidalarla bağlıdır.
Görəsən, oradakı qida menyuları necə tərtib olunur? Niyə hələ də onların bəzilərində uşaqların kənardan qida gətirilməsinə icazə verilmir?
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik.
Elm və Təhsil Nazirliyindən sorğuya cavab olaraq bildirilib ki, hazırda menyular əvvəlki qaydada tərtib edilir:
“Təhlükəsizlik baxımından bayırdan gətirilən qida və içkilərə icazə verilmir. Dövlət bağçalarının vahid məlumat bazası yaradılıb. Özəl bağçaların da bu sistemə əlavə olunması planlaşdırılır. Tərbiyəçi-müəllim vakant yerinə müsabiqə və müsahibə mərhələsi bitib. Direktorların da mərkəzləşdirilmiş şəkildə işə qəbulu planlaşdırılır. Bundan başqa yeni ildən hazırda bağçalarda çalışan heyətin diaqnostik qiymətləndirilməsi də planlaşdırılır. Regionlarda mütəmadi olaraq monitorinqlər aparılır. Aşkar edilən çatışmazlıqlarla bağlı qanuni tələblərə uyğun tədbirlər görülür”.