Silahı qələm olan qəhrəmanlar
07 iyul 2022 17:00 (UTC +04:00)

Silahı qələm olan qəhrəmanlar

Jurnalistika çətin sənətdir. Bunu etiraf etmək lazımdır, asan sənət deyildir. Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir. Elmlə məşğul olur, ya istehsalatda işləyir, yaxud ticarətdə işləyir, yaxud da biznesdə işləyir, fərqi yoxdur. Amma jurnalistin iş yeri yoxdur. Qəzetin redaksiyası da jurnalistin iş yeri deyildir. Çünki o, redaksiyada otursa, elə ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək, fəaliyyət də göstərə bilməyəcək. Demək, jurnalist gərək, daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi məlumatları ala bilsin və onların əsasında işlədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə də gərək biz jurnalistlərə kömək edək”.

Bu sözləri ümummilli lider Heydər Əliyev 22 mart 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatının təqdim olunma mərasimində vurğulayıb.

Ulu öndər bu sözlərlə jurnalistlərin nə qədər çətin, eyni zamanda şərəfli işdə çalışdığını çox dəqiq qeyd etmişdi. Bu şərəfli peşə həm də ən riskli sənət sahələrindən biridir. İstər müharibə olsun, istər pandemiya, istər hər hansı hadisə, jurnalist həyatını təhlükəyə atmaq bahasına olsa belə cəmiyyəti məlumatlandırmaq onun vəzifə borcudur. Qəhrəmanlar diyarı olan Azərbaycan həm də şərəfli peşəsinə sadiq olan jurnalistləri ilə fərqlənir. İstər I Qarabağ, istərsə də Vətən müharibəsi bunu bir daha bütün sübut etdi.

2020-ci ilin 27 sentyabr səhərini müharibə xəbəri ilə açdıq. Əvvəlcə Müdafiə Nazirliyinin yaydığı məlumatda hərbçilərimizin bütün cəbhə boyu əks hücuma keçmə xəbəri, daha sonra ölkə başçısının Azərbaycan xalqına müraciəti, bəzi kəndlərin işğaldan azad edilməsi xəbərini eşidəndə qələbənin yaxında olduğunu anladıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hər gün igid hərbçilərimizin düşmənin nəzarətində olan torpaqlarımızı azad etməsi doğma yurdumun da tezliklə düşmən tapdağından azad olacağının uzaqda olmadığına əminlik yaratdı.

Müharibənin ilk dəqiqələrindən Azərbaycan jurnalistləri də bu şərəfli, qürurlu tarixin hər anını ictimaiyyətə çatdırmaq üçün əlindən gələni əsirgəmədi. Müharibənin ilk günündən bir yumruq kimi birləşən Azərbaycan xalqı layiq olduğu qələbəyə çatdı, ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət, hərbçilərimizin igidliyi öz nəticəsini verdi. 2020-ci ilin noyabrın 10-da Prezident İlham Əliyev Ermənistanın siyasi rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. 30 illik işğala son qoyuldu və torpaqlarımız azad  olundu. Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanatı ilə həm də üç rayon – Kəlbəcər, Ağdam və Laçın bir güllə belə atılmadan işğaldan azad olundu. Bu torpaqların hər birində I Qarabağ müharibəsi dövründən dinc azərbaycanlıların, şəhidlərimizin qanı var. Ağdamın işğaldan azad edilməsi həm də ən böyük arzularımdan birinin həyata keçməsi idi. Hansı ki, məktəbdə oxuyanda “Yay tətilini necə keçirdin?” inşası yazanda sinif yoldaşlarım öz rayonları, kəndlərinə getməklərindən yazı yazanda, mənim belə bir şansım olmurdu. Çünki mənim kəndim viran qoyulmuşdu. Ermənilər həm də bizim uşaqlığımızı işğal eləmişdilər.

2020-ci ilin 20 noyabrında ölkə başçısı Ağdamın işğaldan azad edilmə xəbərini verəndə məhz yadıma yaza bilmədiyim inşa düşdü. Nə yaxşı ki, artıq uşaqlarımızın mənim və yaşıdlarım kimi bir travması olmayacaq.

Bu qələbə bizə asan başa gəlmədi. Bu qələbədə qəhramanlıq göstərərək bizə öz kimliyimizi qaytaran şəhidlərimizə, qazilərimizə bir ömür təşəkkür borcumuz var. Vətən müharibəsi zamanı erməni hərbi birləşmələri mülki əhalini də hədəf aldı. Onların Goranboy, Tərtər, Gəncə, Bərdəni kasetli bombalarla atəşə tutması nəticəsində  vəfat etmiş 94 nəfər mülki şəxsə şəhid statusu verilib.

Artıq işğaldan azad edilmiş ərazilər abadlaşır.  Zəfər yolunun çəkilməsi, Şuşada Vaqifin məqbərəsinin əsaslı yenidənqurmadan sonra açılışı, Füzuli rayonunda aeroportun tikilməsi, Kəlbəcər-Laçın yolunun salınması, Ağdamın Cümə məscidinin bərpasına başlanması, Zəngilanın Ağalı kəndində “Ağıllı kənd layihəsi” və bu kimi digər layihələr Qarabağın əsrarəngiz gözəlliyinin geri qaytarılacağının əyani sübutudur.

Müharibə itkisiz olmur. Təəssüf ki, istər I Qarabağ, istərsə də Vətən müharibəsində həmkarlarımız sırasında da şəhidlik zirvəsinə ucalanlar olub. I Qarabağ müharibəsi dövründə Azərbaycanın Milli Qəhrəmanları Salatın Əsgərova, Alı Mustafayev, Çingiz Mustafayev, Fəxrəddin Şahbazov, eyni zamanda  Kazımağa Kərimov, Osman Mirzəyev jurnalistika tariximizə adını qızıl hərflərlə yazdırmağı bacarıblar.

Vətən müharibəsində həmişə olduğu kimi Azərbaycan jurnalistləri də prezident İlham Əliyevin yanında idi. İstər müharibə dövründə, istərsə də torpaqlarımız azad olunandan sonra jurnalistlər həyatlarını təhlükəyə ataraq vəzifə borclarını yerinə yetirib.

Beynəlxalq Mətbuat İnstitutunun (IPI) açıqladığı hesabata görə, 2021-ci ildə dünyada 45 jurnalist peşələri ilə əlaqədar öldürülüb və ya işlərini görən zaman dünyasını dəyişiblər. Bu kimlər üçünsə statistik bir rəqəm ola bilər. Ancaq vəzifə borcunu yerinə yetirən zaman dünyasını dəyişənlərdən ikisi həmkarımız, dostlarımız oldu.

Müharibədən sonra mən və mənim kimi onlarla həmkarım işğaldan azad olunmuş torpaqlarımızdan reportajlar hazırlamışıq. Ancaq iki həmkarımız reportaj hazırladıqları o yerlərdə canlarını qurban verməli oldular. Ötən il iyunun 4-də Azərbaycan jurnalistikasının ən kədərli günlərindən biri oldu. İşğaldan azad olunan torpaqlarda vəzifə borclarını yerinə yetirən həmkarlarımız – “AzərTAC” İnformasiya Agentliyinin jurnalisti Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov Kəlbəcərin Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olublar.

Vətən Müharibəsində jurnalistika 2 yerə bölünmüşdü. Haqqın yanında və haqqın qarşısında olan jurnalistlər. Təbii ki, Azərbaycan jurnalistikası haqqın yanında idi.  Azərbaycanın maraqlarına zidd, ikili standartlarla müsahibə götürən bəzi xarici jurnalistləri faktlarla susduran isə ən birincisi Prezident İlham Əliyev idi.

Haqqı dünyaya tanıtmaq istəyən həmkarlarımız Məhərrəm və Sirac isə erməni xislətinə uyğun olan mina partlayışının qurbanı oldular. Dünyada hər il bir çox jurnalist öldürülsə də, ya da işləri ilə əlaqədar dünyasını dəyişsə də bu iki jurnalist qəhrəmanımız məhz öz torpaqlarında törədilən vəhşiliyi hər kəsə çatdırmaq üçün canlarını qurban verməli oldu.  Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. İndi onların adı müasir Azərbaycan jurnalistikasının qəhrəmanları kimi xatırlanır və yad edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanovun açıqlamasına görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan indiyədək mina partlayışları nəticəsində 225 nəfər zərər çəkib. Onlardan 39 nəfər ölüb, 186 nəfər xəsarət alıb.

Bu yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsinə təqdim olunur.

Günay Elşadqızı

# 2067
avatar

Oxşar yazılar