“Tıxacda qalmaqdan canımız qurtardı” – Yeni metrostansiyadan REPORTAJ
28 dekabr 2022 16:06 (UTC +04:00)

“Tıxacda qalmaqdan canımız qurtardı” – Yeni metrostansiyadan REPORTAJ

Bakıda daha bir metrostansiya açıldı. Özü də sərnişinlərin ən çox axın elədiyi bir istiqamətə. “Xocəsən” stansiyası Bakıda indiyə kimi gördüyümüz bütün metrostansiyalardan fərqlidir. Stansiya Lökbatan qəsəbəsi və “Sədərək” Ticarət Mərkəzi istiqamətində hərəkət edən sərnişinlərin dadına çatacaq. Və bu Bakıda nəqliyyatda mövcud olan ciddi sıxlıq probleminin həllində az da olsa yaxşı istiqamətdə iştirak edəcək.

Maraqlıdır, bəs vətəndaşlar “Xocəsən” stansiyasından necə istifadə edirlər? Qatarlar arasında olan 16 dəqiqəlik intervalından şikayətçi deyillər ki? Onlar şəhərə gəlmək üçün avtobusları üstün tutur yoxsa metronu?

Sualın cavabını öyrənmək üçün Lent.az üz tutdu “Xocəsən”ə metrostansiyasına. Vətəndaşlarla həmsöhbət olduq, onların fikirlərini öyrəndik. 

Xocəsən sakini Qənimət Qənimətli sualımıza belə cavab verdi: 

““Xocəsən” metrostansiyası fəaliyyətə başlamazdan əvvəl şəhərin mərkəzlərinə getmək üçün “Avtovağzal” stansiyasına gəlirdik, oradan da  “Əcəmi” stansiyasına keçirdik. Amma “Avtovağzala”a gəlmək bizim həm yolumuzu uzadırdı həm də çox vaxt işimizə gecikirdik”.

Q.Qənimətli bir başqa nəqliyyat vasitəsi olaraq avtobuslardan istifadə etdiklərini dedi. O, 102 və ya 130 nömrəli marşrutlarla “20 yanvar” metrostansiyasının yaxınlığına getdiklərini, oradan başqa bir avtobusa minib şəhərə gəldiklərini bildirdi. “Bu zaman biz bir neçə marşrut dəyişməli olurduq ki bu da əlavə pul xərcləməyimizə səbəb olurdu”, dedi.

Müsahibimiz “Xocəsən” stansiyasının onlar üçün daha rahat və münasib olduğunu bildirdi. “Artıq şəhərə getmək üçün bir neçə avtobus dəyişmək məcburiyyətində qalmırıq, İşimizə vaxtında çata bilirik” deyə sözünü bitirdi.

Digər bir sakin Nail Sadıqov isə “Xocəsən” stansiyası açılmadan əvvəl o da marşrut xəttindən və ya 1 manatlıq taksilərdən istifadə etdiyini lakin çox zaman yollarda olan tıxac səbəbi ilə getməli olduğu ünvana çox gecikdiyini dilə gətirdi. “Çox zaman yollarda güclü tıxaclar yaranır və bu da bizi getməli olduğumuz ünvana 30 dəqiqə və daha çox gecikməyimizə səbəb olurdu” deyən qəsəbə sakini şikayət etdi: ““Xocəsən”  metrostansiyasının açılmasın həm yollardakı tıxacların azalmasına həm də sakinlərin gediş-gəlişinə müsbət təsir edəcək”.

“Xocəsən” stansiyasında metro qatarlarının arasındakı intervalın 16 dəqiqə olmasının səbəbini öyrənmək üçün Bakı Metropoliteni Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. Söhbət zamanı bəlli oldu ki, B.Məmmədov özü də sərnişinlərin stansiya haqqında fikirlərini öyrənmək üçün tez-tez ora gedir. Stansiyanın dəqiqə intervalının 16 olmasını səbəbini isə belə izah etdi: “Hər reysdən bir metro sərnişinlərin təhlükəsizliyi üçün yoxlanılır bu da metronun bir qədər gecikməsinə səbəb olur”. B. Məmmədov gələn il bənövşəyi xəttdə daha bir stansiyanın istifadəyə veriləcəyini bildirdi. Hələlik  “B1” adlandırdıqları metro xətti “8 noyabr” stansiyasından sonrakı olacaq.

Aqil Taleh

# 4155
avatar

Oxşar yazılar