Şagirdlər üçün yay məktəblərinin  ÜSTÜNLÜKLƏRİ
01 iyun 2021 10:38 (UTC +04:00)

Şagirdlər üçün yay məktəblərinin ÜSTÜNLÜKLƏRİ

"Bu il orta məktəblərdə tədris ili iyunun 14-də başa çatır və Təhsil Nazirliyi ayın 16-30-da ödənişsiz, könüllü əsaslarla ümumi təhsil müəssisələrində iki həftəlik yay məktəbləri təşkil edəcək".

Bunu Lent.az-a təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün həftəlik tədrisin əlavə təşkili müsbət addımıdır:

Təhsil eksperti Kamran Əsədov

"Bir məqamı qeyd edim ki, orta təhsildə ən az dərs həftəsi Azərbaycanda tətbiq olunur. Bir çox ölkələrdə hətta bizim dərs müddətindən bir ay artıq, 15 gün, 20 gün çox dərs günü tətbiq olunur. Dərs ilinin uzadılmasını normal qiymətləndirirəm. Çünki bu, bizim məktəblilərin yay tətil müddətini bir o qədər də qısaltmır. Konkret olaraq yenə də iki ay yarım məktəblilərin yay tətili qalır. Bu qərar şübhəsiz ki, dərslərə pandemiya dövrünün verdiyi fəsadlarla bağlıdır. İnsanlar narahatdır ki, iyun ayında havanın temperaturu 40 dərəcəyə qədər yüksəlir.  Amma etiraf edək ki, bu vaxtı şagirdlər evdə olmurlar. Küçədə, məhəllədə oynayırlar. Digər tərəfdən, bu yay məktəbində cədvəlin səhər saatlarında olması mümkündür".

K.Əsədov əlavə edib ki, yay məktəbi olduqca vacibdir, əhəmiyyətlidir:

"Pandemiya dövründə şagirdlərimiz istər bilik, istər fiziki və psixoloji baxımdan çox gərgin dövr keçirib. Heç kim şagirdlərimizi daş daşımağa, pambıq yığmağa, su daşımağa zorla aparmır. Uşaqlar bir il ərzində tədrisdə zəif keçirilən mövzuları təkrar oxuyacaq. Şagirdlərimizin bu vəziyyətdə yuxarı siniflərə keçmələri onlara ciddi problemlər yarada bilər".

Təhsil eksperti son olaraq təklif də irəli sürüb:

"Təklif edirəm ki, 2 həftə ərzində şagirdlər həftədə 2-3 gün yox, bütün günü dərsə gəlsinlər. Bu həm də növbəti tədris ilinə hazırlıq olar. İnanıram ki,  iyunun 30-da bağlanan məktəblər sentyabrın 1-da açılacaq".

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 2021-ci il iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur.

İyunun 30-dək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

“Yay məktəbi”nin təşkil edilməsi ilə bağlı bütün məlumatlar yerli təhsili idarəetmə orqanlarına təqdim olunacaq.

Qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar