“TikTokda gördüm ki, arıqlamaq üçün ac qarına bir qarışım var onu içməliyəm. Çox təriflədilər mən də içdim. Təxminən 1 həftə sonra mədə ağrılarım başladı, özümü halsız, yorğun hiss etdim. İndiyə qədər də içdiyim o qarışımın cəzasını çəkirəm”.
Bu sözləri Lent.az-a günümüzün bəlasına çevrilən “TikTok həkimləri”nin qurbanı olmuş 25 yaşlı Aysel Qurbanova deyib.
Gənc qızın arıqlamaq məqsədi ilə içdiyi qarışımdan bir müddət sonra mədəsində ağrılar başlayıb. Kəsməyən ağrılarından sonra həkimə müraciət edən Aysel, həmin içdiyi qarışımla mədəsində xəstəlik yaratdığını öyrənib.
Məsələnin əvvəlinə qayıdaq... Yəqin ki, “Diqqət! Bu üsulla 1 aya qaraciyərinizi təmizləyin”, “1 həftəyə 10 kilo arıqlayın”, “Soğan suyu için, möcüzəvi dəyişimi görün”, “Bunları etsəniz həyatınızı dəyişəcək” tip başlıqlarla hər biriniz qarşılaşmısız. Əsas da “TikTok” istifadəçiləri…
Hər ötən gün baxış sayını daha da artıran “TikTok” sosial platforması bir növ “həkimlərin” yaylağına çevrilib. Bu şəbəkədə paylaşılan videolara hansısa qadağa yoxdur.
Elə buna görə də, izləyici sayı yığmaq məqsədi ilə demək olar ki, hər kəs sağlamlıq məsləhətləri verir. Yayılan videolarda xəstəliklərə uyğun dərman preparatları “tövsiyə” olunur, arıqladan qidalar, ürək xəstəliyinin qarşısını alacaq qarışımlar və s. dair iddialar irəli sürülür.
Necə deyərlər, belə videolar qaş düzəldəcəyi yerdə, vurub göz çıxarır...
Elə Aysel kimi neçə-neçə insan da videoların qurbanına çevrilir. Onun sözlərinə görə, haqqında danışılan videonu ilk görəndə önəmsəməyib:
“İlk dəfə deyilən arıqlama içkisi ilə tanış olanda maraqlanmadım. Düzü, inanmadım belə bir şeyin mümkün olmağına. Amma həmin videoya baxdığım üçün alqoritma onunla bağlı videoları dəfələrlə qabağıma çıxardı. Getdikcə diqqətim artdı, sonda bunu yoxlamaq qərarına gəldim. Təzə başlayanda çəkim 1-2 kilo aşağı düşdü. Sevindim, amma 1 həftənin tamamında ağrılarım başladı. Getdikcə daha da şiddətləndi. Həkimə müraciət etdikdə isə artıq mədəmdə problem yarandığını öyrəndim”.
A.Qurbanova “TikTok”dan çox istifadə edənlərə ehtiyatlı olmağı, sağlamlıqlarını göz ardı etməməklərini tövsiyə edib:
“Deyə bilərəm ki, 10 nəfərdən 9-u bu platformanın aludəçisinə çevrilib. Amma insanlara orada yayılan videolara inanmamağı, sağlamlıqlarını təhlükəyə atmamağı tövsiyə edirəm”.
Bəs, bir növ insan həyatı ilə oynayan bu platformaya hansı nəzarət tətbiq olunmalıdır?
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev tez zamanda sosial platformalarda qanunların qəbul edilməsini təklif edib:
“TikTok Çinin lahiyəsidir. Buna baxmayaraq, Çində qadağan olunub. Bunun bir çox səbəbləri var. Çox uzağa getməsək, elə qardaş ölkə Türkiyədə də sosial şəbəkələrlə bağlı qayda-qanunlar var. Yaş dövrlərinə uyğun limitlər və məhdudiyyətlər var. Artıq etiraf etmək lazımdır ki, Azərbaycanda da bu qadağalara zərurət yaranıb. Çünki bir neçə hadisələr sübut edir ki, ölkəmizdə artıq insanlar çox rahatlıqla istədikləri kəsləri söyə, təhqir edə bilirlər. Amma unutmaq olmaz ki, real həyatda olan davranışlar kimi sosial şəbəkələrdəki paylaşımlar da izlənilir. Çox yaxşı olar ki, sosial şəbəkələri əhatə edən ayrıca bir qanun qəbul olunsun.
İnsanlar sosial platformalarda paylaşılan videolarda ehtiyatlı olsunlar. Qeyri-peşəkar, qısa müddət təlim keçdikdən sonra yalan sertifikat alan həkimlər var ki, insan sağlamlığı üçün böyük təhlükədir. İnsanlarımız ayıq olmalıdır ki, belə dırnaqarası həkimlərin qurbanına çevrilməsinlər. Kifayət qədər şəxslər var ki, belə yalançı insanların qurbanına çevriliblər. Təklif edirəm ki, çox qısa müddətdə sosial platformalar üçün qanun qəbul edilsin. İnsanlar üçün maarifləndirici tədbirlər aparılsın”.
Virtual dünyanın “təbabətinə” həkimlər nə deyir?
Terapevt Abbas Bağırov bildirib ki, sosial şəbəkədə “həkimlik” adı altında türkəçarələr paylaşırlar:
“Tibbi təhsili olmayan bir qrup insanlar var ki, sosial şəbəkə vasitəsi ilə müxtəlif xəstəliklərin müalicəsi haqqında türkəçarələrlə uyğun olan-olmayan tövsiyələr verməklə məşğuldurlar. Qeyd etmək lazımdır ki, həmin tövsiyələr arzu olunmayan nəticələr törədə bilər. Bütün müalicə vasitələri və prosedurlar həkim müayinəsindən sonra tətbiq edilməlidir. Türkəçarə olsa da, həkimsiz istifadə edilən qarışım insan sağlamlığına zərər verə bilər.
Sosial şəbəkə istifadəçilərinin yaydığı bu videolar tamamilə yanlış sistemin tərkib hissəsinə daxil olan məlumatlardır. Bəzi hallarda insanlar bunları resept şəkildə götürüb tətbiq edir. Sonda da ağrılarla üzləşirlər. İnsanlara tövsiyə edirəm ki, istənilən müalicə seçimini həkim müayinəsindən sonra tətbiq etsinlər”.
Bu da belə... İndi siz qərar verin, virtual təbabət yoxsa həkim məsləhəti?