İnformasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda internet məkanında kiberhücumlar aktual problemlərdən biri olaraq qalmaqda davam edir. Hər hansı bir qurumun imicinə ziyan vurmaq, onun gizli məlumatlarını, biznes sirlərini, əlaqələrini faş etmək üçün hakerlər tərəfindən aramsız virtual hücumlar təşkil olunur.
Eyni zamanda, bu nəinki dövlət qurumlarına, həm də sıravi vətəndaş hesablarına qarşı da hücumlar təşkil olunur. Bu hücumlara Azərbaycanın bir çox dövlət və özəl sektorunun veb-resursları da tez-tez məruz qalır.
Bəs belə hücumlardan və real təhlükələrdən necə qorunmaq olar?
Mövzu ilə əlaqədar Lent.az-a açıqlama verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə bildirib ki, kiberhücumlardan qorunmağın bir neçə yolu var:
”Sosial şəbəkə istifadəçilərinə sosial şəbəkə platformalarında mövcud hesablarının məxfilik və təhlükəsizlik parametrlərini gücləndirmələri tövsiyə olunur. Onlardan ən əsası hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə çətin və unikal şifrələrdən, eləcə də ikimərhələli autentifikasiyadan (iki mərhələli şifrə yoxlama) istifadə etməkləridir.
Eyni zamanda, sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olmağı, ictimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış etməyi tövsiyə edir.
Həmçinin istifadəçilər sosial şəbəkə platformalarının qaydalarına uyğun olaraq onların adına açılan saxta hesabların silinməsi üçün sosial şəbəkə inzibatçılarına müraciət edə bilərlər.
Elektron Təhlükəsizlik Xidməti istifadəçilər tərəfindən sosial şəbəkələrdən təhlükəsiz istifadə, eləcə də əməl edilməsi vacib olan kibergigiyena qaydaları ilə əlaqədar mütəmadi olaraq öz sosial şəbəkə hesablarında maarifləndirici məlumatlar yayımlayır”.