Sünnət ayini bəşəriyyətin hələ də böyük səylə icra etdiyi ən qədim adətlərdən biridir. Hazırda bu praktikanı dünyəvi dinlərdən İslam və iudaizm ardıcılları tətbiq edir.
Amma ölkəmizdə adətə çevrilən bu proses zamanla insanları öz qurbanına çevirir. Belə hadisələrdən biri də 8 yaşlı uşağın başına gəlib.
Bir il əvvəl cərrah Fuad Nəzərovun tərəfindən sünnət olunan azyaşlı səhvinin qurbanı olub. Əməliyyatdan sonra ağrısı keçməyən azyaşlı 3 gün sonra qanlar içində qalıb. Başqa bir həkimə müraciət etdikdən sonra məlum olub ki, uşağın toxumaları zədələnib.
Təqsirkar həkim isə hadisəni “Olubdur bir səhv, bunu düzəltmək lazımdır” deyərək məsələni bağlayıb.
Elə bu məsələdən sonra ortaya bir sıra suallar çıxır. Maraqlıdır, oğlan uşaqları üçün ən ideal sünnət olma vaxtı neçədir? Ümumiyyətlə, bu prosesdə hansı məqamlar diqqətdə saxlanılmalıdır?
Məsələ ilə bağlı Lent.az-a tanınmış cərrah Adil Qeybulla aydınlıq gətirib.
Onun sözlərinə görə, sünnət prosesi kütləvi proses olmadığı üçün birmənalı fikirlər yoxdur:
“Öncə onu deyim ki, sünnət prosedurunun keçirilməsi ilə bağlı birmənalı fikir yoxdur. Çünki tibbi proses kimi yalnız müsəlman və yəhudi ölkələrinə məxsusdur. Xristian dünyasında bu olmadığı üçün sünnətin konkret yaşı, metodu yoxdur.
Amma ən əsası odur ki, sünnət edilən zaman müəyyən prosedurları bilmək lazımdır. Əvvəla, sünnət zamanı monopolyar kalkulyatordan istifadə etmək olmaz. Çünki damarları yandıra bilər. Buna görə də sünnət zamanı bipolyar kalkulyatordan istifadə etmək lazımdır.
Daha sonra, prosesin aparıldığı dövrdə uşağın psixoloji durumuna ciddi nəzarət edilməlidir. Təəssüflər olsun ki, bəzən uşaqları qışqırda-qışqırda prosesi həyata keçirirlər. Valideynlər bu qışqırıqlara önəm vermir. Amma bu uşaqların gələcək həyatında çox ciddi bir travma yaradır.
Mənim fikrimcə, bu məsələ ilə bağlı əsasnamə, qayda olması vacibdir”.