Sığınacaqda olan uşaqların təhsildən kənarda qalması gündəm olub.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.
K.Ağazadə bu barədə bizə belə deyib: “Özüm belə paylaşdım ki, hamı görsün, dəstək olsunlar. Sığınacaqda hazırda 22 uşaq fərdi təhsilə, 12 uşaq isə, məktəbə qədər təhsilə cəlb edilməlidir. Bəzilərinin sənədləri tam deyil, doğum haqqında şəhadətnamə var, şəxsiyyət vəsiqələri yoxdur. Bəzilərinin isə, ümumiyyətlə, sənədləri yoxdur. Elektron qeydiyyat şəxsiyyət vəsiqəsi olmadan mümkün deyil. Anası həbsxanada olan və ya valideynlərini itirən uşaqlarım var. Şəxsiyyət vəsiqəsi almaq imaknsızdır. Bunun üçün keçən həftədən Elm və Təhsil Nazirliyinə ərizə yazaraq müraciət etmişəm ki, belə uşaqlara sistemdə ayrı pəncərə açılsın, onlar təhsildən kənarda qalmasın. Hələ də cavab ala bilməmişəm. Mənim 13-14 yaşında qızlarım var. Yetəri qədər travma almış uşaqlardır, onları təhsildən kənarlaşdıraraq növbəti travmanı da vura bilmərik. ”
Azərbaycan Uşaqlar Birliyindən Elm və Təhsil Nazirliyinə göndərilən məktub nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb.
Lent.az-ın bununla bağlı sorğusuna Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən cavab verilib.
Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığına uyğun olaraq, müvafiq sənədlərinin çatışmaması səbəbindən təhsildən kənarda qalmış 22 uşağın yeni tədris ilindən təhsil almaq hüququ təmin olunacaq. Həmin siyahıda adı keçən bir qrup uşağın fərdi təhsilə cəlb edilməsi ilə bağlı da araşdırma davam etdirilir. Qısa zamanda aidiyyəti dövlət qurumları ilə uşaqların şəxsiyyətini təsdiq edən sənədlərin əldə edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.
Elm və Təhsil Nazirliyi məsələni ictimai diqqətdə saxlayan təşkilata təşəkkür edir və belə həssas məsələlərin daim diqqətdə saxlanılmasına xüsusi önəm verir.